Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2022 14:55

Fəxr edirəm ki, atam hərbçi olub

Xatırlama - kövrəklikdi, qürurdu. Atamı həmişə kövrək qürurla, qürurlu kövrəkliklə xatırlayıram...
Vətənə, dövlətə, dövlətçiliyə, insanlara, insanlığa həssas sevgisini ifadə etmə məsuliyyətinə görə onun haqqında danışmağa çətinlik çəkmişəm...
Mən ataları həmişə işıq bilmişəm - yolunu ata nurlandırır, gecələrinin qaranlığını körpəliyində sevgisiylə, nəvazişiylə, yeniyetməliyində tövsiyələriylə ata aydınladır, düşüncələrin ata məsləhətinin xeyir-duasıyla gerçəkləşmə uğuruna yönəlir...
Ata haqqında onun son nəfəsindən sonra danışmaq daha çətindi. Necə deyəsən ki, mənim də atam varıydı? - ata övladın nəfəsində, səsində, düşüncələrində, ürəyinin döyüntülərində yaşayır. Ata ululuğunu ana-ana yaşadırsan, yaşada-yaşada anırsan. "Ruhun şad olsun, ata!", - deyirsən. "Səni təkcə balaların, əzizlərin deyil, tanıyanlarının hamısı xoş təəssüratla anır...".
Atam da hərbçi idi. Rusiya Federasiyasında hərbi təhsil almışdı - Simferopol Ali Siyasi Hərbi Məktəbini bitirmişdi. Müxtəlif şəhərlərdə, hərbi hissələrdə xidmət etmişdi. Təvazökar adam idi - özü haqqında danışmağı sevməzdi. Necə zabit olduğunu, necə xidmət etdiyini bizə gələndə xidmət yoldaşlarından eşidərdik. "Azərbaycanı biz də sevirik, daha böyük duyğularla sevməyi Yavər Yusifovdan öyrənmişdik..." - zabit yoldaşları belə deyərdi. Sonralar bildik ki, bu sevgi atamın yaşayacağı illərin yönümünü müəyyənləşdiribmiş...
Sumqayıt hadisələri zamanı Gürcüstanın Kutaisi şəhərində xidmət edirmiş. Eşitdikləri onun da heysiyyətini titrədib, müharibə qığılcımı ola biləcəyini güman edərək Vətənə qayıdıb. Yadıma düşür ki, sonralar atam bu gəlişə "ruhun cana qayıdışı" deyərdi...
Azərbaycanı bütövlükdə sevirdi, Qubadlıya daha munis sevgisi vardı. "Dədə-baba yurdu deyirik. Dədə-baba yurdunu sevə-sevə Vətəni sevirik. Əslimin-nəslimin nəfəsi Qubadlıya bağlı olub..." - atam belə deyirdi.
Birinci Qarabağ müharibəsində Qubadlının, Cəbrayılın, Füzulinin müdafiə döyüşlərində iştirak etmişdi...
Atam Vətəni sonsuz məhəbbətlə sevirdi. Bizə və yaşıdlarımıza da "Vətəni sevin! Onu yad əllərdən qorumaq üçün öz canınızdan keçməyi bacarın. Ölümdən qorxmayın. Haqq olan nədənsə qorxmazlar. Vətənsiz, elsiz, obasız yaşamaqdan qorxun. Çünki Vətən olmazsa, yaşamağın heç bir mənası olmaz", - deyərdi.
Atamın o vaxtı dediklərini mən bu günlərdə daha da yaxşı başa düşürəm. İnsan valideynsiz böyüyür, amma Vətənsiz həmişə yarımçıq qalır.
2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə başlayan Vətən müharibəsində əli silah tutanların hamısı iştirak etmək istəyirdi. Mən də qadın hərbi qulluqçu olaraq döyüşlərə qatılmağa can atırdım. Döyüşməsəm də, döyüşən ordu üçün nəsə edim. Çünki bu Vətən hamımızındır - kişi, qadın, böyük, kiçik fərq etməz.
Sağ olsaydı bu müharibədə peşəkar hərbçi kimi, Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi atam da iştirak edərdi. Bu döyüşləri, bu Zəfəri o da arzulayırdı, həmin günləri o da gözləyirdi. Amma qismət olmadı - nə döyüşlərdə iştirak etmək, nə qələbəmizin canlı şahidi olmaq, nə də Qubadlıda yenidən dalğalanan üçrəngli bayrağımızı görmək. İnanıram ki, atamın ruhu həmin torpaqlardadır və düşməndən azad olunan torpaqlarda əbədi məskunlaşan şəhidlərimizin ruhlarına minnətdarlıq edir. Tək onun deyil, bütün xalqımızın 30 illik həsrətinə son qoyduqları üçün.

Vəfa YUSİFOVA "N" hərbi hissəsi