Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2022 14:55

Döyüşdə şəxsi heyətin ruh yüksəkliyi əsas amildir

Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlığının artırılmasında ideoloji işin təşkili və mənəvi-psixoloji hazırlıq mühüm rol oynayır. İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimizin vətənpərvərliyi, ruh yüksəkliyi düşmən üzərində Böyük Qələbəmizi təmin etdi.
Dünya standartlarına uyğun müasir quruluşda tikilib istifadəyə verilən hərbi hissələrimizdə şəxsi heyətin hərtərəfli hazırlığı, o cümlədən mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində də görülən  mühüm işlər göz önündədir. Bu gün bütün bölmələrdə geniş, işıqlı, ekspozisiya quruluşu zəngin olan ideoloji otaqlar fəaliyyət göstərir.
"N" hərbi hissəsində də hərbçilərimizin ictimai-siyasi hazırlıq məşğələlərinin keçirilməsi məqsədilə hərtərəfli şərait yaradılıb. Buradakı yüksək tərtibatlı ideoloji otaq hərbi qulluqçularımızın istifadəsindədir. Otağın tərtibatı, zəngin məlumatlı lövhələr diqqətimizi çəkir. Otağın digər bir guşəsində müxtəlif səpgili ədəbiyyatlar yer alıb.  
Hərbi hissənin zabiti baş leytenant Rəvan Həsənzadə şəxsi heyətin ictimai-siyasi hazırlıq dərslərinin belə mükəmməl tərtibatla zəngin otaqlarda keçirilməsini yüksək qiymətləndirir.
"Şəxsi heyətə ictimai-siyasi hazırlıq dərsləri döyüş hazırlığı ilə paralel aparılır. Bunlarla bərabər, onlara ümummilli lider, əbədiyaşar komandan Heydər Əliyev irsi öyrədilir, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsində qazanılan Böyük Qələbənin tarixindən danışılır və Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatların ölkədə ordu quruculuğu prosesinin tərkib hissəsi olduğu barədə geniş məlumatlar çatdırılır".
Öyrəndik ki, gənc zabit İkinci Qarabağ müharibəsində  Azərbaycanın ərazi bütövlüyü naminə Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Bu gün o, döyüş meydanında şahidi olduğu Azərbaycan Ordusunun zabit və əsgərlərinin fədakarlığından, igidliyindən şəxsi heyətə qürurla danışır.
İdeoloji otaqda yerləşdirilən lövhələrdə Azərbaycan Ordusu və dövlət atributlarımızın (bayraq, himn, gerb) yaranma tarixindən qısa məlumatlar verilib. Həmçinin "Qan yaddaşımız" başlığı altında erməni  təcavüzü azərbaycanlılara qarşı edilən soyqırımlar, deportasiyası tarixləri xronoloji ardıcıllıqla göstərilib. Qəhrəmanlıq tariximizdən Azərbaycan hökmdarlarının və sərkərdələrinin fotoşəkilləri stendlərdə yerləşdirilib. "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" başlıqlı lövhədə müxtəlif vaxtlarda ordu rəhbərliyinin  əsgər və zabitlərimizlə görüşlərini əks etdirən fotoşəkillər əks olunub.
Bəzi mövzuların şərh-söhbət metodu ilə aparıldığını deyən baş leytenant Rəvan Həsənzadə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun uğurlu əməliyyatları barədə geniş informasiyaları çatdırdığını da dedi. "Qazanılan bu qələbə göstərdi ki, ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji  hazırlığı yüksək səviyyədədir. Döyüşdə şəxsi heyətin ruh yüksəkliyi əsas amildir. Bunun üçün də ordumuzun keçirdiyi bütün əks-hücum, döyüş əməliyyatları zamanı göstərdikləri şücaət, əsgərlərimizin mərdliyi, qorxmazlığı barədə söhbətlər edirəm. Qoy hər kəs ermənilərin canlarını qurtarmaq üçün tək çarəni qaçmaqda gördüklərini, bizim qarşımızda heç vaxt tab gətirməyəcəklərini bilsin".
Dərslərdə xüsusi fəallığı ilə seçilən əsgərlərdən Əli Hüseynov, Rəşad Şirinov, Rahib Novruzov, Əmirxan Ukalayev və başqaları  Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin şərəfli döyüş yollarının onlara həmişə örnək olacağını və xatirələrinin əziz tutulacağını dedilər.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"