Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2022 15:20

Fiziki cəhətdən sağlam əsgər hər döyüş tapşırığına hazırdır

Hərbi hissənin idman şəhərciyində böyük canlanma var idi. Gənc əsgərlər zabitin rəhbərliyi altında buradakı müasir qurğu və avadanlıqlarda məşq edirdilər. Bir az yaxınlıqda dayanıb onların fiziki hazırlıq məşğələlərini izləyirik. Hiss olunur ki, gənc əsgərlər qısa müddət ərzində zəruri vərdişlərə yiyələniblər. Onlar verilən tapşırıqların tələblərinə uyğun olaraq turnikdə dartınır, paralel qollarda müxtəlif çevik hərəkətlər edirdilər.
Fiziki hazırlıq məşğələsinə nəzarət edən kapitan Müşfiq Əliyevlə həmsöhbət olduq. Vətən müharibəsinin iştirakçısı olmuş, müxtəlif medallara layiq görülmüş kapitan dedi ki, gənc əsgərlərə məşğələ keçmək, onların fiziki hazırlığını artırmaq çox məsuliyyətli vəzifədir. Bildiyiniz kimi, fiziki hazırlıq məşğələsi döyüş hazırlığının tərkib hissəsidir. Heç kimə sirr deyil ki, istənilən an verilən əmr və tapşırıqları yerinə yetirən əsgər hər şeydən əvvəl cəld və çevik olmalıdır. Cəld olmalıdır ki, döyüş əmrini yerinə yetirəndə təyin olunmuş nöqtəyə vaxtında çatsın. Taktiki-texniki xüsusiyyətlərini mükəmməl şəkildə öyrəndiyi silahla düşmənin istənilən təxribatının qarşısını bir göz qırpımındaca ala bilsin. Buna görə də komandanlıq əsgərlərin fiziki hazırlığı məşğələlərinə böyük önəm verir. Ötən həftələr ərzində gənc əsgərlər idman qurğularında müvafiq tapşırıqları yerinə yetirməyi mükəmməl öyrəniblər. Ona görə də tapşırıqlar qüsura yol vermədən, cəld hərəkətlərlə icra olunur. Deməli, onlar təkcə idmanda deyil, başqa sahələrdə də uğurlar qazanacaq, xidmət müddətində daha da böyük inamla addımlayacaqlar.
- Kiçik yaşlarımdan hərbi həyata, idmana böyük həvəs göstərmişəm, - deyə əsgər Orxan Nəcəfli söhbətimizə qoşuldu. – Orta məktəbdə həm çağırışaqədərki hazırlıq fənnini dərin maraqla öyrənir, həm də məktəblilər arasında keçirilən “Şahin”, “Üfüqdə parıltı”, “Cəsurlar” hərbi idman oyunlarında fəal iştirak edirdim. Təmsil etdiyim komanda üzvləri həmişə yüksək göstəricilərə nail olur, uğurlar qazanırdı. İştirak etdiyim bu yarışlar hərbi sahəyə olan sevgimi daha da artırır, vətənpərvərlik hissimi daha da yüksəldirdi. Hərbi vətənpərvərlik yarışlarında iştirak edə-edə xeyli təcrübə qazandım, hərbi vərdişlərə yiyələndim. Qazandığım təcrübə fiziki hazırlıq məşğələlərində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində köməyimə gəlir.
Daha sonra həmsöhbət olduğum gənc əsgərlər verilən tapşırıqları böyük həvəslə yerinə yetirəcəklərini, hərbi sirlərə dərindən yiyələnəcəklərini və yurdumuzu göz bəbəkləri kimi qoruyacaqlarını dedilər.

Vahid MƏHƏRRƏMOV “Azərbaycan Ordusu”