Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 2022 10:47

Hərbi ixtisaslara həvəslə yiyələnirik

Ötən həftə Azərbaycan Ordusunun bütün Qoşun növlərində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Biz də bu tədbirlərdə iştirak etdik və gənc heyətin atdıqları ilk addımların canlı şahidi olduq. Sırada dayanan gənclərin məğrur duruşları, iti baxışları mərasim izləyicilərinə bir inamı aşılayırdı - hər biri əsl Vətən müdafiəçisi, döyüşçü, bacarıqlı əsgər kimi formalaşacaq, üçrəngli bayrağımızın dalğalandığı istənilən ərazidə qürurla, qətiyyətlə xidmət edəcəklər.

Hər kəsə məlumdur ki, orduya çağırılan gənclər Hərbi Andı qəbul edənə kimi ilkin hazırlıq mərhələsində sıra addımı, əsgəri salamlaşma, sıradan çıxma, fiziki hazırlıq kimi vərdişləri öyrənirlər. Bu mərhələ bitdikdən sonra isə artıq hər kəs öz ixtisası üzrə dərslərdə iştirak edir və digər ümumqoşun bilikləri mənimsəyir. 3 ayın tamamında ixtisaslarına uyğun hərbi bilik və bacarıqlara tam yiyələnən əsgərlərimiz digər hərbi hissələrdə xidmətlərini davam etdirmək üçün göndərilirlər. Bir sözlə, gənc əsgər hazırlığını başa vuran hər kəs bacarıqlı əsgər kimi formalaşır, ərazi bütövlüyümüzün keşiyində inamla dayanmağa hazır olurlar.

Gənc əsgər hazırlığında keçirilən nəzəri və praktiki dərslərin mahiyyətini elə əsgərlərimizin öz dilindən eşitdik. Onların hər biri məşğələlərdə fəal iştirak edəcəklərinə, öyrədilənləri yüksək səviyyədə mənimsəyərək relyefindən asılı olmayaraq, hər yerdə döyüş növbətçiliyini uğurla aparacaqlarına söz verdilər.

 

“Azərbaycan Ordusu”

 

 

- Hərbi Andı qəbul etmiş əsgər kimi mən də sevincliyəm. Vətənə, xalqa daim bağlı olacağıma, varlığı üçün canımı belə əsirgəməyəcəyimə, hərbi sirri qoruyacağıma söz verdim. Təkcə xidmətim dövründə deyil, bu andımı ömür boyu tutacağam. Artıq ixtisaslar üzrə bölünmüşük. Təyin olunduğum ixtisas isə tam ürəyimcə oldu. Hərbi hissəyə gələn ilk gündən mühəndis-istehkam bölməsinə düşmək arzusunda olmuşam. Bunun isə səbəbi var. Mühəndis-istehkam qoşunlarının fəaliyyəti, xidməti vəzifələri haqqında demək olar ki, hər kəs bilir. Mən də uşaqlıqdan böyüdüyüm Masallı rayonunun Ərkivan qəsəbəsində həyətimizdəki əkin sahələrini belləmək ən sevdiyim məşğuliyyətim olub. Elə hey torpağı qazır, içində nəsə axtarmağa çalışardım. Hətta atamla bağda işlədiyimiz zaman mənə "Oğul, nə tapsan, şərikəm" deyə zarafatlar da edərdi. Böyüdükcə çox xasiyyətim dəyişdi, bir bundan başqa. Həqiqətən də, insan nə etsə də, bəzi vərdişləri onunla ömür boyu yol yoldaşı olur. Bu gün mülki həyatımdan, eləcə də illər boyu qazıntı apardığım bağımızdan uzaqdayam. Amma tale elə gətirdi ki, mühəndis-istehkamçı bölməsinə təyin olundum. İxtisas hazırlığı məşğələlərinin başlamağını həvəslə gözləyirəm. İxtisasımın sirlərini dərindən mənimsəmək üçün keçirilən dərslərə məsuliyyətlə yanaşıb, öyrədilənləri mənimsəməyə səy göstərəcəm. Artıq hərbi hissədə bütün standartlara cavab verən mühəndis şəhərciyi ilə tanış olmuşuq. Həmin təlim mərkəzində qazıntı aparmaq, mina basdırmaq, basdırılan minaları aşkarlayıb zərərsizləşdirmək və digər fəaliyyətləri icra etmək üçün səbirsizlənirəm. İnanıram ki, komandirlərimizin də zəhməti ilə ixtisas hazırlığını müvəffəqiyyətlə bitirib, bacarıqlı əsgər kimi formalaşıb, işğaldan azad edilən ərazilərimizin düşmənin basdırdığı minalardan, partlamamış döyüş sursatlarından təmizləmə işlərində yararlı olacam. 

Sirr deyil ki, müharibə zamanı da, post-müharibə dövründə də minaların təmizlənməsi, maneələrin dəf edilməsi və bölmələrimizin hərəkətinin təhlükəsizliyini təmin etmək mühəndislərimizin fəaliyyətidir. Söz veririk ki, yaxın gələcəkdə qeyd olunan fəaliyyətləri yüksək səviyyədə, layiqincə yerinə yetirəcək, bizə bu peşəni aşılayan, öyrədən komandirlərimizin başını uca edəcəyik.

 

Əsgər Rəsul AĞAYEV "N" hərbi hissəsi

 

- Sevinirik ki, gücü və qüdrəti ilə bütün dünyaya səs salan rəşadətli Azərbaycan Ordusunun əsgərləriyik. Ordumuzun Aprel və Günnüt zəfərləri, Vətən müharibəsindəki tarixi qələbəsi ordu sıralarında xidmət edəcəyimiz günə intizarımızı, həvəsimizi daha da artırırdı. Şükürlər olsun ki, həmin gün gəldi. Yaşıdlarımla bərabər mən də ordu sıralarına çağırıldım. Belə qüdrətli bir ordunun sıralarında xidmət etməkdən qürur duyuram. Bu günlərdə təntənəli surətdə Hərbi Andımızı qəbul etdik. Həmin gün həyatımızın ən şərəfli anlarını yaşayırdıq. O anlar əbədi olaraq yaddaşımıza həkk olundu. Xidmətimizin sonuna qədər içdiyimiz anda sadiq qalacaq, əsgər kimi üzərimizə düşən tapşırıqların öhdəsindən bacarıqla gələcəyik. Arxada qalmış xidmət günləri bizim üçün çox səmərəli keçdi. Təcrübəli zabitlər bizə qısa müddət ərzində dərs və məşğələlərdə əsgər üçün çox gərəkli olan bilik və vərdişləri öyrətdilər. Gündən-günə təcrübəmiz artır, hərbi xidmətə daha da həvəslənir, məşğələlərdə fəal iştirak edirdik. Dərs və məşğələlər İkinci Qarabağ müharibəsində qazanılan qələbənin təcrübələrinə əsaslanaraq keçirilir. Döyüşlərdə iştirak edən komandirlərimiz öz şəxsi təcrübələrini də bizimlə bölüşürlər. Belə cəsur və təcrübəli  komandir heyəti ilə çiyin-çiyinə xidmət etmək olduqca şərəflidir. Məqsədimiz qəhrəman oğullarımızın yolunu davam etdirib nümunəvi xidmət etməkdir.

Mülki həyatda sürücü peşəsinə yiyələndiyim üçün bölgüdə sürücü ixtisasına təyin olundum.  Bu da məni çox sevindirdi. Sevdiyim və incəliklərinə yaxşı bələd olduğum sahə üzrə Vətənimə xidmətimi davam edəcəm. Peşəkar komandirlərimizdən hərbi texnikaların və maşınların idarə edilməsinin sirlərini həvəslə öyrənəcəyəm. Çalışacağam ki, peşəkar sürücü kimi formalaşım, komandanlığın qarşımıza qoyduğu tapşırıqları bacarıqla yerinə yetirim.

 

Əsgər Hüseyn EYVAZOV "N" hərbi hissəsi

 

- Müddətli həqiqi hərbi xidmətə gəldiyimiz ilk anlardan etibarən zabit və gizirlər tərəfindən qayğı ilə əhatə olunmuşuq. Hərbi hissədə yaradılan yüksək şərait, komandirlərimizin doğma münasibəti xidmətə uyğunlaşmağımıza müsbət təsir edir. Üzərimizə bir vəzifə düşür: dərslərdə fəal iştirak etmək, vəzifə borclarını, silahların təyinatını və istifadə qaydalarını, döyüş hazırlığını və digər hərbi bilikləri mükəmməl öyrənib, Azərbaycan ordusuna layiqli əsgər olmaq. 

Bu yaxıda səmimi, cəsur, intizamlı olacağımıza, hərbi sirri verməyəcəyimizə və hərbi nizamnamələrin bütün tələblərinə riayət edəcəyimizə təntənəli surətdə and içdik. Həmçinin hərbi bilikləri həvəslə mənimsəyəcək, təcrübəli komandirlərin verdiyi bütün əmr və tapşırıqları dəqiqliklə yerinə yetirəcəyimizə söz verdik. 

Bunun üçün də keçirilən hər məşğələdə fəal iştirak edir, komandirlərin dediyi hər sözü diqqətlə dinləyirik. Keçirilən müxtəlif məşğələlərdə ixtisasımızın incəliklərini və bizə təhkim olunmuş silah və texnikadan düzgün istifadəni öyrənirik. 

Komandirlərimiz  ixtisasımızın və fəaliyyətimizin əsas istiqamətinin ölkəmizin hava hüdudlarını layiqincə qorumaq, yarana biləcək təhdid və təhlükənin qarşısını vaxtında və yüksək səviyyədə almaqdan ibarət olduğunu vurğulayır. Həmçinin onu da xüsusi qeyd edirlər ki, hava hücumundan müdafiə vasitələrindən istifadə insandan yüksək hərbi və ümumi biliklə yanaşı, operativlik və dözümlülük də tələb edir. Hər birimiz bu işin mahiyyətini yaxşı dərk edir, üzərimizə düşən mühüm vəzifələrimizin öhdəsindən gəlmək üçün tam məsuliyyətimizlə xidmət edəcəyik. Hər birimiz həvəslə və fərəhlə çalışacağıq ki, hava sərhədlərimizin keşiyində inamla dayanan bacarıqlı əsgərlər olaq. Bunun üçün ixtisas hazırlığı kursunu müvəffəqiyyətlə başa vurub hərbi hava qüvvələrinin nümunəvi əsgərlərindən olacağıq. 

 

Əsgər Anar RUFULLAZADƏ "N" hərbi hissəsi

 

- Qalib və qüdrətli Azərbaycan Ordusunun əsgəri olmağımla fəxr edirəm. Əsgər formasını geyinib Vətənimizin keşiyində dayanmağın nə qədər qürurverici hiss olduğunu sözlə ifadə etmək çətindir. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirmişəm. Tələbəlik illərində də universitetdə fəal, ictimaiyyətçi olmuşam. Fakültəmizin tələbə həmkarlar ittifaqının sədri idim. Hətta Azərbaycan Həmkarlar İttifaqının 100 illik yubiley medalına layiq görülmüşəm. Bütün bunların hərbi xidmətdə də fəallığıma təsiri var. Hərbi xidmətə gəldiyim ilk gündən sıra və fiziki hazırlıqlarımın üstün nəticələrinə önəm verməyə başladım. Hərbi vərdişlərə dərindən yiyələnmək, dərslərdə daha da fəal olmaq, komandirlərimizin verdiyi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək demək olar ki, xidmətdə əsas prinsiplərimdir. Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində gənc matros kimi hərbi xidmətdəyəm. Bu günlərdə biz - gənc matroslar Hərbi Andı qəbul edərək Azərbaycan Ordusunun sıralarına daxil olub, Vətənimiz Azərbaycana, xalqımıza sədaqətlə xidmət edəcəyimizə təntənəli surətdə and içdik.

İlkin vərdişlərə yiyələnmişik, bundan sonra ixtisas və digər hazırlıq məşğələlərimiz başlayır. Gənc matros kimi komandirlərimizin bizə öyrədəcəklərini mənimsəməyə və dənizçi kimi yetişməyə tələsirik. Dənizçi demək olar ki, döyüş hazırlığının bütün növlərin bilməlidir. Ən əsası isə Topoqrafiyanı. Çünki cəhətləri, koordinatları yaxşı bilməsən, dənizdə yolunu tapmaqda çətinlik çəkərsən. Eləcə də gəmilərdə quraşdırılmış silahların da atış imkanlarını, xüsusiyyətlərini öyrənməliyik. Ölkəmiz üçün təhdid təkcə qurudan deyil, sudan da ola bilər və biz dənizçilər buna həmişə hazır olmalıyıq.

Biz - gənc matroslar da qısa zamanda komandirlərimizin bizə öyrədəcəkləri bilik və bacarıq hesabına əsl dənizçi kimi formalaşacaq, Vətənimiz Azərbaycanın mənafeyini qoruyacaq, Xəzər dənizinin Azərbaycana aid hissəsinin təhlükəsizliyini təmin edəcək, üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanması üçün canımızı, qanımızı əsirgəməyəcəyik. 

Azərbaycan Ordusu gücünü, qüdrətini Aprel döyüşlərində, Günnüt əməliyyatında, Tovuz döyüşlərində 44 günlük Vətən müharibəsində bütün dünyaya bir daha təsdiqlədi. Xalqımız haqq savaşına qalxaraq, müqəddəs Vətən müharibəsində zabit və əsgərlərimizin qəhrəmanlığı, igidliyi nəticəsində şəhidlərimizin qanı, canı bahasına Böyük Zəfər qazandı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, şəxsi heyətin peşəkarlığı, xalqımızın birliyi hesabına qazandıq. Bu birlik, bərabərlik daimi olacaq. Biz də bu tarixi qələbədən, dəmir yumruq olan dövlət, xalq, ordu birliyindən ilhamlanaraq nümunəvi xidmət edəcək, ordumuza layiqli əsgər olacağıq. 

 

Matros Rza BAĞIROV "N" hərbi hissəsi