Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2022 17:20

Sabahkı uğurlara köklənən addım səsləri

Hərbi hissənin ərazisində sıra hazırlığı məşğələsi keçən gənc əsgərlərin ayaq səsləri yaxınlıqdakı binalarda əks-səda verib ətrafa yayılırdı. Xidmətə yeni başlayan əsgərlər sıra meydanında inamla addımlayırdılar. Onların üz-gözündə sevinc, inam vardı. İnanırıq ki, bu gün atdıqları inamlı addımlar sabah onları uğurlara qovuşduracaq.
Gənc əsgərlərin sıra hazırlığı məşğələsində atdığı qətiyyətli addımların səsi onların dərsini izləmək marağımızı xeyli artırdı. Vaxt itirmədən sıra meydanında hərbi vərdişləri böyük həvəslə mənimsəyən gənc əsgərlərə yaxınlaşdıq. Zabitin verdiyi müxtəlif tapşırıqları yerinə yetirən əsgərlər diqqətlərini məşğələnin gedişinə yönəldiblər. Təcrübəli zabit əsgərlərə dəyərli məsləhət və lazımi məlumatları verir, nümunəvi addımlamaq üçün zəruri olan vərdişləri aşılayırdı. Əsgərlər sağa-sola və geriyə dönmələri, eləcə də başqa hərəkətləri bacarıqla yerinə yetirirdilər. Hiss olunurdu ki, onlar ötən müddət ərzində keçirilən məşğələlərdə fəal iştirak edərək, sıra vərdişlərini yaxşı mənimsəyiblər.
Sıra hazırlığı məşğələsində fasilə yarananda gənc əsgər Tağı Bəbirli ilə söhbət etdik. Hərbi xidmətinin ilk günlərinin sevincini yaşayan gənc əsgər dedi ki, bu gün fərəh içindəyəm. “Çünki Vətənə əsgər olmuşam, doğma ordumuzun sıralarında xidmət edirəm. Hərbi xidmətdə ilk addımlarını atan gənc əsgər kimi söz verirəm ki, mən bu kişilik məktəbinin sınaqlarından alnıaçıq, başıuca çıxacağam. Hərbi bilikləri dərindən mənimsəyəcək, döyüş hazırlığımı daim artıracağam. Hərbi xidmətə Vətən qarşısındakı övladlıq borcumu ləyaqət və şərəflə yerinə yetirməyə gəlmişəm. Qalib bir ordunun əsgəri olmaq, onun sıralarında xidmət etmək olduqca qürurvericidir. Bizə dərs və məşğələ keçən zabitlərin əksəriyyəti ordumuz və xalqımız üçün uğurla başa çatan İkinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Tez-tez uğurlu döyüşlərindən, erməni qəsbkarlarını məğlubiyyətə uğratdıqları əks-hücum əməliyyatlarından danışırlar. Söhbətlərinə maraqla qulaq asır, qəhrəmanlıqları ilə fəxr edirik. Dinlədikcə insanın ağlından yalnız bir düşüncə keçir. İgidlikdə onlara oxşayacam. İlk günlərdən dərs və məşğələrdə fəal iştirak edir, hərbi bilik və döyüş vərdişlərini həvəslə mənimsəyirik. Xidmətə gəldiyimiz qısa vaxt ərzində hərbi biliklərə, döyüş vərdişlərinə dərindən yiyələnmişik. İnamla deyə bilərəm ki, biz artıq dünənin yox, sabahın əsgərləriyik. Əminəm ki, böyük uğurlar bizi gözləyir.
Əsgərlər Şəhriyar Hüseynov, Elvin Mirzəyev, Fəyyaz Fərəcov, Rəşad  Hacıyev və başqaları da sıra hazırlığı məşğələsində fəal iştirak etdiklərini, hərbi bilikləri böyük maraqla öyrəndiklərini dedilər.
Söhbətimiz başa çatandan sonra gənc əsgərlərin sıra hazırlığı məşğələsi öz axarı ilə davam etdi. Əsgərlər sırada inamla addımladılar. Onların ritmik addım səsləri şəxsi heyəti sabahkı uğurlara kökləyirdi.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"