Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2022 12:05

“Qazandığımız qələbələri şəhidlərimizə həsr etdik”

Qardaş Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları başa çatdı. Yarışda idmanın 24 növü üzrə 56 ölkədən 4 mindən çox atlet iştirak etdi. Gərgin mübarizə şəraitində keçən yarışda idmançılarımız 99 medal qazandı ki, onlardan 29-u qızıl oldu. Ölkəmiz ümumi xal hesabı ilə dördüncü yerdə qərarlaşdı. Onu da qeyd edim ki, bundan 5 il öncə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında komandamız göstərdiyi uğurlu nəticələrlə birinci yerin sahibi olmuşdu.
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun da idmançıları V İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etdilər. Turnirdən medalla qayıdan MOİK idmançıları Rafiq Hüseynovun və Nazilə İsmayılovanın, eləcə də baş məşqçi Emil Əliyevin yarışla bağlı təəssüratlarını öyrəndik. İlk müsahibim ağır atletika üzrə məşqçi Emil Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmançılarla görüşməsinin hər bir təmsilçimiz üçün əlavə motivasiya olmasını xüsusi qeyd etdi və yarışlara hazırlığın təşkili ilə bağlı bizə məlumat verdi. "Yarışlara hazırlıq müddəti üç ay çəkdi. İştirakçılar ciddi rejimdə məşq edir və yarışa hazırlıqlarını artırırdılar. Gərgin əməyin və möhkəm iradənin nəticəsi idi ki, MOİK idmançıları V İslam Həmrəyliyi Oyunlarında özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Yarışlar gərgin keçdi. Çünki dünyanın müxtəlif ölkələrindən peşəkar idmançılar bu yarışda iştirak edirdilər. İslamiadada iştirak edən idmançılarımız hər zamankı kimi bu yarışlarda da yüksək nəticə qazandılar. Bu fikri dövlət başçımız bizimlə görüşündə də vurğuladı. O bildirdi ki, ölkəmizdə idmanın bir çox növləri inkişaf edir və bunun nəticəsidir ki, idmançılarımız 19 idman növündə müxtəlif medallar qazandılar. Əldə edilmiş nailiyyətlərə görə hər birimizi təbrik edən Prezident İlham Əliyev Odlar Yurdu Azərbaycanın idman ölkəsi olmasını və idmançıların bu yarışda da Vətənimizi layiqincə təmsil etdiyini qeyd etdi. İslamiadanın açılışı günündə Azərbaycan Prezidenti İlham Əliyev idmançılarımızın ölkəmizi bu yarışlarda ləyaqətlə təmsil edəcəyinə inamını vurğulamışdı. Sevinirik ki, belə də oldu. Təmsilçilərimiz əllərindən gələni etdilər ki, üçrəngli bayrağımız daim yüksəklərdə olsun. Bu yarışa biz qalib ölkənin idmançıları olaraq qatılmışdıq. Bunun üçün də atletlərimiz qazanılan hər qələbəni torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizə həsr etdilər. Fəxri kürsünün ən yüksək pilləsində qərarlaşanda, Himnimizin səslənməsi, şanlı bayrağımızın yüksəlməsi hər birimizin ruhuna sığal çəkirdi".
Rafiq Hüseynov V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış hərbçimizdir. Dünya arenalarında təşkil olunan Olimpiada, dünya və Avropa miqyasında yarışlarda dəfələrlə iştirak edərək fərqlənən güləşçimiz R.Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yarış iştirakçıları ilə görüşü zamanı çıxış edərək dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin idmançılarımıza hər zaman yüksək diqqət və qayğı nümayiş etdirdiyini vurğulayıb. "Məhz V İslam Həmrəyliyi Oyunlarında Cənab Prezidentimizin öz dəyərli vaxtını ayırıb bizimlə görüşməsi hər birimizin əhval-ruhiyyəsini qələbəyə köklədi. İdmanda motivasiya çox mühüm amildir ki, dövlət başçımızın ziyarətindən ruhlanan idmançı olaraq rəqiblərimin hər birini məğlub etməyi bacardım və Prezidentimizin etimadını doğrultduğum üçün sevincliyəm. Hər bir idmançının hədəfi yüksək nailiyyət qazanaraq, dövləti layiqincə təmsil etmək və bayrağımızı yüksəkdə dalğalandırmaqdır. Qazandığım qələbələrlə heç zaman kifayətlənmirəm. Xalqın inamı, Ali Baş Komandanımızın idmançılara olan diqqət və qayğısı bizi yeni zəfərlərə ruhlandırır. Arzularımızı reallaşdırmaq üçün yeni qələbələr qazanmaqla əlimdən gələni bundan sonra da davam etdirəcəyəm. Diqqətinizə çatdırmaq yerinə düşərdi ki, qarşıdan güləş üzrə Dünya çempionatı gəlir və ən əsas hədəfim bu yarışda iştirak edib, çempion olaraq milli güləşçimiz Fərid Mansurovun rekorduna çatmaqdır. V İslam Həmrəyliyi Oyunlarında aldığım zədə tam sağalmasa da, iştirak etməyi qarşıma məqsəd qoymuşdum. Çünki bundan əvvəl ölkəmizdə keçirilən İslamiadada gümüş medal qazanmışdım. Bu yarışda isə hədəfim çempion olmaq idi. Və qəbul etdiyim qərar riskli olmasına baxmayaraq, çox uğurlu oldu və mən bu yarışda qızıl medal qazanmağı bacardım. Yarış vaxtı ən çətin rəqibim qardaş Türkiyə Respublikasının idmançısı Emrah Kuş oldu. Bundan əlavə, Emrahla yeniyetmə dövründən tanışıq və aramızda sıx dostluq əlaqəsi var. Aramızda gərgin amma dostluq şəraitində keçən qarşılaşmada qalib gələn tərəf mən oldum. Və çox sevinirəm ki, qardaş ölkədə qardaşımla sağlam mübarizə apardım və qardaş Türkiyədə Azərbaycanımızın üçrəngli bayrağını ən yüksək pillədə dalğalandırmağı bacardım. Yarış müddətində hər birimiz qazandığımız qələbələri şəhidlərimizə həsr etdik".  
Sonuncu müsahibim ağır atletika üzrə bürünc mükafata layiq görülmüş Nazilə İsmayılova oldu. "Bu gün ölkəmizdə demək olar ki, bütün idman növlərində dinamik inkişaf nəzərə çarpır. Ölkəmizin gəncləri istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda təşkil olunan müxtəlifmiqyaslı idman müsabiqələrində iştirak edir və nailiyyətlər qazanırlar. Təbiidir ki, istənilən yarışda bir təmsilçimizin qələbəsi bütün ölkəmizin qələbəsi deməkdir və ölkənin idman nüfuzuna təsir edən əsas amillərdəndir. Bunun üçün də, İslamiadada da müxtəlif idman növü üzrə mübarizə aparmağımıza baxmayaraq, millimizi digər yarışlarda dəstəkləməyə gəlirdik. Çünki komanda yoldaşına mənəvi dəstək yarışda atılması zəruri olan addımlardan biridir. İdmançı hər bir halda mübarizəyə meylli olmalı və heç vaxt ruhdan düşməməlidir. Qadın olaraq ağır atletika idmançısı olmağım qürurverici və məsuliyyətlidir. Bu mənim ilk beynəlxalq yarışda iştirakım idi. Bundan əvvəl bir neçə dəfə Respublika çempionatlarında uğurlarım olub. V İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarında 45 kq çəki dərəcəsində mübarizə apardım, könül istərdi ki, birinci yeri tutum, təəssüf ki, qismət olmadı, bürünc medalla təltif olundum. V İslam Həmrəyliyi Oyunlarında göstərdiyim nəticə mənim üçün hər şeydən qabaq böyük təcrübə oldu. Bu gün də məşqlərimi davam etdirir, təcrübəli məşqçilərin rəhbərliyi altında inamla öz hazırlığımı daha da artırıram. Artırıram ki, qarşıdakı yarışlarda üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyi bacarım və üçrəngli bayrağımızı ən yüksək zirvələrdə dalğalandırım".

Baş leytenant Fuad CƏFƏROV "Azərbaycan Ordusu"