Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2022 17:20

Hərbi dənizçilərimiz beynəlxalq yarışın qalibi oldular

Gücü, qüdrəti və qazandığı şanlı Qələbəylə dünyaya səs salan ordumuzun bütün qoşun növləri kimi, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti də qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.
İlk yaradıldığı dövrdən bu günə qədər Xəzər dənizinin Azərbaycana məxsus sektorunda fəaliyyətini yüksək səviyyədə təşkil edən Hərbi Dəniz Qüvvələri bu gün də ərazi sularımızın təhlükəsizliyinin təmin edilməsi kimi müqəddəs vəzifəni uğurla icra edir. Bu uğurların davamlılığını təmin etmək üçün Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən döyüş və döyüş təminatı gəmilərinin modernləşdirilməsi işinə çox böyük önəm verilir. Belə ki, gəmilərin naviqasiya avadanlıqları, radiotexniki vasitələri, rabitə qurğuları müasir tələblər çərçivəsində qurulur. Şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə hərbi əməkdaşlıq çərçivəsində Türkiyə, Pakistan və digər ölkələrdə keçirilən müxtəlif təlim və məşqlərə göndərilən hərbi dənizçilər öz ixtisaslarının incəliklərinə dərindən yiyələnirlər. Bir sözlə, hazırkı dövrdə Hərbi Dəniz Qüvvələrinin inkişafı və müasir tələblər səviyyəsində qurulması üçün planlı şəkildə aparılan fəaliyyətlər uğurla həyata keçirilir.
HDQ-nin şəxsi heyəti təkcə ölkədən kənarda deyil, ölkəmizdə təşkil olunan müsabiqələrdə də yüksək səviyyədə peşəkarlıq göstərir. "Beynəlxalq Ordu Oyunları" çərçivəsində Hərbi Dəniz Qüvvələrimizin döyüş hazırlığı poliqonu və müxtəlif təminat bazalarında təşkil olunan "Dəniz Kuboku-2022" yarışlarında hərbi dənizçilərimiz öz bacarıqlarını nümayiş etdirdilər. Yarış iştirakçıları keçirilən müsabiqədə "Dəniz hazırlığı", "Xilasetmə hazırlığı", "Dəniz hədəfinə artilleriya atəşi", "Hava hədəfinə artilleriya atəşi", "Üzən mina hədəfinə atəş", "Təlim məşq kompleksində su ilə mübarizə" adlı 6 çalışmada güclərini sınadılar. "Dəniz Kuboku-2022" beynəlxalq yarışları iştirakçı ölkələrin hakimlər komissiyasının üzvləri tərəfindən şəffaf şəkildə çalışmalar üzrə qiymətləndirildilər. Ümumi nəticələrə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri 225 xalla birinci, Qazaxıstan 208 xalla ikinci, İran 178 xalla üçüncü yerə layiq görüldülər.
Beynəlxalq müsabiqədə bir çox uğurlara imza ataraq qalib gələn şəxsi heyətlə görüşüb onların yarışla bağlı təəssüratlarını qeydə aldım. Kapitan-leytenant Müslüm Nadirov bildirdi ki, Dəniz Kuboku beynəlxalq müsabiqəsi beşinci dəfədir ki, ölkəmizdə keçirildi. “Bu cür mötəbər tədbirdə iştirakçı olmaqla yanaşı, yarışa ev sahibliyi etmək bizim üzərimizə düşən məsuliyyəti daha da artırır. Çünki istər təşkilatçılığa, istərsə də çalışmaların icrasına daha ciddi səy göstərməliydik.  İştirakçı komandaların "Dəniz Kuboku-2022"-yə ciddi hazırlaşdığı ilk gündən hiss olunurdu. Bunun nəticəsi idi ki, yarışların hər bir mərhələsi  gərgin mübarizə şəraitində keçirdi. Son çalışmaya qədər hələ də hansı komandanın qalib olacağını demək mümkün deyildi.
Şükürlər olsun ki, hərbi dənizçilərimiz bu yarışlarda da ordumuzu layiqincə təmsil etdilər. Keçirilən müsabiqədə peşəkarlıq böyük rol oynadı. Yarış öncəsi şəxsi heyət mütəmadi olaraq məşqlər keçmiş, öz bilik və bacarıqlarını daha da təkmilləşdirmişdi. Qarşımıza məqsəd qoymuşduq ki, gücümüzü nümayiş etdirib, beynəlxalq müsabiqədə qalib gələk. Çünki hər kəs bizdən yüksək nəticə və qələbə gözləyirdi. Sevindiricidir ki, komandanlığın bizə olan inam və etimadını doğrulda bildik, yarışı birinciliklə başa vurduq".
Digər həmsöhbətim gizir Orxan Ağakişiyev yarışdan əvvəl də, yarış müddətində də yalnız qələbəyə kökləndiklərini qeyd etdi. "Komandamız qələbə qazanmaq üçün çalışırdı. İstər döyüş hazırlığı poliqonunda, istərsə də təlim-məşq komplekslərində iştirak edən heyətlər ayrı olsalar da, icra olunan çalışmalarda hər birimizin qəlbi bir döyünürdü. Hakimlər komissiyası tərəfindən elan edilən nəticələri səbirsizliklə gözləyirdik. Təbiidir ki, icra olunan hər tapşırığın özünə görə çətinliyi var idi. Hətta bir saniyənin, bir patronun da böyük əhəmiyyəti olur ki, yarışın gedişatını tamam dəyişə bilsin. Əksər çalışmalar insandan operativlik və yüksək dəqiqlik tələb edirdi. Odur ki, qazanılan qələbə gərgin əməyin, yüksək peşəkarlığın və birliyin qələbəsi oldu. Bundan sonra da hər birimiz öz ixtisasımız üzrə biliklərimizi daha da artıracaq, hər zaman üçrəngli bayrağımızı zirvələrdə dalğalandırmaq üçün səylə çalışacağıq".
Sonuncu və həlledici olan "Təlim məşq kompleksində su ilə mübarizə" çalışmasında yüksək nəticə göstərən komandadan baş leytenant Murad Qarayevin fikirlərini öyrəndim. Zabit qazanılan qələbədə hamının payı olduğunu bildirdi: "2019-cu ildən  "Beynəlxalq Ordu Oyunları"nın Dəniz Kuboku müsabiqəsində iştirak edirəm. 2019, 2020-ci illərdə keçirilən yarışlarda da bu çalışmada iştirak etmişəm və şəxsi heyətlə birlikdə yüksək peşəkarlıq göstərərək birinci pilləyə layiq görülmüşdük. Bu il də həmin çalışmanı layiqincə icra edərək birinci yeri tutduq. Bu təkcə mənim deyil, komandanın bütün üzvlərinin uğurudur. Hər birinə nümayiş etdirdikləri bacarığa, mübarizə əzminə görə təşəkkürümü bildirirəm. Yüksək peşəkarlıq və hazırlıq nəticəsində qarşımıza qoyulan tapşırıq uğurla icra edildi. Azərbaycan əsgəri bir daha sübut etdi ki, istər döyüş, istərsə də yarış meydanında ən güclü, ən cəsur və ən təcrübəlidir. Qazanılan qələbə münasibətilə bütün yarış iştirakçılarımızı və hərbi dənizçilərimizi ürəkdən təbrik edirəm".
Təkcə dənizçilərimiz deyil, hərbi forma geymiş, üzərində dövlətin və ordunun atributlarını daşıyan hər kəs qalib Azərbaycan Ordusu adını hər zaman qorumalı, Vətənə etdiyi xidmətlə fəxr etməlidir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"