Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2022 18:20

“Tarixi ədaləti bərpa etdik”

Əks-hücum əməliyyatları, "Dəmir yumruq", Vətən müharibəsi... - fərqli söz birləşməsi olsa da, hamısı eyni tarixə, eyni zəfərə nişanədi. Biləyinin gücü, zəkası, məğrur döyüşçüləri, həmrəy xalqı və bütün bunların ən başında dayanan Ali Baş Komandanın  siyasəti, sərkərdəliyi ilə həsrətə son qoydu rəşadətli Azərbaycan Ordusu.
Döyüşlərin ilk günündən etibarən ən müasir silahlardan istifadə edərək düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, hərbi hissələri, mövqe və bölmələri, döyüş texnikaları və təminatı sıradan çıxarılaraq iflic vəziyyətinə salındı. Xalqımıza həsrətlə gözlənilən Qələbə sevincini bəxş etdi.
"N" hərbi hissəsində İkinci Qarabağ döyüşlərində düşmənə göz açmağa imkan verməyən Spayk-LR tank əleyhinə idarəolunan raket kompleksinin (TƏİR) heyəti ilə tanış olduq. Qurğu komandiri baş çavuş Elnur Pirməmmədov şəxsi heyətin qurğu barədə nəzəri biliklərini təkmilləşdirməsi məqsədilə məşğələ keçirdi. O bildirdi ki, Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyir. İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunduğunu nəzərə çatdırdı.
- Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşunu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). Bu qurğunun bir neçə variantı vardır. Qarşınızda olan Spayk-LR tank əleyhinə idarəolunan bu raket kompleksi əsasən piyada qoşun tərəfindən istifadə olunur və ya yüngül döyüş maşınlarının üzərinə quraşdırıla bilər.
- 2016-cı ilin Aprel döyüşlərində də qurğudan işğalçıların uzunmüddətli atəş mövqelərinə zərbə vurulmasında istifadə olunub, - deyə qurğu komandiri sözlərinə davam etdi. - Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlanan İkinci Qarabağ savaşında heyətimiz düşmənə göz açmağa imkan verməyib. Biz irəliləyən döyüşçülərimizi dəstəkləmək üçün işğalçıların canlı qüvvə və texnikalarının, sığınacaqlarının, bölmələrinin, atəş nöqtələrinin koordinatlarını təyin edərək dəqiq atəşlə məhv etdik.
Söhbət zamanı baş çavuş Elnur Pirməmmədov bildirdi ki, ordumuzun qələbəsi ilə yekunlaşan əks-hücum əməliyyatları nəticəsində şəhər, qəsəbə və kəndlərimiz işğaldan azad edildi. "Dünyanın ən güclü orduları sırasında yer alan rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən, itki verərək geri çəkilməyə məcbur olan işğalçılar çirkin əməllərə əl atdılar. Onlar dinc sakinləri qadağan olunan silahlar və ballistik raketlərlə atəşə tutdular. Nəticədə azyaşlı uşaqlar, məktəbli yeniyetmələr də daxil olmaqla, yüzə yaxın mülki əhali erməni terrorunun qurbanı oldu. Bu faktlar bir daha düşmənin vandallığını təsdiqlədi. Düşünürdülər ki, belə qəddar, insanlığa sığmayan hərəkətlərlə bizim döyüş əzmimizi qıra biləcəklər. Lakin biz yolumuzdan dönmədik. Vətənpərvər oğullar xalqımızın qisasını aldı. Döyüşçülərimiz onların mifləşdirdiyi ordusunu darmadağın etdi. Şəxsi heyətin iradəsi və gücü sayəsində torpaqlarımız işğaldan azad edildi".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Elnur Namiq oğlu Pirməmmədov torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Qurğunun digər heyət üzvü baş operator əsgər Hüseyn Xəlilov Vətən müharibəsinin iştirakçısı olmasa da, həmin günlərdə vətəndaş kimi ordumuzla qürur duyduğunu bildirdi. "Hər zaman arzu edirdim ki, doğma torpaqlarımızı zəbt edən erməni vandallarından şəhidlərimizin qisasını alanlardan olum. Düşmənin növbəti təxribatının qarşısını almaq məqsədilə ordumuz Müzəffər Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladı. Və 44 gün ərzində cəsur döyüşçülərimiz Ermənistan ordusunu məhv etdilər. Şəhidlərimizin qisasını alan oğullarımız illərdir sürən işğalçılığa son qoydular. Regionun ən güclüsü olan Azərbaycan Ordusunun əsgəri olduğum üçün qürur duyuram. Mən də bu gün xidmət edən əsgər kimi Hərbi andıma sadiq qalaraq, ərazi bütövlüyümüzü və müstəqilliyimizi şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm".
Sumqayıt şəhərindən ordu sıralarına çağırılan əsgər Rəvan Babayev peşəkar komandirlərinin təcrübə və biliklərindən bəhrələnərək Spayk-LR tank əleyhinə idarəolunan raket kompleksinin (TƏİR) taktiki-texniki xüsusiyyətlərinə dərindən yiyələnib. Əsgər Rəvan Babayev əlavə etdi ki, döyüşlər vaxtı komandirlərimiz bu kompleks ilə düşmənə sarsıdıcı zərbələr endiriblər. Onların bir çox mühüm hərbi obyektlərini sərrast atəş nəticəsində məhv ediblər. "Asudə vaxtımızda baş çavuş Elnur Pirməmmədov illərdir həvəslə gözlədiyimiz Vətən müharibəsindən xatirələrini bizimlə bölüşərək, uzun-uzadı söhbətlər edər. Bildirərdi ki, döyüşlərin ilk günündən etibarən qisas hissi və torpaq həsrəti ilə böyüyüb boya başa çatan oğullar qarşısına çıxan bütün əngəlləri aşdı, düşmənə göz açmağa imkan vermədi. Tarixi ərazilərimiz ard-arda işğaldan azad edildi. Mənfurların strateji cəhətdən əlverişli yüksəkliklərdə cəmləşməsinə baxmayaraq irəliləyən ordumuzu gördükcə silahlarını atıb qaçırdılar. Bir zamanlar qoca, qadın və körpələrə silah çəkən, insanlığa sığmayan hərəkətlər edən xainlər bu dəfə çarəsiz vəziyyətdə idilər. Azərbaycan əsgərinin gücü və komandirlərimizin peşəkarlığı nəticəsində işğalçı böyük itkilərə məruz qaldı. 44 gün davam edən haqq savaşında Ermənistan silahlı birləşmələri darmadağın edildi. Haqq-ədalət bərqərar oldu. Doğma yurdumuz azad edildi. Şəhidlərimizin qisası alındı".
Qorxu bilməyən oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz tarixi torpaqlarımız uğrunda vuruşdular. Döyüşlər zamanı şəxsi heyətimizin döyüş ruhu olduqca yüksək səviyyədə idi. Hər kəs bir nəfər kimi mətin addımlarla irəliləyirdi. Nəticədə torpaqlarımızda ermənilərin 30 ilə yaxın yaratdığı sədlər, mühəndis qurğuları dağıdıldı. Çıxılmaz vəziyyətdə qalan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da rəşadətli Azərbaycan Ordusu düşməni diz çökdürərək haqq savaşımızı zəfərlə başa vurdu. Ali Baş Komandanın dediyi kimi: "Tarixi ədaləti bərpa etdik".

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"