Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2022 14:55

Sağlamlıq həyatda müvəffəqiyyətin birinci şərtidir

Orduda xidmət edənlərin sağlamlığını daim diqqət mərkəzində saxlamaq üçün hərbi hissələrdə müasir tələblərə cavab verən qurğu və avadanlıqlarla təchiz olunmuş tibb məntəqələri fəaliyyət göstərir. "N" hərbi hissəsində olarkən şəxsi heyətin sağlamlığı keşiyində dayanan həkimlərlə görüşmək üçün tibb məntəqəsinə üz tutduq. Burada zabit və əsgərlərin müayinə və müalicəsi üçün hərtərəfli şəraitin şahidi olduq.
Əsgəri müayinə edən tibb xidməti baş leytenantı Orxan Abdulov bizimlə söhbət zamanı dedi ki, şəxsi heyətin sağlamlıq durumu bizim üçün böyük önəm daşıyır. "Əsas məqsədimiz zabit və əsgərlərimizin daim sağlam olmasıdır. Xidməti vəzifəmizə diqqət və məsuliyyətlə yanaşdığımıza görə işimizin icrasına yüksək səviyyədə nail oluruq. Gün ərzində şəxsi heyətin sağlamlığını diqqət mərkəzində saxlayır, mütəmadi olaraq yoxlanışlar keçiririk. Tibb məntəqəsinə müraciət edən hərbçiləri müayinə edirik. Həmçinin daim şəxsi heyət arasında geniş maarifləndirmə işləri də aparırıq. Müntəzəm olaraq sanitar-gigiyenik mövzuda dərslər keçirir, əsgərlərə şəxsi gigiyena ilə bağlı zəruri məlumatlar veririk. Bölüklərdə xidmət edən sanitar təlimatçılar da bu istiqamətdə lazımi işlər aparmaqda köməklik göstərirlər. Bütün imkan və vasitələrdən səmərəli şəkildə istifadə edərək şəxsi heyətin sağlamlığının keşiyində dayanırıq".
Tibb xidməti zabiti onu da vurğuladı ki, İkinci Qarabağ müharibəsində həkimlər də fəal iştirak etdi. "Vətən müharibəsi başlanan kimi həkim və tibb qardaşlarımız da şəxsi heyətlə birlikdə döyüşlərə yollandılar. Cəbrayıl və Füzuli istiqamətində gedən əks-hücum əməliyyatlarında hərbi hissəmizin şəxsi heyəti böyük cəsarət və hünərlə vuruşdu, gərgin döyüşlər gedirdi. O anlarda biz həkimlərin də üzərinə böyük vəzifələr düşürdü. Döyüşlərin ilk günlərindən yaralılara ilkin tibbi yardım göstərməyə, onların həyatını xilas etməyə çalışırdıq. İlkin tibbi yardım göstərdikdən sonra vaxt itirmədən döyüşçülərimizi hospitala yola salırdıq".  
Qısa söhbətdən sonra palataları gəzib tibb məntəqəsindəki şəraitlə tanış olduq. Hər tərəfdə səliqə-sahman vardı. Müalicə alan əsgər Rəhim Quluyev də tibb məntəqəsində olan şəraitdən, həkimlərin göstərdikləri diqqət və qayğıdan razı olduğunu bildirdi.
Tibb məntəqəsindən xoş təəssüratlarla ayrıldığımız zaman əmin olduq ki, burada xidmət edən həkimlər hər zaman yorulmadan şəxsi heyətin sağlamlığının keşiyində dayanacaqlar.
Sağlamlıq həyatda müvəffəqiyyətin birnci şərtidir.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"