Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2022 11:54

“Gənc əsgər hazırlığı bizi bacarıqlı Vətən müdafiəçisi kimi formalaşdırır”

Müasir silahlardan yüksək səviyyədə istifadə etməyi bacaran, Vətənə  sonsuz sevgi ilə bağlı olan, andına sadiq, hərbi sirləri qoruyan, yüksək döyüş ruhunda xidmət edən əsgərlərə malik ordu ən güclü ordudur. Hərbi xidmətə yenicə qədəm qoyan gənc əsgərlərə bütün qoşun növləri üzrə peşəkar səviyyədə təlim keçirilir. Bölmələrdə olan müasir təhsil avadanlıqları və təlim mərkəzləri də bu məşğələlərin səmərəli təşkilinə zəmin yaradır.
Həmçinin, peşəsinin incəliklərinə yaxşı bələd olan savadlı və peşəkar komandir heyəti məşğələlərdə gənclərə hərbi bilik və vərdişləri həvəslə öyrədir, onların ixtisaslarına uyğun yüksək döyüş hazırlıqlı Vətən müdafiəçiləri kimi formalaşması üçün bütün bilik və təcrübələrini səylə səfərbər edir.
"N" hərbi hissəsində ezamiyyətdə olan əməkdaşlarımız bu təlim kursunun aşıladığı nəzəri və praktik vərdişləri, həmçinin, digər müsbət keyfiyyətləri gənc əsgərlərin öz dilindən öyrəniblər. Hər biri içdikləri Hərbi anda sadiq qalaraq, Vətənimizin müdafiəsində inamla, qətiyyətlə dayanmağa hazır olduqlarını əminliklə bildiriblər.

"Azərbaycan Ordusu"


Əsgər Ramil Babayev:
- Orta məktəbdə oxuyanda hər kəs bir peşə seçmişdi. Hərəmizin bir peşəyə marağımız olsa da, hamımızı bir amal birləşdirirdi: əsgər olacağıq, Vətənə xidmət edəcəyik! Həm də nümunəvi xidmətimizlə ailəmizə, təhsil aldığımız məktəbin müəllimlərinə başucalığı gətirəcəyik...
Hərbi xidmətə çağırıldıq. Digər çağırışçılar kimi, biz də gənc əsgər hazırlığına cəlb olunduq. Hazırlıq müddətində hərbi xidmətin sirlərini, Hərbi Nizamnamələri, silahlanmamızda olan atıcı silahların atış xüsusiyyətlərini, proqramda nəzərdə tutulan digər hərbi bilikləri öyrənirik. Öyrədilənləri böyük məsuliyyətlə mənimsəyirik. Yadımdadır ki, bəzi mövzuları mənimsəməyə çətinlik çəkəndə zabitlər onu təkrarən həvəslə izah edirdilər və bundan heç yorulmurdular. Hərdən suallarımız da olurdu, onlar suallarımıza da ətraflı cavablar verirdilər.
Mən atıcı ixtisasına təyin olundum, təhkim olunan silahım isə “AK-74” avtomatıdır. Artıq silahımın atış xüsusiyyətlərini mükəmməl mənimsəmişəm. Sərbəst olaraq avtomatımı söküb-yığmağa, hissə və mexanizmlərinin iş prinsipinə yaxşı bələdəm. Öyrəndiklərimlə kifayətlənmir, bildiklərimi hər gün daha da təkmilləşdirirəm. Komandirimiz kapitan Müşviq Əliyev "dilini bilmədiyi silah əsgər üçün ağır yükə çevrilir", - deyirdi. Bu sözü heç vaxt unutmaram. Qürurlanıram ki, silahım mənə ağır yük yox, hər bir özəlliyinə yaxşı bələd olduğum ən yaxın dostum olacaq.
Yaxın vaxtlarda qoşunlarda xidmətə göndəriləcəyik. Nümunəvi xidmətimizi orada da davam etdirmək, hərbi vəzifələrimizi mükəmməl yerinə yetirmək hər birimizin həm hərbçi, həm də vətəndaşlıq borcumuzdur...

Əsgər Orxan Nəcəfli:
- "Oğul düşmən çəpəridir", "Yurdu qorumaq hər birimizin müqəddəs borcudur" - hər iki deyim, hər iki fikir Vətənlə, torpaqla bağlıdır. Deməli, torpaq da, Vətən də müqəddəsdir. Bu müqəddəsliyin mayasında bir mübarizə, bir zəfər var. Mən əsgər kimi hərbi xidmətə zəfər və mübarizə əzmi ilə gəlmişəm. Təbiidir ki, mübarizə aparmaq, zəfər qazanmaq üçün döyüş hazırlığının yüksək olması vacib şərtlərdən biridir. Bir neçə həftədir ki, Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün ordu sıralarına çağırılmışam. Biz gənc əsgərlər xidmətdə ilk addımlarımızı atırıq. Müdriklər gözəl deyib ki, ilk addım həmişə çətin olur. Amma zaman keçdikcə bu çətinlik ötüb arxada qalır. Artıq komandirlərimizin köməkliyi ilə hərbi bilik və vərdişləri öyrənə-öyrənə bu mərhələni keçmişik. Onların dərsləri  həvəslə öyrətməsi bizə ruh yüksəkliyi aşılayır və hərbi xidmətə marağımızı daha da artır. Qürur hissi keçiririk ki, qalib ordunun sıralarında xidmət edirik.
İxtisasım qumbaraatandır. Təlim müddətində təcrübəli komandirlərimiz qumbaraatan silahının taktiki-texniki xüsusiyyətlərini öyrədirlər. Silahımın təyinatını, atış qaydalarını böyük həvəslə mənimsəyirəm. Qumbaraatanla  düşmənin həm döyüş texnikalarını, həm də canlı qüvvəsini məhv etmək mümkündür. Zaman keçdikcə bu silahın sirlərini daha da dərindən öyrənəcək, təlim və məşğələlərdə müsbət nəticələr əldə edəcəyəm.

Əsgər Musa Əhmədov:
- Yaxın dostlarım ordu sıralarına gedəndə onlara həsədlə baxırdım. Belə xoşbəxt bir günün mənim də qapımı döyəcəyini böyük intizarla gözləyirdim. Yay günlərinin birində ordu sıralarına çağırıldım. Əynimə hərbi forma geyinərək ürəkdən, qəlbdən bağlandığım Vətənimə əsgər oldum.
Təntənəli surətdə Hərbi andı qəbul etdiyimiz günü heç vaxt yaddan çıxarmayacam. Çünki həmin gün çox xoşbəxt anlar yaşadım. Hərbi and bizim üçün çox müqəddəsdir. Xidmətimin sonunadək içdiyim anda sadiq qalacam, yurdumuzu göz bəbəyim kimi qoruyacağam.
Xidmətimin bir aydan çoxu arxada qalıb. Bu müddət mənim üçün səmərəli keçib. Təcrübəli zabitlər bizə dərs və məşğələlər keçir, silahların taktiki-texniki xüsusiyyətlərini öyrədirlər. Pulemyotçuyam. Artıq bu silahın taktiki-texniki xüsusiyyətlərinə yaxşı bələdəm.

Əsgər Həsən Zahirli:
- Hər birimiz uşaqlıqdan əsgər olmaq haqqında düşünərək böyümüşük. İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən biz də qürurlanmışdıq. İndi daha böyük duyğularla qürurlanırıq. Çünki bu gün əsgərik.
Gənc əsgər hazırlığını böyük məsuliyyətlə keçirik. Zabitlər və gizirlərin öyrətdiklərini maraqla mənimsəyirik. Əslində, bu maraqdan daha çox hərbi vəzifələri öyrənmə prosesidir. Rəşadətli ordunun əsgəri olmaq bizim öyrənmək həvəsimizin stimuludur.
Gənc əsgər hazırlığı bizi bacarıqlı Vətən müdafiəçisi kimi formalaşdırır. Burada bizə təhkim olunan silahların xüsusiyyətlərini mükəmməl öyrənir, öyrəndiklərimizi təlimlərdə təkmilləşdiririk. Həmçinin təyin olunduğumuz ixtisas üzrə də biliklərə yiyələnirik. Yaxın vaxtlarda qoşunlarda hərbi xidmətə göndəriləcəyik. Rabitəçiyəm. Bu ixtisasın əhəmiyyətini və vacibliyini hərbi xidmətdən öncə dərk etmişdim. Qonşumuz İkinci Qarabağ müharibəsində rabitəçi olub. Qələbədən sonra onun döyüş təəssüratlarını maraqla dinləyirdim. O deyirdi ki, döyüşdə bütün manevrlər, yerdəyişmələr, əmrlər, hücumlar rabitəçilər vasitəsilə həyata keçirilir. Yəni, rabitəçi bütün döyüşlərin iştirakçısı olur.
Digər əsgər yoldaşlarım kimi mənə də təlimlərdə rabitəçi ixtisasının incəliklərini öyrənirəm. Bizə dərs keçən komandirlərimizi əmin edirəm ki, qoşunlarda nümunəvi xidmətimizlə həmişə fərqlənəcəyik.

Əsgər Samir Şıxıyev:
- "Bilsin ana torpaq, eşitsin Vətən! Müsəlləh əsgərəm mən də bu gündən". Böyük şairimiz Səməd Vurğunun "Vətən keşiyində" şeirindən götürülən bu misralar sanki bu gün üçün yazılıb. Artıq Hərbi andı qəbul edərək güclü ordumuzun sıralarına ilk qədəmlərimizi qoymuşuq. Bu şərəfli və məsuliyyətli yolda uğurların bizi gözlədiyini bilirəm. Komandirlərimiz bizlərin hərbi ixtisaslarımıza uyğun biliklərə tez bir zamanda yiyələnməyimiz üçün əllərindən gələni edirlər. İxtisasım tuşlayıcı olduğu üçün üzərimə böyük məsuliyyət düşür. Hədəfi dəqiq nişan almağın sirlərini artıq öyrənmişəm. Bu gün gənc əsgər olsam da, Ali Baş Komandanımızın istənilən döyüş tapşırığını hər an icra etməyə hazıram.

Əsgər Uğur Mirzəzadə:

- Səmərəli keçirilən dərslər və komandirlərimizin zəhməti sayəsində yüksək döyüş hazırlığına malik əsgərlər kimi formalaşırıq. Qalib ordumuzun sıralarında xidmət etdiyim üçün çox qürurluyam. Vətən müharibəsinə qatıla bilməsəm də, döyüşlərin gedişatını kütləvi informasiya vasitələrindən daim izləyirdim. Rəşadətli ordumuzun hər gün daha da irəlilədiyi xəbərini eşitmək hər həs kimi məni də sevindirirdi.  Ali Baş Komandanımızın rəhbərliyi ilə başlanan haqq savaşımız güclü ordumuz tərəfindən qələbə ilə sonlandırıldı. Sevinirəm ki, artıq mən də güclü və qalib ordunun əsgəriyəm. Burada hər birimiz müəyyən ixtisaslar üzrə müvafiq bölmələrdə yerləşdirilmişik. Mən artilleriya bölməsinə təyin olunmuşam. Artıq ixtisasım üzrə müəyyən nəzəri və praktiki  biliklərə yiyələnmişəm. Keçirilən dərsləri hər birimiz böyük maraqla dinləyir, öyrəndiklərimizi təlim mərkəzində praktiki olaraq bacarıqla icra edirik.
Qeyd edim ki, hər birimiz üzərimizə düşən məsuliyyəti dərk edir, daim hərbi biliklərimizi artırmaq və möhkəmlətmək üçün səy göstəririk. Xalqımız əmin olsun ki, Vətənimizi göz bəbəyimiz kimi qoruyacaq, qalib əsgər adını hər zaman uca tutacağıq.