Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 2022 10:47

Şəxsi heyətin bütün növ təminatı yüksək səviyyədədir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan haqq-ədalət mübarizəsi ordumuzun qələbəsi ilə başa çatdı. Otuz illik torpaq həsrəti sonlandırıldı və məğlubiyyətə uğrayan düşmən kapitulyasiya aktını imzalamağa məcbur edildi. 2020-ci il noyabrın 10-da müharibənin bitməsindən və üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəf hələ də qeyri-konstruktiv mövqe sərgiləyərək Bəyanatın müddəalarını yerinə yetirməyə laqeyd yanaşır. Belə ki, üçtərəfli Bəyanata zidd olaraq, qanunsuz erməni silahlı dəstələri Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də mövcuddur.

Avqust ayının 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdi. Nəticədə ordumuzun bir hərbi qulluqçusu şəhid oldu. 

Təbii ki, Azərbaycan Ordusu terror-təxribat əməlinə qarşı susmadı. Bölmələrimiz qısa zamanda düşmənə layiqli cavab olaraq, "Qisas" cavab əməliyyatı həyata keçirildi. Nəticədə qeyri-qanuni erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmaq cəhdinin qarşısı igid oğullarımız tərəfindən qətiyyətlə alındı. Ordumuz tərəfindən Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Eləcə də qanunsuz dəstələrin bir neçə mövqeyi dağıdıldı, canlı qüvvəsi, hərbi texnikası və çoxlu sayda döyüş sursatları məhv edildi. Azərbaycan Ordusu öz gücünü bir daha düşmənə göstərərək "Dəmir yumruğ"un daima yerində olduğunu xatırlatdı. 

Döyüş ruhu yüksək olan əsgər istənilən döyüşdə qalib olur. Əsgərin döyüş ruhunun yüksək olması üçün onun hərtərəfli təminatı da əsas şərtlərdəndir. Əməliyyatın aparıldığı ərazilər dağlıq relyef olsa da, bölmələrimizin həm ərzaq, həm də əşya təminatında heç bir gecikmə olmadı. "Qisas" cavab əməliyyatı zamanı maddi-texniki təminat bölmələri də üzərlərinə düşən tapşırığın öhdəsindən layiqincə gəldilər. Tez bir zamanda əlverişli hədlərdə yeni mövqelərin qurulması, təminat yollarının çəkilməsi üzrə mühəndis işləri də görüldü. Ərazinin dağlıq, meşəlik olmasına baxmayaraq, tez bir zamanda mövqelənmiş yeni postlara əlaqə yolları çəkildi. Hərbi qulluqçular ərzaq və əşya təminatı normalarına uyğun bütün təminat növləri ilə fasiləsiz təmin olundu. Bölmələrə əlavə çadırlar, sobalar və digər zəruri avadanlıqlar çatdırıldı. Bunu kənardan görən düşmən qüvvələri də inana bilmirdilər ki, belə tez müddətdə ordu rəhbərliyi şəxsi heyət üçün bu cür şərait yaratdı.

Sevindirici haldır ki, qısa zaman ərzində nəzarətə götürülən çətin relyefli ərazilərimizdə ordumuzun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması üçün anbarlar da istifadəyə verilib. 

Bu gün də rəşadətli ordumuz tərəfindən nəzarətə götürülən hakim yüksəkliklərdə xidmət aparan hərbi qulluqçularımızın təminatı yüksək səviyyədədir. Şübhəsiz ki, işğaldan azad olunmuş çətin relyefli ərazilərimizdə yaradılan şərait orduya olan yüksək diqqət və qayğının təzahürüdür.

 

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"