Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 2022 12:45

“Şöhrətlə yaşadı, şöhrətlə şəhid oldu”

Hərbi həkimlərimiz də İkinci Qarabağ müharibəsində böyük igidlik göstərdilər. Nə qədər təhlükəli olsa da, onlar üzərlərinə düşən vəzifələrinin öhdəsindən bacarıqla gəldilər. Əks-hücum əməliyyatları zamanı yaralı döyüşçülərimizin həyatını xilas etdilər. Bununla bərabər, tapşırıqlarını yerinə yetirərkən hərbi həkimlərimizdən də şəhid olanlar oldu. "N" hərbi hissəsinin tibb xidmət rəisi, tibb xidməti baş leytenantı Şöhrət Şakir oğlu Qasımov kimi... Vətən müharibəsi başlananda cəsur ürəkli oğullarımız kimi yurdumuzun müdafəisinə qatıldı. Gənc zabit Suqovuşan kəndi uğrunda gedən əks-hücum əməliyyatında xidməti vəzifələrini yerinə yetirərkən şəhid oldu.
Bu günlərdə 30 yaşı tamam olan  şəhidin Sumqayıtdakı Şəhidlər xiyabanında anım mərasimi keçirildi. Əvvəlcə, məzarı ziyarət edildi. Qəbrinin üstünə əklil və gül dəstələri qoyuldu, xatirəsi ehtiramla anıldı, ruhuna dualar oxundu.
Sonra tədbir mərasim evində davam etdi. Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublkasının Dövlət Himnini ifa edildi.
Şəhid atası Şakir Qasımov çıxış edərək dedi:
- Oğul itirmək valideyn üçün çox ağırdır. Amma təskinliyimiz ondadır ki, övladlarımız Vətən uğrunda şəhid olublar. Oğlum Şöhrət ona verdiyimiz adı doğrultdu. Şöhrətlə yaşadı, şöhrətlə şəhid oldu. Şöhrət uşaq yaşlarından vətənpərvər övlad kimi yetişib. 2009-cu ildə məzun olduqdan sonra ali təhsil almaq arzusu ilə qəbul imtahanları verdi, yüksək nəticə göstərərək imtahanlardan 650 bal topladı. Bu göstərici ilə istənilən ali məktəbə qəbul ola bilərdi. Həmin günlərdə Türkiyə Respublikasındakı ali təhsil ocaqlarından da ona bəzi təkliflər olunmuşdu. Amma Şöhrət hərbi həkim peşəsini seçdi. Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi Tibb Fakültəsində oxumağa başladı. 2015-ci ildə təhsilini başa vurduqdan sonra hərbi həkim kimi cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində xidmətə yollandı. Şöhrət Aprel döyüşlərində də iştirak etmişdi, həkim kimi üzərinə düşən tapşırıqları yerinə yetirmişdi.
Bir müddət sonra ailə həyatı quran Şöhrətin iki övladı dünyaya gəldi - biri oğlan, biri qız. Qızı 21 avqust 2020-ci ildə doğulmuşdu. "Həmin vaxtı bir neçə günlük məzuniyyət götürərək evə gəldi. Həyat yoldaşını, qızını xəstəxanadan çıxarandan sonra tələsik xidməti yerinə qayıtdı. Növbəti ay İkinci Qarabağ müharibəsi başladı. Oğlumun xidmət etdiyi hərbi hissənin şəxsi heyəti Suqovuşan istiqamətində vuruşurdu. Bir neçə dəfə zəng vurub bizimlə danışdı. Dedi ki, döyüşlər ordumuzun üstünlüyü ilə gedir, zabit və əsgərlərimiz cəsarətlə vuruşurlar. Biz bu döyüşlərdə qalib gələcək, torpaqlarımızı erməni işğalçılarından mütləq azad edəcəyik. Şöhrətin dediklərinin hamısı oldu. Amma təəssüflər ki, oğlum bu zəfər dolu günləri görmədi. Şöhrət 29 sentyabr 2020-ci ildə yaralıların həyatını xilas edərkən şəhid oldu. İkinci Qarabğ müharibəsində göstərdiyi qəhrəmanlığa görə oğlum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görüldü".
Qardaşı Ayaz Qasımov çıxışında Şöhrətli günlərindən söz açdı:
- Qardaşım vətənpərvər gənc idi. Mən bunu onun hər addımından, hər sözündən duyurdum. Torpaqlarımızın uzun illər ermənilərin işğalında qalmasından çox narahat idi. Həmişə deyirdi ki, "Ayaz, bax görərsən vaxt gələcək, biz işğalda qalmış ərazilərimizi azad edəcəyik. Çünki ordumuz gündən-günə güclənir, zabit və əsgərlərimizin döyüş hazırlığı artır". Şöhrət özü də müqəddəs döyüşlərin iştirakçısı oldu. Həkim kimi üzərinə düşən vəzifələri yerinə yetirərək neçə-neçə döyüşçünün həyatını xilas etdi. Arzusunda olduğu torpaqları görə bilməsə də, ruhu rahatlıq tapdı. Şöhrətin də dediyi kimi Azərbaycan Ordusu Zəfər çaldı. Oktyabr ayının 9-da Şöhrəti Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn etdik. Qardaşımın xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.  
Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zaur Süleymanlı, şəhid atası Əhməd Əhmədov, Əliağa Tapdıqov, ehtiyatda olan zabit Niyazi Adıgözəlov, mayor Sahib Orucəliyev, orta məktəb müəllimləri Bəhruz Quliyev, Mahizər Əliyeva, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi Səidə Hacıyeva çıxışları zamanı Şöhrət haqqında kövrək xatirələrini mərasim iştirakçıları ilə bölüşdülər.
Şəhidin həyat yoldaşı Türkan xanım övladlarını atalarının adına, qəhrəmanlığına layiq böyüdəcəyini, hər zaman onunla fəxr edəcəyini dedi.
Sonda şəhid atası Şakir Qasımov oğlunun xatirəsini əziz tutduqlarına görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə və mərasim iştirakçılarına dərin minnətdarlığını bildirdi.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"