Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2022 14:55

Vətən sizlərə oğul dedi...

Hələ xalqımız sovet imperiyasının əsarətində olduğu illərdə ermənilər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa ərazi iddiası ilə çıxış etdilər. Zaman keçdikcə Ermənistanla sərhəddə vəziyyət gərginləşirdi. Vətənə, dövlətçilik ənənələrinə tarixən sadiq qalan xalqımız qarşılaşdığı ağır vəziyyətə mərdliklə sinə gərirdi. Xalqımızın igid oğul və qızları qanları və canları bahasına da olsa, torpaqlarımızı müdafiə edirdilər.
Birinci Qarabağ müharibəsi 12 may 1994-cü ildə cəbhədə uzun sürən atəşkəslə bitsə də, Vətən övladları torpaqlarımızı düşmən tapdağında qalması ilə barışa bilmirdilər. Nəhayət, 2020-ci ildə Ali Baş Komandan hər kəsin qəlbinə su səpdi, əks-hücum əməliyyatlarına başlandı. Böyükdən-kiçiyə hamı döyüşlərə qatılmağa can atdı.  Bu gün xatirəsini hörmətlə andığımız, əslən qərbi Azərbaycandan olan şəhid Rövşən Kazım oğlu Hüseynov da həmin döyüşlərin iştirakçısı olmuşdu. O, 1995-ci ildə Bakıda anadan olsa da, doğma dədə-baba yurdu Hamamlı  rayonunun Qursalı kəndinə dönmək arzusu onu heç vaxt rahat buraxmayıb. Valideynləri tez-tez doğma el-obasından söz açanda balaca Rövşən də maraqla onları dinləyib, ora qayıtmasını uşaqlıq xəyallarında canlandırıb.
Yeniyetmə yaşlarında, ömrünün ən şirin çağlarında Rövşən həyatının böyük acısını yaşayıb. Atası qəfil dünyadan köçüb. Bundan sonra həyatın çətinliklərinə sinə gərmək, qarşıya qoyduğu məqsəd, amal uğrunda inadla mübarizə aparmaq üçün çalışıb. 2012-ci ildə orta məktəbi bitirib. Ali təhsil almaq arzusu onu Rusiya Federasiyasının Stavropol şəhərində yerləşən Qafqaz Xalqlarının Dostluğu İnstitutuna aparıb. Rövşən institutu müvəffəqiyyətlə bitirərək Vətənə dönüb. Yaxşı bilirdi ki, qarşıda vətənə müqəddəs hərbi xidmət borcu var.
2017-ci ilin oktyabr ayında Rövşən xidmət etmək üçün ordu sıralarına yollanır. Anası Sona xanıma, qardaşı Rafaelə əsgər gedəndə söz vermişdi ki, Vətənə övladlıq borcunu şərəflə yerinə yetirəcək, Qarabağ uğrunda müharibə başlasa, döyüşdə həmişə öndə olacaq. Ona görə doğmalarına heç vaxt ondan nigaran qalmamağı tövsiyə etmişdi.
Rövşən ön xətdə yerləşən hərbi hissədə, iqlimin və relyefin kifayət qədər sərt olduğu bir ərazidə bacarıqla xidmət etdi. Komandanlıq tərəfindən təlimlərdə əldə etdiyi uğurlara görə dəfələrlə "Təşəkkür" və "Fəxri fərman"larla təltif olundu. 2018-ci il oktyabr ayında Rövşən ordu sıralarından tərxis edildi.  
Əsgəri borcunu ləyaqətlə yerinə yetirsə də, ən böyük amalı Qarabağı azad görmək, uca dağların o üzündə olan Kəlbəcərə qovuşmaq, orada bitən güllərin, çiçəklərin ətrini doyunca duymaq idi. Rövşən tərxis olunduqdan sonra da uzun müddət dost-tanışlarına Şuşadan, Kəlbəcərdən danışır, oxuduqlarını, seyr etdiklərini dilə gətirərdi. Döyüş əmri olsa, mütləq qatılacam deyərdi.
Rövşən 27 sentyabr 2020-ci ilin səhərini qarışıq yuxularla açmışdı. Gördüyü yuxunun sehirindən ayrılmaq istəmirdi. Görmüşdü ki, müharibə başlayıb. Həmin günlərdə yenidən hərbi xidmətə çağırılacağını heç ağlına belə gətirməmişdi.  
Qardaşı Rafael Hüseynov həmin günü belə xatırlayır:
- Günortaya yaxın idi. Ordumuzun əks-hücum əməliyyatlara başladığı barədə xəbər yayıldı. Daha sonra dövlət başçısının ölkəmizdə qismən səfərbərlik elan edilməsi barədə məlumatını eşitdik. Çox keçmədi ki, qardaşım Rövşənin ordu sıralarına çağırılması xəbərini öyrəndik. Onun döyüş yolu Cəbrayıl rayonundan başladı. Füzulinin, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etdi. Vaxt olduqca evə zəng edir, vəziyyətin yaxşı olduğunu, tezliklə erməni silahlılarını məhv edərək işğal altında qalmış ərazilərimizi azad edəcəklərini, qələbə ilə evə qayıdacağını deyirdi. Bir neçə gün idi ki, Rövşəni rabitəçi təyin etmişdilər. Əsgərlikdə rabitəçi olduğu üçün onun bu bacarığı nəzərə alınmışdı.  
Rafael deyir ki, 23 oktyabr 2020-ci ildə Füzuli rayonunun Kürdlər kəndi uğrunda gedən döyüşlər son dərəcə ağır olub. Düşmən bu istiqamətdə güclü müqavimət göstərib. Rövşəngilin taboruna hakim yüksəkliklərinin azad edilməsi, həm də sağ-sol cinahlarda döyüşən bölmələrin irəliləməsinə şərait yaratmaq tapşırığı verilib. Düşmən bölmələrimizə minaatanlardan atəş açıb. Atılan mərmilərdən biri Rövşənin lap yaxınlığına düşüb və partlayış nəticəsində qardaşım şəhid olub.
Uşaqlıq arzusu ata-baba yurduna qovuşmaq idi. Lakin Rövşənə dədə-baba yurduna qayıtmaq qismət olmadı.
Əsgər Rövşən Kazım oğlu Hüseynov döyüşlərdə göstərdiyi igidliyə və cəsarətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhid Rövşən Hüseynov canından artıq sevdiyi Vətəni üçün qəhrəmanlıqla döyüşərək üzərinə düşən borcunu şərəflə yerinə yetirdi. Rövşən və onun timsalında Vətəni canından əziz bilən bütün şəhidlərimiz onları tanıyanların, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"