Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 2022 12:45

“Səngər qəhrəmanlar məskənidir”

Qızmar yay günlərində işğaldan azad olunmuş ərazilərdə Vətənin müdafiəsində dayanan oğullarımızla görüşə tələsirik. Bu tələskənlik tanıyacağım, haqlarında danışacağım əsgərlərlə söhbətləşməyin həyəcanındandır. Dan yeri sökülmədən yola düşməyim də bu səbəbdəndir. Türk şairi Nazim Hikmətin dediyi kimi: "Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır". Xeyli məsafə qət etdikdən sonra gözəl təbiəti ilə göz oxşayan Qarabağ torpaqlarındayam. Ətrafa nəzər salıram... Günəşin şüaları yaşıl düzənliklərin üzərinə düşərək əsrarəngiz mənzərə yaradıb. Bu mənzərə insana könül xoşluğu versə də, müharibənin o ərazilərdə qoyduğu qanlı izlər, dağıdılmış evlər, məhv edilmiş infrastruktur ruhumu sızladır. Bu düşüncələrin bələdçiliyi ilə bölməyə gəlib çatırıq.
İlk həmsöhbətim leytenant Rəhim Kərimov Vətəni müdafiə edən gənc zabitlərimizdəndir. Söhbətimiz zamanı o, bildirir ki, ərazinin relyefindən, iqlimindən asılı olmayaraq, Azərbaycan əsgəri təhlükəsizliyi təmin etmək üçün hər an Vətənin keşiyindədir.  "Qarşı tərəfin fəaliyyəti 24 saat ərzində nəzarətimizdədir. Təxribatlara qarşı daim qabaqlayıcı tədbirlər görülür, şəxsi heyət təlimatlandırılır. Bununla yanaşı, hərbi qulluqçuların hər birinin döyüş ruhu yüksək, hərbi intizamı möhkəmdir. Ordumuzun gücü isə bütün dünyaya məlumdur. Arsenalımızda olan müasir silah və texnika verilən tapşırıqları dəqiq və qüsursuz yerinə yetirməyə qadirdir. Bunları bilən düşmənin qorxu və vahiməsini hiss etmək o qədər də çətin deyil. Bu, bizi qürurlandırsa da, arxayınlaşdırmır. Çünki erməni xisləti hər kəsə məlumdur. Təbii ki, bizim üçün önəmli olan üzərində gəzdiyimiz bu torpağın, amalımızın müqəddəsliyidir. Və bu müqəddəsliyə hörmətin qarşısında heç bir qüvvə bizim Vətən sevgimizə xələl gətirə bilməz. Bu gün üzərimizə düşən ən böyük vəzifə bizə etibar olunan bu torpaqları müdafiə etmək missiyasının öhdəsindən layiqincə gəlməkdir. Əsgərlərimiz üzərlərinə düşən vəzifənin məsuliyyətini dərindən başa düşürlər. Çünki torpaqlarımızın keşiyində dayanmaq şərəfli və məsuliyyətli xidmətdir. Bu vəzifəni lazımi səviyyədə yerinə yetirmək üçün əsas şərtlər ayıq-sayıqlılıq və operativlikdir".
Növbəti müsahibim əsgər Səxavət Məmmədov hərbi xidmətin hər kəs üçün vətəndaşlıq və övladlıq borcu olduğunu qeyd edir. "Bu torpaqda doğulan hər kəs üçün bu Vətəni qorumaq övladlıq və vətəndaşlıq borcudur. Hərbi forma geyinəcəyim günü səbirsizliklə gözləyirdim. Döyüşlərdə iştirak etməsəm də, qəlbim Azərbaycan əsgəri ilə birgə döyünürdü, necə ki, indi qədirbilən xalqımızın ürəyi biz əsgərlərlə bərabər döyünür. Qürur duyuram ki, 44 günlük haqq savaşında düşmənin layiqli cavabını verən komandirlərdən hərb sənətinin sirlərini öyrənirəm. Əsl döyüşçü kimi formalaşmağımız üçün onlar əllərindən gələni əsirgəmirlər. Bizlər də öz növbəmizdə söz veririk ki, xalqın və Ali Baş Komandanın bizlərə olan inamı və etimadını layiqincə doğruldacağıq".
Döyüş mövqeyində dayanan əsgər Əbülfət Muradov düşmən istiqamətindən gözünü ayırmadan Vətən keşiyində dayanan əsgər kimi qürurlu olduğunu bildirərək sözə başlayır. "Döyüş növbətçiliyinə çıxmadan öncə təlimatlandırılarkən komandirlərimiz hər zaman qeyd edir ki, səngərlər bu Vətənə saysız-hesabsız qəhrəman oğullar qazandırıb. Səngər qəhrəmanlar məskənidir. Vətənini sevən, onun yolunda canını fəda edən oğullar heç zaman unudulmur, əksinə, xalqın qəlbində həmişə yaşayırlar. İnsan xidmətdə olarkən Vətəni qorumağın vacibliyini daha dərindən anlayır. Çünki qarşındakı düşmən sənin torpaqlarına göz dikib. Sənin üzərinə düşən əsas vəzifə Vətəni yadellilərdən qorumaqdır".
Əsgər Ziyəddin Salahov da əsgər yoldaşları kimi tutduğu vəzifənin müqəddəsliyinin fərqində olduğunu bildirir. İstər dərslərdə, istərsə də asudə vaxtlarında Azərbaycan əsgərinin gücündən, 44 günlük Vətən müharibəsindən mütəmadi danışdıqlarını qeyd edir. "Asudə vaxtlarımızda komandirlər müharibə təəssüratlarından danışırlar. O günlər anbaan gözlərimizin önündə canlanır. 44 günlük haqq savaşımızda cəsur oğullarımızın qəhrəmanlıq salnaməsini sanki film kimi seyr edir, 30 ilə yaxın işğalda qalmış tarixi torpaqlarımızı düşməndən təmizlənmə prosesini dərk edirik. Zabitlərimiz bizimlə söhbət əsnasında döyüşlərlə bağlı fikirlərini bölüşür, ordumuzun göstərdiyi rəşadətdən danışırlar. Onların hər biri bu silinməz tarixin parçalarıdırlar. Vətənin bütövlüyü uğrunda canını fəda edən qəhrəman qardaşlarımız isə əsl vətənpərvərlik nümunəsidir. Onun üçün də çalışmalıyıq ki, soydaşlarımızın qanı, canı bahasına bizlərə miras qoyduqları torpaqları həmişə layiqincə qoruyaq, xalqımızın firavanlığını təmin edək".
- Bu yerlərin hər daşında, qayasında şəhidlərimizin ruhu dolaşır, - deyə əsgər İbrahim İbrahimov söhbətimizə qoşulur. "İki il bundan öncə bu torpaqların azadlığı naminə vuruşanlardan şəhidlik zirvəsinə ucalanları da oldu. Bax! (əli ilə qarşı tərəfin mövqelərini göstərir) Orada gizlənib indi bu yerlərə baxmağa cəsarət etməyən düşməni Vətən müharibəsində elə hala saldıq ki, bütün dünya bunun canlı görüntülərlə şahidi oldu. Erməni əsgərləri komandirlərinə, komandirləri generallarına, generalları ölkə rəhbərinə, ölkə rəhbəri "dost" ölkələrə sığınsa da, biz heç kimə məhəl qoymadıq, çünki biz ədalət uğrunda savaşırdıq və haqlı olaraq da Qələbə qazandıq".
Vətən müdafiəçiləri olan əsgərlər Xanlar Xankişiyev, Ramal Babayev və digərləri ilə söhbətləşmək, onların Vətən sevgisinin şahidi olmaq qəlbimdə xoş duyğular oyatdı. Və bir daha əmin oldum ki, Vətən qarşısında vətəndaşlıq və övladlıq borcunun məsuliyyətini dərindən hiss edən gənclərimiz hər zaman yurdumuzun keşiyində ayıq-sayıq dayanacaqlar.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"