Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 2022 12:45

“Hava məkanımızı inamla müdafiə edirik”

Müzəffər Azərbaycan Ordusu dövlətimizin etibarlı dayağı, müstəqilliyimizin qarantı, xalqımızın güvənc yeri, qürur mənbəyidir. Bu qüruru yaşadan isə ordu sıralarında layiqli xidmət edən vətənpərvər oğullardır. Bu cür igidlərin nümunəvi xidməti, torpaqlarımızın keşiyində inamla və qətiyyətlə dayanması müstəqilliyimizə zəmanət verir. Otuz ildən sonra xalqımıza Böyük Qələbə sevincini yaşadan da məhz həmin oğullarımızın rəşadəti, mübarizliyi, qəhrəmanlıqları oldu.
Bir əsrdən çox yaşı olan Azərbaycan Ordusunun dünya miqyasında sözünü deməsində də əsas pay sahibi dövlətinə bağlı olan, ürəyi Vətən sevgisi ilə döyünən şəxsi heyətidir. Bu gün ordu sıralarında xidmət etməyi, Vətəni qorumağı özünə borc bilən mərd oğullarla hər addımda rastlaşırıq. Onlar dövlət sərhədlərimizi havadan, qurudan, sudan inamla qoruyur, seçdikləri peşə ilə qürur duyurlar. Müqəddəs vəzifənin öhdəsindən uğurla gəlir, Vətənini qorumağa and içirlər. Hər birinin tək amalı - nümunəvi xidmət etmək, Ali Baş Komandanın göstərdiyi etimadı doğrultmaq, rəşadətli ordumuzun adına layiqli hərbçilər olmaqdır.
Ədəbiyyatımızda türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olan "İstiqlal" ordenli xalq şairimiz  Xəlil Rza Ulutürkün yazdığı "Vətən məfhumunun özəyindəki, Vətənin vüqarlı oğullarıdır!" misralarını tez-tez xatırlayıram. Bu gün ordumuzun sıralarında xidmət edən hərbi qulluqçuların torpaqlarımızın keşiyində mətin dayanması, həmin misraların bir daha təsdiqi olur. Onlar  Vətən torpağını göz bəbəyi kimi qoruyurlar.  Hərbçilərimizin ayıq-sayıqlığı nəticəsində məğlubiyyətlə barışmayan, mütəmadi olaraq təxribatlara əl atan qanunsuz erməni silahlı birləşmələrinin cavabı anında və artıqlaması ilə verilir.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə avqustun 13-də təxribata əl atdı. Belə ki, həmin gün saat 10:30 radələrində qarşı tərəfə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. Lakin bölmələrimizin sayıqlığı nəticəsində bu təxribatın da qarşısı vaxtında alınıb.
...Bununla bağlı ətraflı məlumat almaq və həmin tarixdə döyüş növbətçiliyi aparan heyətlə görüşmək üçün Şuşa şəhərinə yollanırıq. Maşınımız  "Zəfər yolu" ilə irəlilədikcə ətrafa göz gəzdirirəm. Azərbaycan Ordusunun bu sıldırım qayalardan, dağlardan aşaraq Şuşa şəhərini azad etməsi həqiqətən də bir möcüzədir. Bu möcüzəni reallaşdıran qəhrəman oğullarımızın adları tariximizin şanlı səhifəsinə qızıl hərflərlə həkk olundu. Şairin də dediyi kimi, Vətən sözünün özəyi məhz belə oğulların fədakarlığı, vüqarı, şücaətidir. Vətənimiz belə igidlərin və onların davamçılarının çiyinlərində hər zaman yüksələcək... Daşaltından keçirik. Yavaş-yavaş mənzil başına çatırıq...
Qürur və sevinc qarışıq hisslərin ağuşu və əsrarəngizliyi ilə adamı ovsunlayan füsunkar gözəlliklər yolun necə bitdiyini hiss elətdirmədi. Artıq bölmədəyik. Mayor Nahid Nağıyevlə salamlaşırıq. Gəlişimizin məqsədini öyrənən zabit heyətin hazırda döyüş növbətçiliyi apardığını bildirir. Birlikdə həmin mövqeyə gedirik. Zabit deyir ki, Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutka boyu fasiləsiz xidmət aparılır, hava məkanımız daima izlənilir və hər hansısa təxribata qarşı anındaca müvafiq tədbirlər görülür.
Avqustun 13-də mövqelərimiz üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopteri xüsusi üsulla zərərsizləşdirərək ələ keçirən kiçik çavuş Əbülfəz Əhmədli ilə salamlaşıram. Əbülfəz Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olub. Həmin kənddə yerləşən Rauf Həsənov adına  orta məktəbdə təhsil alıb. 2015-ci ildən ordu sıralarında xidmət edir. Əvvəl "N" hərbi hissəsində manqa komandiri kimi xidmət edib. Manqa komandiri olarkən xidmət etdiyi postun ərazisini müşahidə etmək üçün uçan düşmən PUA-sını məhv edib. Ondan sonra Əbülfəzdə Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində xidmət etmək istəyi yaranıb. Bu barədə yuxarı komandirlərinə müraciət edib. Çox keçməyib ki, istəyinə çatıb. 2019-cu ildən HHQ-nin bölmələrindən birində tuşlayıcı operator vəzifəsində xidmətini davam etdirir. Vətən Müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin tərkibinə verilən Əbülfəz Daşaltı istiqamətində xüsusi avadanlıq vasitəsilə düşmənə məxsus 4 ədəd PUA-nı zərərsizləşdirib. Bu peşəni öz istəyi və arzusu ilə seçdiyini, hava sərhədlərimizin keşiyində mətin dayandığını bildirir. "Bu şərəfli peşəyə ürəkdən bağlıyam. Üzərimə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini yaxşı dərk edir, həm də mənəvi borc bilirəm. Çünki vəzifələrini vicdanla yerinə yetirən Vətənini ən çox sevəndir. Burada hamımız bir amal ətrafında birləşmişik - Vətənimizin keşiyində ayıq-sayıq xidmət aparıb, hava sərhədlərimizi göz bəbəyi kimi qorumaq. Bunun üçün hər birimiz məsuliyyətlə xidmət edir, vəzifələrimizin öhdəsindən layiqincə gəlirik. Daim hava məkanımızda müşahidələr aparır, qarşı tərəf təxribata əl atmağa cəhd edəndə vaxtında qarşısını alırıq", - deyir Əbülfəz.
Sözlərinə davam edən kiçik çavuş Əbülfəz Əhmədli həmin gün baş verənlərdən danışır:
- Avqustun 13-də zenit-raket artilleriya batareyasının iki hərbi qulluqçuları ilə döyüş növbətçiliyi aparırdıq. Havada pilotsuz uçuş aparatı olduğunu aşkar etdik. Mövqelərimiz üzərində uçuş keçirən kvadrakopteri izlədim, xüsusi üsulla öz mövqemizə endirərək ələ keçirdim. Bir daha demək istəyirəm ki, hava məkanımızı inamla, qətiyyətlə müdafiə edirik və qanunsuz erməni silahlı dəstələrinin istənilən təxribatının qarşısını almağa hər an hazırıq. Fəxr edirəm ki, Azərbaycan Ordusunun əsgəriyəm.
Əsgərin əlini sıxaraq "Halal olsun sənin kimi mərd oğullarımıza, xidməti vəzifələrinin öhdəsindən layiqincə gələn hərbçilərimizə", - deyirəm. Xalqımız da sənin kimi əsgərləri ilə fəxr edir. Siz var olduqca Vətənimiz də, dövlətimiz də var olacaq. Sizin rəşadətinizin, torpaqlarımızı göz bəbəyi kimi qorumağınızın, ayıq-sayıq xidmət təşkil etməyinizin sayəsində qarşı tərəfin bütün təxribatları həmişə uğursuz olur və olacaqdır.
Əbülfəzlə birlikdə daha iki nəfərlə görüşürəm. Onlar zenit-raket artilleriya batareyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgərlər Ruslan Allahverdiyev və Babək Mehdiyevdir. İkisi də Vətən müharibəsinin iştirakçısıdır. Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında iştirak ediblər. Onlar hərbi peşənin şərəfli olduğundan, peşələrinə sevgi ilə bağlılıqlarından ağızdolusu danışırlar. Dedikləri hər söz, hər cümlə ruhuma sığal çəkir, könül xoşluğu aşılayır. "İşğaldan azad olunan ərazilərimizdə xidmət etmək çox qürurludur. Vəzifələrimizin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edirik. Ən əsası isə döyüş növbətçiliyində məsuliyyətli və ayıq-sayıq oluruq. Qarşı tərəfin nə qədər hiyləgər və məkirli olduğunu bilirik. Ona görə də sayıqlığımızı bir an belə itirmirik. Yenə də təxribata cəhd etsələr, hamısı uğursuz olacaq. 13 avqustda olduğu kimi qarşısını vaxtında alacağıq. Çünki biz burdayıq, tam məsuliyyətlə hava sərhədlərimizə nəzarət edirik. Bütün təminatlarımız da qaydasındadır. Sağ olsun dövlət başçısı və ordu rəhbərliyi. Xidmətimiz üçün hərbi hissədə hər cür şərait yaradılıb. Belə diqqət və qayğı hər birimizə yüksək döyüş ruhu aşılayır, xidməti düzgün təşkil etməyimizə zəmin yaradır", - deyirlər Ruslan Allahverdiyev və Babək Mehdiyev.
Əbülfəzə, Ruslana, Babəkə və bölmədə xidmət edən bütün şəxsi heyətə şərəfli xidmətlərində uğurlar arzulayır, sağollaşıram. Belə igidlərin uğurlu xidmətinin, sərhədlərimizi inamlı müdafiə etməsinin nəticəsidir ki, qanunsuz erməni silahlı dəstələrinin təxribat cəhdlərinin qarşısı vaxtında alınır.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"