Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2022 18:20

İlıq payız günlərinin zəfər sevinci

İkinci Qarabağ müharibəsində ordumuzun zabit və əsgərləri böyük hünər göstərdilər. Onlar əks-hücum əməliyyatlarında düşmənə  sarsıdıcı zərbələr endirdilər. Nəticədə Ermənistan ordusunun uzun illərdən bəri möhkəmləndirdiyi mövqelər darmadağın edildi. 30 ilə yaxın ermənilərin işğalında qalmış ərazilərimiz öz azadlığına qovuşdu. İkinci Qarabağ müharibəsində qazanılan bu zəfər və qələbələrdən torpaqların da üzü güldü, insanların da. Zəfərin qazanıldığı ilıq payız günlərində çöhrələrə sevinc ələndi. Bu, zəfər sevinci, qələbə sevinci idi.
Vətən müharibəsində düşmənə qarşı mayor Elnur Cavadov da vuruşub. Təcrübəli hərbçi əks-hücum əməliyyatı zamanı üzərinə düşən döyüş tapşırıqlarını Azərbaycan zabitinə xas olan şəkildə yerinə yetirib. Tabeliyində olan, qələbə əzmi ilə vuruşan əsgərlərlə birlikdə endirdiyi dəqiq atəş zərbələri nəticəsində erməni işğalçılarının neçə-neçə müşahidə məntəqəsini, döyüş mövqelərini, zirehli texnikalarını, canlı qüvvəsini məhv edib.
Polkovnik-leytenant Aqil İsmayılov onun haqqında xoş sözlər dedi: “Elnur bacarıqlı hərbçidir. Bir qayda olaraq verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirir. Şəxsi heyətlə keçirilən dərs və məşğələləri daim nəzarətdə saxlayır. Bu günə qədər xidmətdə mənimsədiyi bilik və vərdişləri gənc zabitlərə öyrətməkdən yorulmur. Elnur İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunmasında hünər göstərib”.
Mayor Elnur Cavadov 25 yanvar 1984-cü ildə İmişli rayonunun Otuzikilər kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından zabit olmaq arzusu ilə yaşayan Elnur 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Burada təhsilini uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Hərbi İnstituta (keçmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) qəbul olub. Təhsil müddətində motoatıcı ixtisasının sirlərinə dərindən yiyələnib. 2006-cı ildə "leytenant" hərbi rütbəsinə layiq görülüb. 2006-2007-ci illərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ixtisasartırma kursu keçdikdən sonra "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb.
Təcrübəli zabitin döyüş yolu Murovdağ istiqamətindən başlayıb. Bu əlverişli yüksəklikdə möhkəmlənən düşmən geri çəkilmək istəmir, ciddi müqavimət göstərirdi. Amma ermənilər Azərbaycan Ordusunun güclü əks-hücumları qarşısında çox duruş gətirə bilməyib qaçmağa üz qoydular.
İştirakçısı olduğu gərgin döyüşlərdən qısaca söz açan mayor Elnur Cavadov dedi:
- "Həyəcan" siqnalı verilən kimi cəbhə xəttinə yola düşdük. Ermənilər yeni ərazilərimizi işğal etmək üçün lap ertədən mövqelərimizə hücuma keçmişdilər. Düşmən hücumunun qarşısını almaq üçün təcili olaraq bizi Murovdağ istiqamətinə göndərdilər. Çatanda gördük ki, erməni hücumlarının qarşısını almaq üçün qanlı savaş gedir. Elə ilk döyüşdə düşmənin onlarla canlı qüvvəsini məhv etdik. Ermənilər ilk anlardan Azərbaycan zabitinin, Azərbaycan əsgərinin gücünü hiss etdi. Beləcə, uğurlu döyüşlərimizin bünövrəsi qoyuldu. Əks-hücum əməliyyatlarında şəxsi heyət üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldi. Bir müddətdən sonra komandanlığın əmri ilə taborumuz Suqovuşana göndərildi. Ermənilər böyük strateji əhəmiyyəti olan bu yaşayış məntəqəsindən geri çəkilmək istəmirdilər. Amma biz döyüşə-döyüşə erməniləri buna məcbur etdik.
Vətən müharibəsində göstərdiyi igidlik və şücaətə görə mayor Cavadov Elnur Cəmil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Mayor Elnur Cavadovun ailəsində iki övladı böyüyür. Onlar atalarının qəhrəmanlığı və igidliyi ilə fəxr edirlər. Düşünürəm ki, yalnız valideynləri, yaxınları deyil, vətənpərvər zabiti tanıyanların hamısı onunla öyünəcək və həmişə ünvanına xoş sözlər deyəcəklər. İlıq payız zəfərinin sevinci isə onun yaddaşından heç vaxt silinməyəcək.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"