Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2022 14:55

“Vətənə sevgimizi döyüş meydanında göstərdik”

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun tarixi zəfəri gənclərimizin bitib-tükənməyən vətənpərvərliyini, müasir dövrdə Vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi.
2020-ci il 27 sentyabr tarixində düşmənin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatında Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gələrək xalqımıza Böyük Qələbə sevincini yaşatdı. Vətənimizin igid  oğulları torpaqlarımızın keşiyində mərdliklə, ayıq-sayıq dayandığı kimi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda gedən əks-hücum əməliyyatını da  rəşadətlə yerinə yetirdilər. Vətən müharibəsində hər bir zabit, gizir və əsgərimiz döyüş meydanında mübarizlik, mərdlik, vətənpərvərlik nümunəsi göstərdilər. Etdikləri qəhrəmanlıqlarla tarix yazdılar, tarixə yazıldılar. Vətən sevgiləri, şücaətləri, döyüş ruhları ilə dünya hərb tarixinə günəş kimi parlayan bu adlar hər kəsə nümunədir. Onların qəhrəmanlıqları gənclər üçün vətənpərvərlik, mərdlik, mətanət və igidlik örnəyidir. Hər yerdə bu igid insanların rəşadətindən söhbət gedir. Hamı onlara əhsən deyir, nümunə götürməyə çalışır.
Vətən müharibəsində cəsarət nümayiş etdirən oğullardan biri də kapitan Eynur İsmayılovdur. Eynur hazırda işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdən birində xidmət edir. Bölmədə olduğum müddətdə müşahidə etdiyim nizam-intizam, kollektiv arasında müsbət ab-hava zabitin komandir kimi vəzifələrinin öhdəsindən layiqincə gəlməsindən xəbər verir. Həmsöhbət olduğum əsgərlər də onun haqqında müsbət fikirlər səsləndirdi, ona olan hörmət və ehtiramlarını "komandirimizdən çox razıyıq", "sağolsun, bizə həm komandir, həm də doğma qardaş münasibəti bəsləyir", "onun vətənpərvərliyi, müsbət əxlaqi keyfiyyətləri bizə nümunədir", "tələbkarlıqla yanaşı, səmimi və qayğıkeşdir"... sözləri ilə ifadə etdilər.
Kapitan Eynur İsmayılov 1978-ci il iyulun 6-da Zəngilan rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin bakalavr səviyyəsində təhsil alıb. Vətənpərvər ailədə böyüyən Eynur sonradan həyatını hərb peşəsi ilə bağlayıb. Eynurgil ailədə üç qardaşdır. Digər iki qardaşı da Birinci Qarabağ müharibəsi veteranlarıdır. Qardaşlarının döyüş xatirələrini dinləməklə böyüyən Eynura da İkinci Qarabağ müharibəsində iştirak etmək nəsib olub. O da qardaşları kimi döyüşlərdə şücaət göstərib. Talış və Suqovşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Suqovşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Şanlı Qələbəmizdən söz açan zabit bildirdi ki, digər silahdaşları kimi qələbəmizə ürəkdən sevinir. "Qələbədə pay sahibi olduğum üçün qürurluyam. Qazanılan qələbə dövlətimizin, ordumuzun şanlı, tarixi qələbəsidir. Bu haqq savaşında iştirak etmək hər kəsə qismət olmur. Şanslıyam ki, bu şərəfli yol mənə də qismət oldu. İllər sonra belə hər kəs bu döyüşlərdən, bizim Zəfərimizdən danışacaq. Tarix kitablarında Azərbaycan Ordusunun şəxsi heyətinin düşməni məğlubiyyətə uğratdığı döyüş səhnələri yer alacaq. Biz övladlarımıza, nəvələrimizə qələbəmizdən, döyüş xatirələrimizdən qürurla danışacağıq", - deyir kapitan E.İsmayılov.  
- Aprel və Günnüt zəfəri, Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsi təkcə Azərbaycan cəmiyyətinə deyil, dünya ictimaiyyətinə bütün aydınlığıyla sübut etdi ki, torpağımızın hər qarışı uğrunda canını əsirgəməyən mübariz ruhlu oğullarımız var, - deyən Eynur sözünə davam edərək Vətənin müqəddəsliyindən danışdı. "Vətən müqəddəsdir. Onu qorumağı qarşısına məqsəd qoyan insanlar ölümdən qorxmadan döyüşə atılırlar. Vətəni sadəcə sevmək yetərli deyil. Onu canından artıq bilməli, daşını-qayasını, gülünü-çiçəyini sevməlisən. Ölməz şairimiz Məmməd Araz əbəs yerə deməmişdi ki, "Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim". Biz Vətən sevgimizi, vətənpərvərliyimizi döyüş meydanında göstərdik. Əbədiyyətə qarışan şəhidlərimiz də, sağlamlığını itirən qazilərimiz də, bu gün xidmətini daha da məsuliyyətlə davam etdirənlərimiz də "Təki Vətən sağ olsun!" deyib irəli atılırdı. Azərbaycan əsgərinin gücünü, yenilməzliyini, sarsılmaz döyüş ruhunu bütün dünyaya göstərdik. Haqq savaşımızın sonunda layiqli zəfər qazandıq. Bu Zəfərə həm sevinir, həm də tarixi qələbənin iştirakçıları olmağımızla fərəhlənirik".

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"