Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2022 14:55

Böyük Qayıdış tezliklə təmin ediləcək

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə quruculuq işləri başladı. İlkin olaraq müharibənin fəsadlarının aradan qaldırılması, minaların təmizlənməsi prosesi icra olundu. İstər Silahlı Qüvvələrimizin müvafiq qoşun növləri, istərsə də ANAMA erməniliyin qoyub getdiyi "gizli ölümlərlə", hələ aşkarlanmamış faciə mənbələriylə mübarizə aparır.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Bu sənəd imzalanandan sonra Ermənistan işğal etdiyi ərazilərdə basdırdığı minaların xəritəsini verməkdən imtina etdi. Bu imtina Ermənistanın dövlət olaraq hansı xarakterə malik olduğunu təsdiqlədi.
ANAMA da, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları da basdırılmış minaların aşkarlanmasını, ərazilərin təmizlənməsini, torpaqların istifadəyə yararlılığının təmin edilməsini böyük məsuliyyətlə yerinə yetirirlər.
Son aylarda işğaldan azad edilən ərazilərdə aşkar edilən minalar Ermənistanın işğalçı dövlət kimi Azərbaycan ərazisində törətdiklərinin davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna odekvat cavab verəcəyik".
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən indiyə qədər 25760 hektar ərazi minalardan və partlamamış döyüş sursatından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.  Bu da Qarabağa Böyük qayıdışın qısa müddətdə baş tutacağının göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir fikri də bəşərilik, sülh naminə beynəlxalq ictimaiyyəti narahat etməlidir: "Ermənilər tərəfindən basdırılmış çoxsaylı minalar yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaradır".
30 il ərzində xarabalığa çevrilən bu yerlərin həqiqi sahiblərinin öz yurdlarına dönüşünü ciddi surətdə əngəlləyən minaların yüksək peşəkarlıqla məhv edilməsi qarşıda qoyulan prioritet məsələlərdəndir ki, son aylarda minaaxtaranlar Laçın rayonu ərazisində minlərlə mina aşkarlayıb. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin son məlumatlarına görə, təkcə Sarıbaba yüksəkliyində 991 mina tapılıb. Bundan əlavə, 281 ədəd partlamamış döyüş sursatı da aşkarlanaraq məhv edilib. Ərazi baxımından 1428 hektar ərazi işğalçı Ermənistanın basdırdığı minalardan təmizlənib. Bu rəqəm minlərlə insanın ölümdən xilası deməkdir, əlilliyinin qarşısının alınması deməkdir. Bu ərazilərdə avqustun 15-dək 1318 ədəd mina aşkarlanıb və zərəsizləşdirilib. Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu fakt təsdiqləyir ki, Ermənistanda bu ərazilərdə piyada əleyhinə minaları üçtərəfli Bəyanatdan sonra basdırıb.
Azərbaycan Ordusu işğalı sonlandırdı. İşğalın fəsadları hələ qalır. Azərbaycan Ordusunun mühəndis-istehkamçıları dövlət başçısının rəhbərliyi ilə aşkar müharibənin gizlin davamı mərhələsini də uğurla başa çatdıracaqlar. Onların hərbi xidmət amalı təmizlənmiş ərzailərimizdə quruculuq işlərinin də müvəffəqiyyətlə başa çatdırılmasıdır.
İşğaldan azad olunmuş ərazilərimiz minalardan təmizlənəcək, məcburi köçkünlər təmizlənmiş ərazilərə qayıdacaqlar. Bu, Böyük Qayıdış olacaq!

"Azərbaycan Ordusu"