Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 2022 12:45

Bizə Zəfər sevincini yaşadanlara minnətdarıq

Azərbaycan xalqı üçün noyabr tək payız fəslinin bir hissəsi kimi yox, həm də Zəfər ayı kimi tarixə düşdü. Şanlı Azərbaycan Ordusu tarixi torpaqlarımızı 30 ildən bəri işğal altında saxlayan düşməndən canları bahasına azad etdilər.
Tarixi qələbənin qazanılmasında Ali Baş Komandanın bir çağırışı ilə hər kəsin bir amal uğrunda birləşməsi dünya ictimaiyyətinin marağına  səbəb oldu. Birlikdən doğan güclə tarixi torpaqlarımız, eləcə də Qarabağın tacı, musiqimizin beşiyi, mədəniyyət paytaxtımız olan Şuşa şəhərinin azad edilməsi xalqımıza sevinc bəxş etdi.
Bu gün Azərbaycan Ordusunun gücü, düşmən üzərindəki qələbəsi cəmiyyətdə lazımi səviyyədə təbliğ edilir. Orta və ali təhsil müəssisələrində vətənpərvərlik mövzusunda tədbirlərin təşkili, gənclərdə Vətən sevgisinin, vətənpərvərlik ruhunun günü-gündən daha da artırılmasına təkan verir.
Düşmən yenidən məkrli fikirlərə düşərsə, revanşist addımlar atarsa, əməllərindən əl çəkməzsə, Azərbaycanın cəsur övladları Vətənin müdafiəsinə qalxacaqlar.
Döyüş hazırlığı və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi tədbirləri ilə yanaşı işğaldan azad edilmiş ərazilərimizdə davam edən bərpa-quruculuq işləri, yeni hərbi obyektlərin inşasının sürətlə həyata keçirilməsi də diqqət mərkəzindədir. Cənab Ali Baş Komandanın tapşırığına əsasən, yeni və müasir yolların çəkilməsi, tarixi abidələrin yenidən bərpa edilməsi və görülən digər quruculuq işləri bizim həm tariximizə necə qiymət verdiyimizə, həm də tezliklə işğaldan azad olunmuş torpaqlara qayıdacağımıza əminlik yaradır.
Artıq iki ilə yaxındır böyük qələbənin qürurunu yaşayırıq. Bu möhtəşəm Zəfəri, tarixi qələbəni, qalib ölkə adını bizə nəsib edən, canları və qanlarından keçən şəhidlərə Allahdan rəhmət diləyir, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edir,  Vətən müharibəsi iştirakçılarına sonsuz minnətdarlığımızı bildiririk. Əmin olun ki, bizə Zəfər sevincini yaşadanları heç vaxt unutmayacağıq.

Nərgiz HÜSEYNOVA Bakı şəhəri