Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2022 10:00

Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2022-ci il üçün təsdiq etdiyi Azərbaycan Ordusunun hazırlıq planına əsasən, hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışları keçirildi.
Müxtəlif qoşun növlərindən və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmə bacarıqlarını sınadılar. Müəyyən olunmuş məsafənin qət edilərək təyin olunan nöqtələrin tapılması prosesinin icrası fərdi və komanda şəklində həyata keçirildi.
Kişi hərbi qulluqçular yüksək fiziki hazırlıq və səmti müəyyənetmə bacarığı nümayiş etdirərək 7.1 km məsafəni qət edib təyin olunan 14 nöqtəni, kişilərdən heç də geri qalmayan təcrübəli qadın hərbi qulluqçular isə müsabiqənin şərtlərinə uyğun olaraq 5.3 km məsafədə 11 nöqtəni aşkar etdilər.
Hər il olduğu kimi, bu il də yarışlar beynəlxalq standartlara uyğun həyata keçirildi. Gərgin, sağlam rəqabət şəraitində keçən yarışların nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndirildi.
Mərhələləri hamıdan tez və dəqiq başa vuran hərbi qulluqçuların təntənəli mükafatlandırılması mərasimi keçirildi.
Mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Teymur Nəzərov Azərbaycan Ordusunda keçirilən müxtəlif növ yarış və birinciliklərin vacibliyindən söz açdı. "Döyüş və fiziki hazırlığın yüksəldilməsi, hərbi qulluqçular arasında sağlam rəqabət hissinin artırılması məqsədilə müxtəlif idman növləri üzrə keçirilən yarışlar yuxarı komandanlığın diqqət mərkəzindədir. Ötən illərdə sıralarımızda yarışanlardan Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərənlər də olub. Bu bir daha sübut edir ki, keçirilən yarışlar hərbi qulluqçularımızın döyüş hazırlığının yüksəldilməsinə təkan verir. Düzgün rəqabəti sevən, özünü təkmilləşdirərək bilik və bacarığını peşəkar səviyyəyə çatdıranlar çoxdur. Builki yarışlar hakimlər komissiyası üçün çətin oldu. Çünki hər bir iştirakçı yüksək peşəkarlıq nümayiş etdirdi. Hiss olunurdu ki, iştirakçılar ciddi hazırlıq prosesi keçiblər. Bu, çox sevindirici haldır. Qalibləri təbrik edir, digər iştirakçılara gələcək yarışlara daha ciddi hazırlaşmaqları məsləhət görürəm. Hər yarış təcrübə, hər təcrübə qələbəyə bir addım yaxınlaşmaq deməkdir. Bəzi ideallar o qədər dəyərlidir ki, o yolda məğlub olmaq belə zəfər sayılır. Çünki bu gün qələbə qazananlar xidmət yoldaşlarınız, silahdaşlarınızdır".
Zabitin çıxışından sonra qaliblər mükafatlandırıldılar. Yarışın yekun nəticəsinə əsasən, Quru Qoşunları komandası qalib gələrək birinci, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandası ikinci, Hərbi Hava Qüvvələrinin komandası isə üçüncü yerə layiq görüldülər.
Fərdi şəkildə qadın hərbi qulluqçular arasında mayor Cəmilə İrəfiyeva birinci, kiçik çavuş Pərvanə Heydərova ikinci, əsgər Məryəm Ziyadxanova üçüncü, kişi hərbi qulluqçular arasında isə kiçik çavuş Dilqəm Əhmədov birinci, kapitan Xəqani Əsgərzadə ikinci, çavuş Zaur Gülqasımov üçüncü yerə layiq görüldülər.
Qaliblərə fəxri fərman və medallar təqdim olunduqdan sonra xatirə şəkli çəkdirildi.
Səmti müəyyənetmə yarışını qalibiyyətlə başa vuranların sevincinə şərik olmaq üçün həmsöhbət olduq.
Mayor Cəmilə İrəfiyeva:
- Hərbi qulluqçu üçün fiziki hazırlıq önəmli amildir. Əldə olunan fiziki göstəricilərin yüksək səviyyədə qorunub saxlanılması üçün illik döyüş hazırlığı planına əsasən tədbir və təlimlər nəzərdə tutulur. Səmti müəyyənetmə üzrə birincilik də bu qəbildən keçirilən yarışlardandır. Hərbi qulluqçular müəyyən vaxt ərzində təyin olunmuş ərazidə yerləşən nöqtələri xəritə və kompaslar vasitəsilə aşkar etməlidirlər. Bu nöqtələr bir-birindən fərqli məsafələrdə yerləşdiyi üçün yüksək fiziki hazırlıq gərəkdir. Nəticədə bütün hədəfləri aşkar edərək, ən qısa vaxt ərzində finişə çatan hərbi qulluqçu fərdi qaydada birincilik qazanır. Sevincliyəm... Çünki qadınlar arasında keçirilən yarışın qalibi mən oldum. Qazandığım hər uğurdan motivasiya alıram.
Kiçik çavuş Dilqəm Əhmədov:
- Bu yarışlarda iştirak etməyin özü bir qələbədir. Çünki 7.1 km məsafəni qət etmək, 14 nöqtəni tapmaq iradə, fiziki hazırlıq, səbir və peşəkarlıq tələb edir. Düşünürəm ki, iradə göstərib yarışı sona qədər başa vuran hər bir iştirakçı qalibdir. Onu da qeyd edim ki, hərbi qulluqçuların müxtəlif yarışlarda iştirakı əvəzsiz rola malikdir. Onların Azərbaycan Ordusunda keçirilən turnirlərdə əldə etdiyi nailiyyətlər digərləri üçün əlavə stimul yaradır.
Kapitan Xəqani Əsgərzadə:
- Həyat keşməkeşlərlə doludur. Həyatın müəyyən mərhələsində düçar olduğumuz uğursuzluqlar bizləri motivasiyadan salmamalı, uğur qazananadək mübarizə aparmalıyıq. Çünki hər uğursuzluqda bir qələbə arzusu yatır. Əmin olun ki, qələbə ürəkdən istəyənlərindir. Bu gün mənim qaliblər sırasında olmağımın iki səbəbi var. Birincisi, əzmkar mübarizə və bu mübarizəyə qədər gərgin hazırlıq, ikincisi isə, hər zaman həyatda üzləşdiyim uğursuzluqlardan nəticə çıxararaq qələbəni ürəkdən arzulamağım oldu. Mən də öz növbəmdə bütün qalibləri və iştirakçıları təbrik edirəm.
Kiçik çavuş Pərvanə Heydərova:
- İlk dəfə hərbi forma geyinəndə hiss etdim ki, bu, mənlikdir. Pafoslu çıxsa da deyim ki, həyatda heç nə Vətənə xidmət etmək, onun keşiyində durmaq qədər qürurverici deyil. Çünki Vətən o qədər şirin bir məfhumdur ki, onun uğrunda candan keçmək belə insana xoşdur. Canını versən belə məsuliyyəti əldən verməməlisən. Səhv bir addım, səhv bir qərar torpağına, millətinə xələl gətirə bilər. Torpağımı sevdiyim qədər işimi də sevirəm. Qısacası hərbçi olmağı arzuladım, sonra sevdim, indi isə aşiqəm. Bu sevgiylə də səmti müəyyənetmə yarışlarına qatıldım. İkinci yerə layiq görüldüm. Söz verirəm ki, növbəti müsabiqənin birincisi mən olacağam.
Çavuş Zaur Gülqasımov:
- Müsabiqələr, sınaqlarla dolu bir həyatda yaşayırıq. Hər zaman uğur qazanmaq, qalib olmaq arzusu ilə özümüzü təkmilləşdiririk. Müvəffəqiyyət qazanmağın formulu özünü təkmilləşdirməkdirmi? Məncə, xeyir. Uğur qazanmağın yeganə yolu inanmaqdır. Bu gün mən keçirilən yarışlarda 3-cü yerə layiq görüldüm. İnandım, inanaraq mübarizə apardım. Düşünürəm ki, bacardım. Birinciliyə gedən yoldayam.
Əsgər Məryəm Ziyadxanova:
- Hansı peşənin mənsubu olursansa-ol, peşəkar olmalısan. Bu sözləri valideynlərimdən tez-tez eşidərdim. Bu səbəbdən də hərbi xidmətim zamanı ən yaxşıların sırasında olmağa çalışıram. Qatıldığım bütün müsabiqələrdə qalibiyyət üçün mübarizə aparıram. Çünki inanıram ki, günlərlə, aylarla, illərlə çəkdiyim zəhmət bəhrəsini verəcək. Şükürlər olsun ki, bu yarışda da təcrübəli, peşəkar və bacarıqlı iştirakçılar arasında 3-cü pillədə qərarlaşdım.
Qaliblərlə söhbətləşdikcə əməkdar rəssam Rəfael Muradovun müsahibəsini xatırlayıram: "Həyatın rəngləri elə həyatın özündədir. Baharda yaşıl, qışda ağ və s. Hər kəs həyatı öz duyğularının rəngində görür". Yarışlarda iştirak edən qaliblərin fikirlərindən bir daha anlayırıq ki, Vətən torpağını həyat rəngi bilənlər qarşıya  qoyulan istənilən tapşırığı layiqincə icra etməyə hazırdır.

Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"
fotolar Namiq PƏNAHOVUNDUR