Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 2022 12:45

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin əməkdaşları Laçında əsgərlərlə görüşüb

İkinci Qarabağ müharibəsində qazanılan qələbə tarixi qələbə oldu. Bu qələbə ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. O böyük Zəfərdən sonra Azərbaycanda ordu quruculuğu daha dinamik əsaslarla inkişaf etməyə başladı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yeni qoşun növləri yaradıldı ki, bu da ordumuzun gücünü daha da yüksəltdi.
Laçında yerləşən hərbi hissələrimiz də yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir. Bir müddət bundan öncə təxribata əl atan, lakin düşmənin məğlubiyyəti ilə nəticələnən "Qisas" cavab əməliyyatı ordumuzun qadirliyinin təsdiqi oldu.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin bir qrup əməkdaşı Laçında hərbçilərimizlə görüşdü. Bu görüş minnətdarlıq görüşü idi - Vətənə sədaqətlə xidmətə görə, "Qisas" cavab əməliyyatında qazanılan qələbəyə görə minnətdarlıq.
Laçında davam edən quruculuq işləri bizim də ürəyimizi dağa döndərirdi. Erməniliyin uçurub dağıtdıqlarının yenidən qurulmasının qürurunu 2020-ci ilin noyabrın 10-da qazanılan Zəfərin qüruru səviyyəsində yaşadıq. Əmin olduq ki, quruculuq işləri yaxın gələcəkdə başa çatacaq...
Yayın istisində dağ havasının mülayimliyi əsgərlərə də xoş gəlir, qonaqlar da. Hamının baxışlarında minnətdarlıq var; qonaqların baxışlarında "Vətəni qoruyursunuz!" - minnətdarlığı, əsgərlərin baxışlarında "Uzaq yolu yaxın edib gəlibsiniz..." - minnətdarlığı...
General-mayor  Münasib Babayev qonaqları təqdim edərək əsgərlərə xitabən bildirdi ki, belə görüşlər ordu - ictimaiyyət münasibətlərini daha yüksək səviyyədə formalaşdırır. Bu münasibətlər İkinci Qarabağ müharibəsində də qələbəni şərtləndirən amillərdən oldu. İndi ictimaiyyət sizə daha böyük inamla güvənir. Siz bu güvənci də tarixləşdirəcəksiniz...
Komitənin sədri Zakir Mövsümov bu görüşü heç zaman unutmayacağını bildirərək fikrini obrazlı şəkildə ifadə etdi...
- Laçın dağları sizin nəfəsinizlə isinir, dağların çiçəkləri sizin təmasınızla çiçəklənir. Siz həm də buna görə qüdrətlisiniz ki, bu yerlərin təbiətini də gözəlləşdirirsiniz. "Qisas" cavab əməliyyatı sizin timsalınızda ordumuzun gücünün bir daha təsdiqi oldu. Düşmən də, onun havadarları da dərk etdi ki, "sirkə nə qədər tünd olsa, öz qabını çartladır". Siz Vətənə sədaqətlə xidmət edirsiniz. Bu sədaqət Vətənimizin sərhəd bütövlüyünün təminatçısıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində dedi: "Biz istəyirik ki, Ermənistanın silahlı qüvvələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir. 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və oluruq". Bu fikirlər sizin də xidmət amalınızdır.  
Sonda Komitə sədri hərbi hissənin şəxsi heyətinə qiymətli hədiyyələr təqdim etdi.
Polkovnik-leytenant Rəşid Tinayev göstərilən diqqət və qayğıya görə qonaqlara minnətdarlığını bildirdi.

"Azərbaycan Ordusu"