Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2022 13:27

“Peşəsindən asılı olmayaraq idmanla məşğul olmaq hər kəsə lazımdır”

Əsgərlərin  gündəlik fəaliyyətindən danışarkən fiziki hazırlıq məşğələlərini mütləq qeyd etməliyik. Bu məşğələ əsgərlərin həm döyüş qabiliyyətinin artırılmasına, həm də sağlamlığının möhkəmləndirilməsinə istiqamətlənmiş mühüm fəaliyyət prosesidir. Şəxsi heyət bədən tərbiyəsi ilə nə qədər çox məşğul olsa, fiziki cəhətdən möhkəm, güclü və sağlam olar. İdmanla məşğul olan hərbi qulluqçu dözümlü, cəsur olmaqla yanaşı, döyüş tapşırıqlarını da daha çevik və cəld yerinə yetirir. Bu da bacarıqlı əsgərlərin formalaşmasında mühüm rol oynayır. Buna görə də ordumuzun bütün bölmələrində müasir idman avadanlıqları ilə təchiz olunan trenajor otaqları, idman şəhərcikləri fəaliyyət göstərir, hərbi qulluqçular arasında müxtəlif idman yarışları təşkil olunur.
"N" hərbi hissəsində günün nizam qaydasına uyğun olaraq döyüş hazırlığı, ictimai-siyasi hazırlıq, taktiki və atəş hazırlığı dərsləri ilə paralel fiziki hazırlıq məşğələsinin də yüksək səviyyədə təşkilinin şahidi oldum. İdman şəhərciyi  özünəməxsus rəngarəngliyi, səliqə-sahmanı ilə diqqətimi çəkdi. Əsgərlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səbuhi Səfərlinin rəhbərliyi ilə idman şəhərciyinin qarşısında təyin olunmuş formada düzüldülər. İsinmə hərəkətləri icra olunduqdan sonra turnikdə, paralelqollarda və digər alətlərdə idman hərəkətləri böyük həvəs və çevikliklə yerinə yetirildi. Göz oxşayan mənzərə məndə əminlik yaradır ki, şəxsi heyət yetərincə fiziki hazırlığa malikdir.
Əslən Ağdam şəhərindən olan Səbuhi bildirdi ki, idman saatlarına məsuliyyətlə yanaşır, şəxsi heyətin fiziki hazırlığının artırılmasına səy göstəririk. "Yüksək döyüş hazırlığı hərbi biliklərlə yanaşı, fiziki güc, çeviklik və iradə  tələb edir. Bu keyfiyyətləri isə mütəmadi olaraq idmanla məşğul olduqda qazanmaq olur. Həmçinin idmanla məşğul olmaq sağlamlıqdır. Fiziki hərəkətləri icra etdikdən sonra  insan gümrahlaşır, əhval-ruhiyyəsi artır, insan vərdişlərdən uzaqlaşır. Bir sözlə, peşəsindən asılı olmayaraq idmanla məşğul olmaq hər kəsə lazımdır. Hərbçiyə isə daha vacibdir. Çünki biz istənilən döyüş tapşırığını yerinə yetirməyə daim hazır olmalıyıq. Bunun üçün də fiziki göstəricilərimizi artırmalı, sağlam və güclü olmalıyıq. Hərbi hissədə də idman saatlarının səmərəli keçməsi üçün hər cür şəraitimiz var. Bu da fiziki hazırlıq məşğələsinin yüksək səviyyədə təşkilinə zəmin yaradır, şəxsi heyəti idmana daha da həvəsləndirir".
Kamran Kərimli hərbi xidmətə Bakının Sabunçu  rayonundan çağırılıb. Ali təhsillidir. Bakı Dövlət Universitetinin məzunudur. Hərbi xidmətə gəlməzdən əvvəl idmanın kikboksinq və qaydasız döyüş növləri ilə məşğul olub.
- İdmanla məşğul olmaq fiziki gücümüzü və özgüvənimizi artırır, - Kamran dedi. - Sıra hazırlığını, silahlardan istifadə etməyi, döyüş taktikasını mükəmməl öyrənməklə yanaşı, fiziki vərdişlərimizi də artırmalıyıq ki, öyrəndiklərimizi döyüş meydanında cəld və vaxtında tətbiq edə bilək. Döyüş zamanı bir mövqedən digərinə ani bir zamanda sıçramaq, tez vaxtda özünə yeni mövqe tutmaq və digər fəaliyyətlər çeviklik və fiziki güc tələb edir. Bunun üçün də hər gün idmanla məşğul olur, normativ göstəricilərimizi artırmaq üçün həvəslə məşq edirik.  
Hərbi xidmətə Sumqayıt şəhərindən çağırılan Salman Hüseynov ən populyar və baxımlı idman növü olan futbolla məşğul olub. Bu idman növünün ulduzlarına top sehirbazları da deyirlər. "Uşaqlıqdan futbola həvəsim olub. Həm oynamağı sevirdim, həm də izləməyi. Kütləvi idman tədbirləri günündə əsgər yoldaşlarımla da futbol oynayırıq. Çox maraqlı və yaddaqalan oyunlarımız olur. Xidmətə çağırılanda düşünürdüm ki, hərbi xidmətim zamanı futbol oynaya bilməyəcəm. Lakin burada bizim xidmətimiz, asudə vaxtımız, sağlamlığımız üçün bütün şərait nəzərə alınıb. Həm futbol oynayıram, həm də asudə vaxtımızda televiziya və "Azərbaycan Ordusu" qəzetinin "İdman" rubrikası vasitəsilə futbol arenasında baş verən yenilikləri izləyə bilirəm.  Həmçinin komandirlərimiz bizə yüksək diqqət göstərir, qayğılarımızla yaxından maraqlanırlar. Belə şərait mənəvi-psixoloji hazırlığımıza da müsbət təsir edir. Yüksək əhval-ruhiyyədə xidmət edir, bacarıqlı əsgərlər kimi formalaşırıq. Bütün əsgər yoldaşlarım adından Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm".
Digər əsgərlər də idmana olan həvəslərindən, bölmələrində olan sağlam mühitdən, hərbi hissədə yaradılan yüksək şəraitindən ağızdolusu danışdılar.


Mahmud MÖHBALIYEV

"Azərbaycan Ordusu"