Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2022 15:20

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Vətəni qorumaq şərəfdir. Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi.

Suallar:

1. Vətəni qorumaq şərəfdir.

2. Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi.

Vətəni qorumaq şərəfdir

Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası dceyil. Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa Vətən deyilir. Vətən azadlıqdır. Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Vətən xalqın qorunması üçün vacib müqəddəs dəyərlərindən biridir. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi inancla, imanla olmalıdır.
Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı Vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də Vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləçirik. Vətən həyata havasını tənəffüslə başladığımız yerdir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbiristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını suyunu sevmək deməkdir.
Vətənimiz Azərbaycana hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə Vətənimiz Azərbaycanın düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlişini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, Vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını təmin etməyə çalışmaqdır.
Ata-babalarımızdan  əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl Azərbaycanımızı, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillər ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki Azərbaycan hər nə bahasına olursa-olsun, müdafiə etmək məcburiyyətində olduğumuz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan millətimizin üzərində yaşadığı torpaqdır.
Azərbaycan strateji cəhətdən əlverişli mövqedə yerləşməklə yanaşı, iri həcmdə təbii sərvətlər ehtiyatına sahibdir. Buna görə ölkəmizi ələ keçirməyə çalışan qüvvələr həmişə fürsət axtarırlar. Tarixin ayrı-ayrı dönəmlərində Azərbaycan həmişə yadellilərin hücumuna məruz qalıb. Lakin torpaqlarının müdafiəsini hər şeydən üstün bilən atalarımız Vətənimiz Azərbaycanı canları bahasına qoruyub bizə əmanət ediblər. Verilən vədə əməl etmək lazımdır, bu bizim dinimiz, inancımız, insanlığımız gərəyi üzərimizə yüklədiyimiz ən ali və müqəddəs vəzifə olmalıdır. Çünki min illərdir hakimiyyətimizi davam etdirdiyimiz bu torpaqları gələcəyə aparmaq lazımdır, onu başqa xalqların əsarəti altına atmaq insanlığa sığmaz. Heç bir halda Vətənin müfadiəsindən geri çəkilməməliyik, ən çətin anlarda belə bayrağımızı yüksəkliklərə qaldırmağı, ölkəmizin adının ən yaxşıların sırasında çəkilməsi naminə ən ağır şəraitlərdə belə çalışmaqdan geri durmamalıyıq. Hər birimiz Vətənimiz Azərbaycanın könüllü əsgərləriyik. Biz Vətənimiz Azərbaycana xidmət borcunu bu torpağa olan mənəvi borc kimi verməliyik. Biz həyatımızın sonuna kimi Vətənimiz Azərbaycana borcluyuq. Azərbaycan bizim qürur yerimizdir. Vətənini düşünən hər bir insan üçün vətənpərvərlik bir ideologiya olmalıdır. Milli şüura sahib olmaq Vətənə məhəbbətdən qaynaqlanır.
Əcdadlarımızın mirasına sahib çıxaraq 44 günlük Vətən müharibəsində bütün dünyaya birliyimizi, Vətənimiz Azərbaycana olan sevgimizi göstərdik. Vətən sevgisi ilə mayalanmış igidliklə reqion üçün təhlükə mənbəyi olan münaqişənin uğurla və ədalətlə həll edilməsi cahana Azərbaycan adlı məmləkəti yenidən tanıtdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Bəli, Azərbaycanın gələcək varlığı naminə nəinki gənclər, hər birimiz vətənpərvər olmalıyıq. Çünki müdafiəsi müqəddəs borcumuz olduğu bu Vətəni qorumaq bizim ən ümdə amalımızdır.

Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi

Azərbaycanlı olaraq biz əsrlərlə ermənilərin təcavüzünə məruz qalmışıq. XX əsrin sonlarında bir zamanlar ermənilərin yaşaması üçün köçürüldükləri əzəli Azərbaycan torpağı olan Qarabağa sahib olmaq üçün bu mənfurlar ölkəmizə qarşı hərbi təcavüzə başlamış, etnik təmizləmə siyasətəi apararaq soyqırımlar törətmiş, minlərlə dinc əhalini qətlə yetirmiş, bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmışdılar. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4  qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutdu. Azərbaycan silahlı qüvvələrinin əks-həmləsi nəticəsində düşmənə layiqli cavab verilərək, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan ərazilərinin müəyyən hissəsi azad edildi. Bu döyüşlərdə xalqımızın igid övladlarının göstərdikləri qəhrəmanlıqları və şücaətləri Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını göstərdi.
2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hərbi əməliyyatlar isə Azərbaycanın taleyində ciddi dönüş nöqtəsi oldu. Vətən sevgisi döyüş meydanında generalı əsgərdən ayırmadı. Şəhid general-mayor Polad Həşimovun cəsarəti, vətənpərvərliyi, qorxmazlığı Vətən müharibəsinin də qəhrəmanlıq simvoluna çevrildi. 2020-ci ilin iyul, avqust və sentyabr aylarında ardıcıl baş verən təxribatlar nəticəsində yenidən atəşkəs pozuldu, mülki əhaliyə kəşfiyyat-diversiya qrupları tərəfindən hücumlar edildi. 2020-ci ilin 27 sentyabrında Azərbaycanın şəhər və kəndlərinin ağır artilleriyadan bombardmana tutulması Azərbaycan Ordusunun Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyyatının başlamasına səbəb oldu. Ölümdən zərrə qədər qorxmayaraq Azərbaycan Respublikasının Ermənistanın işğalına məruz qalmış ərazilərini azad etmək üçün canlarını heçə saymağa belə razı olduqlarını göstərən bu yurdun minlərlə igid övladı Xocalı soyqırımı qurbanı, mənfur düşməni belə tanımayan Zəhranın, Aysunun, Mədinənin və neçə belə körpənin intiqamının alınması üçün könüllü cəbhəyə yazıldı. 44 günlük Vətən müharibəsi erməni silahlı qüvvələri və Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələrinin darmadağın edilməsi və Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Torpaqlarımız qəhrəman zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində işğal olunan ərazilərimiz, o cümlədən şəhər, rayon və digər 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ istiqamətində mühüm strateji yüksəkliklər azad edildi. Digər qoşun növləri və bölmələrimiz ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən xüsusi təyinatlılarımız öz yaralılarını və şəhidlərini döyüş meydanında buraxmayaraq qayalardan dırmaşaraq Şuşada möhkəmlənmiş erməni elit hərbi hissələrinin üç mindən çox canlı qüvvəsinin döyüş texnikalarını qoyaraq qaçmasına məcbur etdi. Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan atıcı silahlarla azad edilməsi dünya tarixində görünməmiş döyüş nümunələrindən biridir. Şuşanın düşmən əsarətindən qurtarılması Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etdi. Cəbrayılda erməni zabitləri Azərbaycan Ordusunun mübarizə əzminin qarşısında aciz qalaraq öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışdılar. Hadrutda bir neçə qrupdan ibarət xüsusi təyinatlılarımız 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir.
Biz bu Vətən müharibəsində oğullarımızın qəhrəman ruhunu gördük. Onların qəhrəmanlıqları dillərə dastan oldu, silinməz mürəkkəblə tarixə yazıldı. Çiynində yaralı əsgəri daşıya-daşıya, qar-boran demədən sadəcə irəliyə addımlayan, irəliyə köklənən, öz qanını Vətən naminə axıdan igidlərin şücaəti, dönməzliyi, müzəffərliyi bizə bu qələbəni yaşatdı. Minlərlə igidlər bir əlində silah, bir əlində bayraq sinəsini düşmənə sipər edərək, öz nəfəslərini kəsərək Azərbaycanımıza nəfəs verdilər. Onlara bu dərəcədə böyük cəsarəti, qorxmazlığı verən Vətən eşqi olub. Onlar bizim birlik nişanəmiz, Vətən sevdamız, Azadlıq qələbəmizdir. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: “Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi Vətən uğrunda canından keçməyə hazır olan qəhrəmanlarımız var!”.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin 83 nəfər hərbi qulluqçusuna (onlardan 39 nəfər ölümündən sonra) Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarının fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin ruhu rahatdır. Bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir. Azərbaycan xalqı zəfər çalaraq şanlı qəhrəmanlıq salnaməsi yazdı.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi