Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2022 17:20

“Hər əsgəri doğma balam bilirəm”

Azərbaycan əsgərinin təkcə sosial-məişət şəraiti deyil, qidalanması da yüksək səviyyədə təşkil olunur. Müasir görünüşü ilə göz oxşayan yeməkxanalar, Azərbaycan mətbəxinin müxtəlif təamları da orduya göstərilən diqqət və qayğının təzahürüdür.
"N" hərbi hissəsində olduğumuz zaman bunun bir daha canlı şahidi olduq. Yeməkxana növbətçisi gizir Orxan Kərəmli yeməkxananın müasir standartlara cavab verdiyini, sanitariya normaları və qaydalarına ciddi riayət olunduğunu dedi. "Burada çalışan və xidmət edən bütün heyət əsgərlərimizin qidalanmasının yüksək səviyyədə olması üçün əllərindən gələni əsirgəmir. Təcrübəli aşpazlarımızın bişirdiyi ləziz yeməklər sayəsində şəxsi heyətin gündəlik qidalanması yüksək səviyyədədir".
- Rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət edən cəsur oğullarımıza qayğı göstərməyi özümə mənəvi borc bilirəm. Çünki onların sayəsində illərdir düşmən işğalında qalan tarixi torpaqlarımız azad edildi. İndi biz də üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməli, analıq borcumuzu yerinə yetirməliyik. Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Bu cür qidalanma fiziki sağlamlığa da təsir edir. Qida rasionunun planlanması və icrası elə həyata keçirilir ki, şəxsi heyət arasında mövsümi xəstəliklərə yoluxma halları minimuma ensin. Çünki xəstəliklərin böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar yaranır. Bunun üçün də əsgərlərimizin qida rasionunu hər zaman yüksək səviyyədə saxlamaq üçün əlimizdən gələni edirik, - aşpaz Durdanə Soltanova dedi.
Mülki işçi Zülfünaz Əliyeva bildirdi ki, əsgərlərimizə hazırladığımız bütün yemək çeşidləri  milli mətbəximizdəndir. Səhər, nahar, şam yeməkləri öncədən təsdiq olunur və buna uyğun olaraq hazırlanır. Qida rasionuna süd, bal, yağ, cem, ət, kartof, düyü, qarabaşaq, balıq, şirniyyat növləri, təbii meyvə şirələri  və s. daxildir. Azərbaycan əsgərinin sosial-məişətinin daim diqqət mərkəzində olduğunu vurğulayan Z.Əliyeva da əsgərlərimizə dadlı təamlar hazırlamağın qürurunu yaşadığını bildirdi.
- Vətən müharibəsində oğlum düşmən gülləsinə tuş gələrək şəhid olub. Bu gün oğlum yanımda olmasa da, buradakı hər əsgəri doğma balam bilirəm. Oğluma göstərdiyim diqqət və qayğını, sevgi və nəvazişi əsgər balalarıma da göstərirəm. Üzərimizə düşən vəzifəni şərəflə yerinə yetirməyə çalışıram. Hər zaman  çalışmışam ki, bişirdiyimiz yeməklər onların ürəyincə olsun və doğma evlərində bişirilən yeməklərin dadını hiss edə bilsinlər. İnanıram ki, mən və digər aşpazlar buna da nail ola bilirik. Onlardan ana kimi bir istəyimiz, bir gözləntimiz var - Vətən torpağının keşiyində hər zaman qürurla, məğrur və ayıq-sayıq dayansınlar.
Hərbi hissədə yaradılan şərait, burada çalışan hərbi və mülki işçilərin fikirləri, arzuları, ordumuza sevgiləri bizə xoş təəssüratlar bəxş etdi. Onların əsgərlərimizə göstərdikləri diqqət və qayğı könlümüzü riqqətə gətirdi. Bir daha əmin olduq ki, sağlam qidalanan Azərbaycan əsgəri sağlam ruhda, sağlam düşüncədə xidmət edir.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"