Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 2022 10:57

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə. 1992-1994-cü illər tarixi faktlar.

Suallar:

1. XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə. 1992-1994-cü illər tarixi faktlar.

2. Milli qurtuluş. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması.

XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə. 1992-1994-cü illər tarixi faktlar

Ermənistan-Azərbaycan "Dağlıq Qarabağ" münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında Sovet İttifaqının mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin (DQMV-nin) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçmişdirlər.
1988-ci il fevralın 20-də "DQMV" Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verdi (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyib). İyunun 14-də Ermənistan SSR Ali Soveti "DQMV"-nin Ermənistan SSR-in tərkibinə "daxil edilməsi" haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq iyunun 17-də DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiq edib.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında" qərar qəbul etdi. Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazilərini zəbt etmək istəyirdi. 1990-cı ilin mayında Ermənistanda keçirilən parlament seçkilərində Ermənistanda müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələrin hakimiyyətə yiyələnməsi onların təcavüzkar müharibəyə başlamasını daha da sürətləndirdi. İrəvan (Yerevan) bütün səylərini qeyri-rəsmi hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəltdi.
Proseslərin gedişini hərtərəfli təhlil etməyi bacaran, məsələlərin həlli üçün dövlətin iradəsinin, prinsipial mövqeyinin vacibliyini başa düşən, uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dövrdə məcburi istefada idi. Onun siyasətdən uzaqlaşdırılması münaqişənin ermənilərin istəyinə uyğun olaraq daha da dərinləşməsinə bilavasitə təsir göstərmişdir.
1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının Bakıya yeridilməsi və Qanlı Yanvar faciəsinin törədilməsindən sonra Kreml və şəxsən prezident Mixail Qorbaçov tam nüfuzdan düşdü. Bakıdan sonra sovet qoşunları Neftçala və Lənkəranda mülki şəxsləri qətlə yetirdi. Ümumilikdə, Yanvar hadisələri zamanı ölkə üzrə 150 nəfər öldürüldü. Azərbaycanın kommunist rəhbərləri xalqın milli şüurunda baş verən köklü dəyişiklikləri görmədiyi halda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü qərəzli siyasətə kəskin etirazını bildirib, sovet ordusunun dinc əhaliyə divan tutmasını qətiyyətlə pisləyib və daha sonra Kommunist partiyasının üzvlüyündən imtina etdi.
1991-ci il sentyabrın 2-də "DQMV" və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma "Dağlıq Qarabağ Respublikası" ("DQR") elan edilmiş, dekabrın 10-da isə "referendum" keçirilmişdir. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti qondarma "Dağlıq Qarabağ"ın muxtariyyət statusunu ləğv edib. Bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlayıb. Bununla da, münaqişə yeni "qaynar mərhələ"yə keçib.
Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası ilk günlərdən digər dövlətlərlə münasibətlərini dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, mübahisəli məsələlərin dinc yolla nizama salınması, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurdu. 1991-ci ilin sonunda Rusiya ilə Ermənistan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" bağlanması Rusiyaya Qarabağda yaşayan erməniləri Azərbaycana qarşı açıq-aşkar silahlandırmaq imkanı verdi. Ali Sovetin "Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında" qanununa əsasən, 1991-ci ilin noyabrında 22 sərhədyanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı. Döyüş qabiliyyətinə malik olmayan, lazımi silah və sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünümüdafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilmirdilər. Belə bir şəraitdə ermənilər rusların köməyi ilə 1992-ci ilin yanvarında Kərkicahan, fevralında Malıbəyli, Quşçular kəndlərini ələ keçirib Xocalı və Şuşanı mühasirəyə aldılar. Şuşanı mühasirədən çıxarmaq üçün aparılan "Daşaltı" əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüşdə erməni terrorçuları Qarabağlı kəndini ələ keçirib 150-yə yaxın müdafiəçini və kənd sakinini vəhşicəsinə qətlə yetirərək, meyitləri silos quyularına atdılar. Fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvələri, Xankəndindəki Rusiyaya məxsus 366-cı alayın və muzdlu quldurların köməyi ilə Xocalıya hücum edərək şəhəri işğal etdilər. Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlüklə məhv edildi, şəhər yandırıldı.
Xocalı faciəsindən sonra xalqın tələbi ilə Ali Sovetin fövqəladə sessiyasında Prezident Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. 1992-ci ilin martında Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda qalan 500 döyüşçü şəhərə hücuma keçmiş 366-cı alayın köməyi ilə 6000 düşmən əsgəri, 72 tankla qeyri-bərabər döyüşə girdi. Döyüş zamanı 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü. Mayın 9-da Şuşa süqut etdi.
Moskvanın dəstəyi ilə A.Mütəllibovun tərəfdarları Ali Sovetin 1992-ci il 14 may tarixli sessiyasında onu yenidən hakimiyyətə gətirdilər. AXC tərəfdarları və cəbhədən geri çağırdığı hərbi qüvvələrin köməyi ilə Parlament binasını, Prezident sarayını və digər dövlət əhəmiyyətli məntəqələri ələ keçirdi. Silahlı qüvvələrin Laçından çıxarılmasından istifadə edən düşmən mayın 18-də Laçını işğal edərək Qarabağla Ermənistan arasında dəhliz yaratdı.
1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində AXC-nin sədri Əbülfəz Elçibəy Prezident seçildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü dövründə Respublikada siyasi və iqtisadi böhran dərinləşdi. 1992-ci il mayın 15-də SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqında Daşkənd müqaviləsinə əsasən, Azərbaycana verilən silah və hərbi sursat əsasında ordunun təchizatı qismən yaxşılaşmışdı. Lakin Azərbaycana verilən texnikalar qəsdən sıradan çıxarılmış, işlək cihazlar sökülüb aparılmışdı. 1992-ci ilin yayında Azərbaycan Ordusunun Ağdərə əməliyyatı nəticəsində Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad edildi. Xocavənd istiqamətində gedən döyüşlərdə də düşmənə ciddi tələfat verildi.
Hökumətin Türkiyəyə meylini açıq nümayiş etdirməsi nəinki regionda maraqları olan Rusiya və İranı, hətta Qərb dövlətlərini də narahat etdi. ABŞ Konqresi 1992-ci ilin oktyabrında Azərbaycanı guya Ermənistanı blokadaya salmaqda günahlandırıb, "Azadlığı Müdafiə Aktı"na Azərbaycana dövlət səviyyəsində hər cür yardım göstərilməsinə sərt məhdudiyyətlər qoyan 907-ci düzəlişi qəbul etdi. Dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək istəyənlər 1992-ci ilin sonu 1993-cü ilin əvvəllərində hərbi qüvvələrimizi strateji əhəmiyyətli Kəlbəcərdən, az sonra Ağdərə bölgəsindən çıxardılar. Ağdərə-Kəlbəcər yolu düşmən tərəfindən tutuldu. 1993-cü ilin fevralında Ermənistan ordusu Rusiyanın 128-ci motoatıcı alayının və muzdlu əsgərlərin (kazaklar) iştirakı ilə Ağdərəni işğal etdilər. Martın sonundan güclü atəşə tutulan Kəlbəcər 1993-cü il aprelin 3-də düşmən əlinə keçdi. Müxtəlif siyasi qüvvələrin döyüş bölgələrindəki təxribatları nəticəsində 23 iyul 1993-cü ildə Ağdam şəhəri, 18 avqust 1993-cü ildə Cəbrayıl rayonu, 18 avqust 1993-cü ildə Füzuli rayonu, 31 avqust 1993-cü ildə Qubadlı rayonu və 31 avqust 1993-cü ildə Zəngilan şəhəri işğal edildi. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilsə də, Ermənistan tərəfindən icra edilmədi.

Milli qurtuluş. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması

Müstəqilliyimizin ilk illərində ölkə hakimiyyətində siyasi böhran davam edirdi. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq ulu öndər Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. Ulu Öndərin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra isə Ulu Öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamanki Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Ali Sovetin sədri seçildi və həmin gün tariximizə "Milli Qurtuluş Günü" kimi daxil olmuşdur. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcı oldu.  
Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə mövcud olan gərginlik tədricən aradan qalxmağa başladı. Qarabağda və Ermənistanla sərhəd boyu ərazilərdə gedən gərgin döyüşlər daha da intensivləşdi. Ulu Öndər cəbhədəki vəziyyətin ağırlığını görüb qəti, prinsipial mövqe ortaya qoyaraq 2 noyabr 1993-cü ildə radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Ölkə rəhbərinin bu müraciətindən sonra xalqın, torpağın təəssübünü çəkən minlərlə qeyrətli oğul və qızımız Şəhidlər xiyabanında and içərək "Vətən uğrunda!", "Heydər baba yolunda!" şüarları altında Qarabağa, döyüşə yola düşdülər. Ulu Öndərin tez-tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı, səngərlərdə olması, onların qayğı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri yerindəcə mükafatlandırması, döyüşçülərin qayğıları ilə yaşaması onlara yeni ruh yüksəkliyi vermiş və bunun məntiqi nəticəsi olaraq qəhrəman döyüşçülərimiz məkrli düşmənin hücümlarının qarşısını alaraq cəbhədə əks-hücüm əməliyyatları həyata keçirdilər. Horadiz qəsəbəsi və 22 kəndi, Cəbrayıl rayonun bir yaşayış məntəqəsi azad edildi. Qarabağ bölgəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğurlar öz müsbət təsirini göstərdi və düşmən 1994-cü il mayın 12-də atəşkəsi imzalamağa  məcbur oldu. Bu da ölkədə sabitliyin davam etməsi üçün mühüm şərt idi.
Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndər Heydər Əliyev yaradıb. Zaman keçdikcə onun necə uzaqgörən, müdrik rəhbər olduğunu görürük. 12 may 1994-cü ildə Ermənistanla cəbhədə uzun sürən atəşkəs elan etməklə Qarabağ məsələsinin sülh, diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir. Ermənistan tərəfindən işğal edilən torpaqlar beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınırdı. Atəşkəs dövründə Azərbaycan Ordusu döyüş hazırlığını artırmaqla yanaşı, müasir silah və sursatla da təchiz olunurdu. Şübhəsiz ki, Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, dövlətlə xalqın birliyi təmin edilib.
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırıbsa, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarını düşmən tapdağından azad edibsə, bu uğurların təməlində ulu öndər Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanın ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, ulu öndər Heydər Əliyevin siyasət mücəssəməsi məhz bu günlər yaşadığımız Zəfər tariximizə hesablanmış uzun, çətin bir yolun keçidi idi.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi