Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2022 13:27

Səmanın fatehi könüllərin sakini oldu

Heç bilmirəm haqqında danışacağım igidi hansı adı ilə xatırlayım. Dostlarının və doğmalarının andığı kimi, "Səmaların fatehi" Vətənin igid və qorxmaz övladı kimi, yoxsa ölümündən sonra layiq görüldüyü Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev kimi...
Hər bir insan dünyaya gələndə öz missiyası və qarşısına qoyduğu məqsədləri ilə yaşayır, yaradır və dünyadan köç edir. Bəziləri isə çox fərqlidir. Onlar dünyalarını dəyişsələr belə əbədi yaşayanlar, bəşəriyyət durduqca xatirələrdə adları qalanlar, daima hörmət və ehtiramla anılanlar, heç vaxt unudulmayanlardır - Şəhidlərdir!
Bu gün haqqında söhbət açacağım qəhrəman, canını Vətənə, xalqa, ölkəsinə və ən nəhayət, torpaqlarımızın işğaldan azad olunması naminə qurban verən şəhid polkovnik Zaur Nudirəliyevdir. O qəhrəman ki, doğulduğu gündən həyatın bütün çətinliklərinə sinə gərərək Vətənə layiqli bir övlad kimi böyüdü, boy atdı, yaşadı və Vətən naminə şəhidlik zirvəsinə ucaldı. Bu əbədiyyət zirvəsində “Vətən bizim doğmamız, anamız, ən müqəddəs varlığımızdır” şüarı ilə yaşayanlardır. Biz sevdiklərimizi Vətəndə tapır və onun uğrunda sevdiklərimizi  itiririk.
Sağlığında səmalara yüksəldiyi kimi şəhadəti ilə də ən mötəbər pilləyə yüksələn, dostlarının da "Səmaların fatehi" adlandırdığı Vətən Müharibəsi Qəhrəmanı barədə danışmaq çətin olduğu qədər, məsuliyyətlidir. İşinin peşəkarı, dostlarının sevimlisi, anasının yeganə övladı, gözünün nuru, fəxri, qürur mənbəyi haqqında daima gözəl sözlər, xoş ifadələr səsləndirilir. Onun həyat yoluna nəzər salsaq görərik ki, vətənpərvərliyi, torpaq sevgisi, millətinə olan bağlılığı ilə yaşının hər dövründə digərlərindən seçilib. Şəhid polkovnik Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində dünyaya göz açıb. Zaur onu çətinliklərlə böyüdən anası Pəri xanıma təkcə oğul deyil, ən yaxın köməkçi, sirdaş, arxa, dayaq olub. Anası Pəri xanımın verdiyi tərbiyə, daxildən gələn sonsuz Vətən sevgisi Zaura hələ məktəb vaxtlarından hərbçi peşəsini seçməyə və Vətənin müdafiəçisi olmağa təkan verdi. Təhsilini C.Naxçıvanski adına Hərbi Liseydə başa vurduqdan sonra Türkiyə Ali Hərbi Hava Qüvvələri məktəbinə daxil olur. "Təyyarəçi" ixtisasına yiyələnir. Zabit kimi uzun illər Vətənə xidmət edir. Öz işinin peşəkarı olan və verilən tapşırıqlara sonsuz sevgi və məsuliyyətlə yanaşan polkovnik Zaur Nudirəliyev öz təcrübəsini, bilik və bacarığını həmkarları ilə, gənc pilotlarla həvəslə bölüşürdü. Onu da qeyd edim ki, bir çox təlimlərdə iştirakına, döyüş tapşırıqlarının uğurlu icrasına və xidməti vəzifələrinə peşəkarcasına, vicdanla yanaşdığına görə dəfələrlə müdafiə naziri tərəfindən orden və medallarla təltif edilib.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayır. Hər kəs kimi polkovnik Zaur Nudirəliyev böyük şücaətlə, qələbəyə böyük inamla Vətənimizin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə qatılır. Döyüş tapşırıqlarının icrasında fərqlənir.
Hərbi Hava Qüvvələrimiz tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan silahlı birləşmələrinin dayaq nöqtələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilir, nəticədə Azərbaycan Ordusunun ciddi üstünlüyə sahib olması, uğurla irəliləməsi və bir-birinin ardınca yaşayış məntəqələrinin azad edilməsi təmin olunur. 7 gün ərzində həyata keçirdiyi uçuşlar zamanı qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla başa vuran Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində növbəti uçuşunu həyata keçirir. Döyüş tapşırığının icrası zamanı canından çox sevdiyi Vətəni, xalqı və torpaqlarımızın işğaldan azadlığı naminə şəhidlik zirvəzinə ucalır.
Polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirməsinə görə (ölümundən sonra) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə  təltif edilmiş və Ali Baş Komandanın sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı  adına layiq görülmüşdür.
Bu gün anasının fəxri, ailəsinin qürur mənbəyi olan şəhid pilot, eyni zamanda, nəsillərə örnək olan igid döyüşçü, bütün Azərbaycan xalqının sevimli qəhrəmanıdır.
Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnik kimi "Qorxmaz qartal", "Səmaların fatehi" adları ilə yaddaşlara yazıldı, göylərdə məskən saldı, könüllərin əbədi sakini oldu.

Nərgiz HÜSEYNOVA

Bakı şəhəri