Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2022 10:00

Canımızı qurban verərik, amma düşmənə bir qarış torpaq vermərik!

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətmək cəhdlərinin qarşısı alındı. Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü. Təxirəsalınmaz tədbirlər nəticəsində baş verən döyüşdə ordumuz qarşı tərəfi bir daha uğursuzluğa düçar etdi. Qarşı tərəfin atəş nöqtələri, döyüş texnikaları, mövqelərimizə soxulmaq istəyən xeyli sayda canlı qüvvəsi məhv edildi.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüşlərdə yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüb onların düşüncələrini öyrəndim. Hərbi qulluqçular hər zaman olduğu kimi, bu günlərdə də dövlətimizin onlardan diqqət və qayğısını əsirgəmədiyini bildirdilər. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyətinin görüşə gəlməsini xüsusi vurğuladılar. Bu görüşün onlara ruh yüksəkliyi aşıladığını və mənəvi dəstək olduğunu dilə gətirdilər.
Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyətinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşü oldu. Onların səhhəti və reabilitasiya prosesi ilə maraqlandı, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu etdi. Nazir, həmçinin yaralı hərbi qulluqçularımıza göstərilən xidmətin daha keyfiyyətli təşkil olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verdi.
Görüşdən məmnun olan hərbi qulluqçuların dediyi xoş sözlər, Azərbaycan Ordusunda şəxsi heyətə yüksək diqqət göstərildiyinin bariz göstəricisidir. Vətən müdafiəçiləri, həmçinin hospitalın tibbi personalından da razılıq etdilər.
Həmsöhbətim gizir Vüqar Abbasov uzun illərdir ordu sıralarında xidmət edir. Təcrübəli gizir xidməti dövründə ixtisasına uyğun olaraq bir neçə dəfə qardaş Türkiyə Respublikasında keçirilən təkmilləşdirmə kurslarında iştirak edib. İkinci Qarabağ müharibəsinin də iştirakçısıdır. 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub. Hal-hazırda komando hərbi hissələrindən birində xidmətini davam etdirir. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən düşmən snayperinin açdığı atəş nəticəsində sağ qolunun bilək nahiyyəsindən yaralanıb. Müalicəsinin uğurla davam etdiyini deyən Vüqar tez bir zamanda tam sağalaraq xidməti yerinə qayıdacağını bildirdi. "Öz xain xislətlərindən əl çəkməyən qarşı tərəf onsuzda mütəmadi olaraq atəşkəsi pozurdu. Həmin gecə isə genişmiqyaslı təxribata əl atdı. Lakin ordumuzun ayıq-sayıqlığı nəticəsində təxribatları uğursuz oldu. Layiqli cavablarını alaraq geri çəkildilər. Xeyli sayda silah, texnika və canlı qüvvə itirdilər. Torpaqlarımızı hər kəs canı bahasına müdafiə edirdi. Ətrafımdakı silahdaşlarımın hamısı yüksək döyüş bacarığı, mübarizlik nümayiş etdirirdi. Təəssüflər olsun ki, şəhid olan yoldaşlarımız da oldu. Allah bütün şəhidlərimizin ailəsinə səbir versin. Qoy bilsinlər ki, qisaslarını artıqlaması ilə aldıq. Səhhətimlə bağlı isə hər şey qaydasındadı. Yaralarım sürətlə sağalır. Göstərdikləri diqqətə və qayğıya görə hospitalın kollektivinə minnətdarlığımı bildirirəm. Onların sayəsində tezliklə xidməti yerimə qayıdacağıma inanıram".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəriman Adışlı da Vətən keşikçisidir. O da həmin gecə baş verən döyüşdə mərdliklə vuruşub.  Sol ayağından güllə yarası alıb. Nəriman həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də ordumuz əks-hücum əməliyyatlarına başlayanda ürəyi Vətən sevgisi ilə döyünən hər kəs kimi, o da döyüşlərə qatılmaq üçün könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Füzuli, Xocavənd istiqamətində döyüşlərdə bədəninin müxtəlif nahiyyələrindən qəlpə yarası alıb. Dövlət başçısı tərəfindən Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Şanlı qələbəmizdən ilhamlanaraq hərbi xidmətini davam etdirmək qərarına gəlib. "Qürurluyam ki, tarixi zəfərimizdə pay sahibi olmuşam. Döyüşlər başa çatandan sonra rəşadətli ordumuzun sıralarında qalıb xidmətimi davam etdirdim. Bu mənim üçün böyük sevincdir. Peşəmə sonsuz sevgi ilə bağlıyam. Vətəni qorumaq, onun keşiyində dayanmaq ən şərəfli və qürurlu işdir. Erməni silahlı birləşmələrinin son genişmiqyaslı təxribatları bir daha göstərdi ki, biz istənilən təxribatın qarşısını artıqlaması ilə almağa hər an hazırıq. Hər birimiz Ali Baş Komandanın və xalqımızın diqqət və qayğısından, bizə bəslənən etimaddan, sevgidən güc alırıq. Bir neçə müddətdir ki, hospitalda müalicə olunuruq. Hərbçilərə qarşı olan xüsusi rəğbəti burada da hiss edirik. Müdafiə Nazirliyinin rəhbərliyi, icra hakimiyyətinin nümayəndələri və digər vətəndaşlarımız mütəmadi olaraq bizi ziyarət edir, səhhətimizlə maraqlanırlar. Eynilə günaşırı hospitalın rəhbərliyi və həkim kollektivi də bizə baş çəkirlər. Bir sözlə, müalicəmizə ciddi diqqət göstərilir və daim nəzarətdə saxlanılırıq. Belə diqqət və qayğının nəticəsində tam sağalacağımıza əminik. Zəhmətimizi çəkən bütün həkimlərimizə təşəkkürümü bildirirəm. Onların bizə doğma münasibəti yaralarımıza məlhəm olur".
Təxribatın qarşısını alan igidlərimizdən biri də gizir Yusif Yunsurovdur. Yusif Cəlilabad rayonunda anadan olub. 2017-ci ildə əsgəri xidmətə yollanıb. Hərb peşəsinə olan xüsusi rəğbəti və sevgisi xidmət zamanı daha da möhkəmlənib. Vətənpərvərliyi ilə bütünləşən bu sevgi onu ordu sıralarında qalmağa müyəssər edib. Gizir hazırlığı kursunu keçərək şərəfli peşə sahiblərindən olub. Sentyabrın 12-dən 13-ə keçən gecə baş verən döyüş toqquşmasında bədəninin müxtəlif nahiyyələrindən çoxsaylı qəlpə yarası alan Yusif dedi ki, həmin gecə ermənilər mövqelərimizi atəşə tutaraq qəfil hücuma keçməyə cəhd etdilər. "Hər gün olduğu kimi, həmin gecə də normal qaydada xidmətimizi davam etdirirdik. Döyüş növbətçiliyi təşkil olunmuş, digər şəxsi heyət isə istirahətdə idi. Növbədə olan heyət qarşıdakı mövqelərdə hərəkətliliyin olduğunu məruzə etdi. Bu vaxt gözlənilmədən qarşı tərəf bizi atəşə tutmağa başladı və hücuma keçdi. Növbədə olan heyətin ayıq-sayıqlığı nəticəsində təxribat cəhdindən vaxtında xəbərimiz oldu. Tez həyəcan siqnalı ilə şəxsi heyət qaldırıldı. Silahlanaraq mövqelərdə yerlərimizi tutduq. Əsgərlərimizin çevikliyi, cəldliyi və şücaəti nəticəsində düşmən ağır itkilər verərək geri çəkildi. Təəssüf ki, döyüşlər zamanı mən də yaralandım. Hal-hazırda özümü yaxşı hiss edirəm. Müalicəm uğurla davam edir. Sağolsun həkimlərimiz, bütün biliklərini səfərbər edib bizi sağaldırlar. Tezliklə sağalmağımıza kömək olan səbəblərdən biri də dövlətimizin, ordu rəhbərliyimizin və xalqımızın bizə mənəvi dəstəyidir. Onların bizimlə görüşə gəlmələri, səhhətimizlə yaxından maraqlanmaları bizə mənəvi güc verir. Dövlətimizlə, ordumuzla, xalqımızla fəxr edirik".
Hər kəs də sizin kimi mərd oğullarla öyünür. Sizin qəhrəmanlığınız dillərdə dolaşır. Hamı düşmənə layiqli cavab verərək torpaqlarımıza keçilməz sədd olduğunuzdan ağızdolusu danışır. Dövlət də, xalq da ordusuna sonsuz güvənir, inanır. Bu inamı rəşadətli ordumuz Aprel və Günnüt zəfərlərində, Tovuz döyüşlərində, İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi ilə təsdiqlədi. Bu gün də ayıq-sayıq xidmətləri ilə erməni silahlı birləşmələrinin təxribat cəhdlərinin qarşısını layiqincə alaraq, torpaqlarımızın keşiyində mətin dayandıqlarını, düşmənə yıxılmaz qala olduqlarını bir daha göstərdilər.
Bu qürurlu hissləri xalqımıza yaşadan mərd oğullardan biri də kiçik çavuş Maqsud Əliyevdir. Erməni silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən gözündən və ayağından qəlpə yarası alıb. İki övlad atası olan Maqsud “Vətən yolunda canım da fədadır” - deyir. "Bu hər kəsə bəllidir ki, xəstənin tez sağalması həkim müalicəsi ilə yanaşı, onun əhvalından da asılıdır. Bizim də əhval-ruhiyyəmiz çox yüksəkdir. Həm də qələbə ruhundayıq. Təxribatçıları məğlubiyyətə uğratdıq, məhv etdik. Şəhidlərimizin qisasını artıqlaması ilə aldıq. Müdafiə Nazirliyinin rəhbərliyinin bizimlə görüşə gəlməsi, qayğılarımızla maraqlanması mənəvi-psixoloji vəziyyətimizi daha da yüksəldir. Belə görüşlər Ali Baş Komandanımızın diqqətinin daim üzərimizdə olduğunu göstərir. Hospitalın peşəkar həkimlərinin də köməyilə tezliklə sağalıb xidməti yerlərimizə qayıdacağıq. Gözümdən və qolumdan yaralanmışam. Biz Vətən qoruyucularıyıq. Bu müqəddəs vəzifələrimiz üçün nəyinki gözümüz, əl-qolumuz, canımız da qurbandır".
Bax, budur, vətənpərvərlik. Budur, Azərbaycan əsgərinin mərdliyi, igidliyi, döyüş ruhu. Hər birinin yumruq boyda ürəklərində cahana sığmayan sevgi yatır. Bu sevgi Vətənə, xalqa, dövlətə olan sevgidir. Cəng meydanında düşmənə qan udduran Azərbaycan zabitinin, əsgərinin döyüş əzmi bu sevgidən güc alır.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İlknur Əliyev də Vətəninə sonsuz sevgi bəsləyən hərbçilərimizdəndir. O da torpaqlarımızın keşiyində qürurla, inamla xidmət edir. Baş verən xain təxribat nəticəsində İlknur da şücaətlə döyüşüb. Bədəninin müxtəlif nahiyyələrindən qəlpə yarası alıb. Digər silahdaşları kimi, o da hospitalda göstərilən diqqət və qayğıdan razılıq etdi. "Hospitala gətiriləndə vəziyyətim ağır idi. Artıq yaralarım sağalmaq üzrədir. Buranın bütün kollektivinə minnətdarıq, onların sayəsində gündən-günə daha da yaxşılaşırıq. Müdafiə nazirimizlə görüşümüz yaddaqalan oldu. Səmimi ünsiyyəti, doğma münasibəti, qayğılarımızla maraqlanması bizə ruh yüksəkliyi aşıladı. Həm də bir daha əmin olduq ki, dövlətimizin diqqəti hər zaman bizim üzərimizdədir. Bu qayğı da bizə yüksək mənəvi güc verir və tez vaxtda sağalmağımıza kömək olur. Qoy düşmən bilsin ki, Azərbaycan oğulları torpaqlarını canı bahasına qoruyur, Vətənin keşiyində möhkəm dayanırlar. Canımızı qurban verərik, amma düşmənə bir qarış torpaq vermərik!"

Mahmud MÖHBALIYEV  "Azərbaycan Ordusu"
fotolar Coşqun CƏFƏROVUNDUR