İkinci Qarabağ müharibəsi mahiyyəti etibarilə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentləri və Ermənistanın Baş naziri üçtərəfli Bəyanat imzaladılar. Bu Bəyanat Azərbaycan Ordusunun qalibiyyət, Ermənistan Ordusunun məğlubiyyət sənədi idi. Bu Bəyanatın şərtlərinə əməl etməyən Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar törətməyə davam edirdi.
Sentyabrın 12-14-ü tarixlərində də Kəlbəcər, Laçın və Daşkəsən istiqamətlərindən düşmən növbəti təxribata əl atdı. Lakin ordumuzun bölmələri yenə də təxribatın qarşısını qətiyyətlə alaraq, düşmənə dərsini verdi. Bu döyüşlər də Azərbaycan Ordusunun döyüş əzminin, qələbə ruhunun döyüşləri kimi tarixləşdi. Düşmən ağır itkilərə məruz qaldı, onlarla döyüş texnikası, dayaq məntəqəsi, hərbi hissəsi məhv edildi. Yüzlərlə hərbi qulluqçusunu itirən düşmən geri çəkilməyə məcbur oldu...
Döyüşlərdə ordumuzun yaralanmış hərbi qulluqçuları hospitallarda müalicə olunurlar. Dövlət başçısı, Müdafiə Nazirliyinin rəhbərliyi, ictimaiyyət onların müalicəsini böyük həssaslıqla diqqətdə saxlayır. Ayrı-ayrı dövlət və ictimai təşkilatların nümayəndələri onlara baş çəkir, tez sağalmalarını arzulayırlar.
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar Təşkilatının nümayəndələri sentyabr döyüşlərində yaralanmış hərbi qulluqçulara baş çəkib. Yaralılarla söhbət zamanı təşkilatın sədri Zakir Mövsümov bunu mənəvi borcödəmə adlandırıb.
- Siz düşmənin növbəti təxribatının qarşısını alanda yaralanmısınız. Mərdlik döyüşündə yara alanların hamısı hamımızın əzizidir. Siz də əminsiniz ki, üçtərəfli Bəyanata əməl etməyən məğlub Ermənistan qalib Azərbaycanın ərazilərində təxribat xarakterli addımlar atmaqla, heç nəyə nail ola bilməyəcək. Ermənistan unudur ki, cəsarət edib Azərbaycana qarşı təxribata meyillənsə, qüdrətli Azərbaycan Ordusu qarşısını bundan sonra daha da qətiyyətlə alacaq. Ermənistan silahlı qüvvələrinin təxribatı sentyabr döyüşlərində də dəf edildi. Əks-hücumla geri çəkilən düşmən xeyli hərbi itkiyə məruz qaldı. Siz qətiyyətlə döyüşdünüz. Döyüşünüzlə təsdiqlədiniz ki, Azərbaycan Ordusu ərazilərimizi qorumağa qadirdir, - təşkilatın sədri Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında yaralılara belə deyib.
Yaralılar bu gəlişi könül xoşluğu ilə qarşılayıblar.
Təşkilatın sədri hospitalın rəhbərliyinə minnətdarlığını bildirib, yaralılara müalicə olunaraq Vətənə hərbi xidmətlərini davam etdirmələrini arzulayıb.
"Azərbaycan Ordusu"