Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2022 11:35

Sən dövlətçiliyə sədaqətin əsgərisən, Azərbaycan əsgəri!

1988-ci ildən üzü bu yana Ermənistanın ərazi iddiasına görə başladığı ədalətsiz müharibənin əsassızlığını Azərbaycan atəşkəs dövründə də, Vətən müharibəsində də təsdiqləyirdi. Bu mövqeni müdafiə edən dövlətlər də vardı...
Dünya gerçəkliklərə inansaydı, ermənilərin əsassız iddialarına qətiyyətli və ədalətli münasibət göstərsəydi, beynəlxalq hüququn tələblərinin pozulmasına ciddi etiraz etsəydi vəziyyət müharibə həddinə çatmazdı, Ermənistan elan etmədən Azərbaycana qarşı müharibəyə cəsarət etməzdi.
BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymayan işğalçı dövlət Azərbaycanın işğal etdiyi ərazilərində müqayisəyəgəlməz vəhşiliklər törədib. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Yaşayış məntəqələri, strateji yüksəkliklər azad edildikcə Azərbaycan əsgəri son döyüşə yaxınlaşırdı. Həmin vaxtlarda ordunu döyüşlərə ruhlandıranlar sırasında siz də vardınız, Azərbaycan əsgəri. Siz onda yeniyetməydiniz. Yeniyetmə olsanız da, döyüşlərə can atırdınız, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon təşkilatlarına siz də müraciət etmişdiniz. Yaşınıza görə aparmamışdılar; ürəyiniz döyüşçülərin ürəyiylə döyünürdü. Şuşa işğaldan azad ediləndə elə bildiniz ki, siz də qələbə qazananların sırasındasınız...
Azərbaycan Ordusunun qazandığı Zəfər bəşəri zəfər oldu...
Vətən dövlət deməkdi, dövlət sərhəd. Dövlət sərhədləri pozulanda döyüşlər olur, bəzən bu döyüşlər müharibəyə çevrilir. Döyüşlər (müharibə) şəhidlikdən keçir. Sizin sələfləriniz Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də Vətən naminə şəhidliyi döyüş əzminin, qələbə ruhunun davamı bilib döyüşdülər. Siz də əminsiniz ki, şəhidlər döyüşlərdən könüllərə köçür, ürəklərdə yurd salır, yaddaşlara həkk olunurlar. Oğlu Birinci Qarabağ müharibəsində şəhid olan ana İkinci Qarabağ müharibəsində şəhid olan döyüşçülərimizi əbədiyyətə oğlu əvəzi uğurlayırdı. Bu sevgi bir ananın timsalında Azərbaycan ictimaiyyətinin sevgisiydi. Xalq sizi sevir. Qətiyyətlisiniz deyə, cəsarətlisiniz deyə, Vətəni müqəddəslik mərtəbəsində qoruyursunuz deyə sevir, Azərbaycan əsgəri!
2020-ci il noyabrın 10-da bağlanan üçtərəfli bəyanat müharibənin başa çatması sənədi, Azərbaycanın qalibiyyət sənədi, Ermənistanın məğlubiyyət sənədi oldu. Məğlub dövlət bəyanatın şərtlərini yerinə yetirmir. Azərbaycan dəfələrlə Ermənistana sənədin tələblərinə əməl etmək barədə xəbərdarlıq etsə də, məğlub Ermənistan havadarlarının həm siyasi, həm də hərbi dəstəyinə arxalanaraq işğalçılıq niyyətlərindən, revanşist xislətindən əl çəkmək istəməyib. Atəşi heç zaman kəsməyən atəşkəsə necə məsuliyyətsiz əməl edirdisə, bu bəyanata da elə əməl edir...
Bunları siz də bilirsiniz, Azərbaycan əsgəri. Bilirsiniz ki, bu vəziyyət davamlı ola bilməyəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dedikləri sizin də yaddaşınızdadı: "Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın". Bu qətiyyətli xəbərdarlıq Ermənistana növbəti xəbərdarlıq idi. Bu xəbərdarlıqdan sonra da Ermənistan təxribat-terror törətmək istəyinin nələrlə nəticələnəcəyini təxmin etməmişdimi? Niyə? "Qisas" əməliyyatı həmin xəbərdarlığın ciddi davamıdır.
Avqustun 3-də Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməlləri törətməyə cəhd göstərdi. Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə çalışdı. Ermənilərin bu niyyəti də baş tutmadı - ermənilər Qırxqızda mövqe tuta bilmədilər. Bir əməliyyatla Azərbaycan əsgəri düşmənçiliyini müxtəlif yollarla hələ də davam etdirən ermənilərin niyyətini dağıtdı. Bunu Siz etdiniz, sizin Vətən sevginiz etdi.
Ermənilərin terror-təxribatı nəticəsində əsgər Anar Kazımov şəhid oldu. Ordumuzun şəhid əsgərinin qisasını almaq, düşmənə kim olduğunu göstərmək üçün "Qisas" əməliyyatı keçirdi. "Qisas" cavab əməliyyatında qanunsuz erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdıldı, Yuxarı Oratağ yaşayış məntəqəsindəki gizləndikləri ərazi hava zərbələriylə sıradan çıxarıldı, terrorçuların xeyli canlı qüvvəsi, bir neçə artilleriya qurğusu, hərbi nəqliyyat vasitəsi və çoxlu sayda döyüş sursatı məhv edildi.
Azərbaycan Ordusunun keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Bölmələrimiz yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üçün çətin relyef şəraitinə baxmayaraq, gecə-gündüz lazımi mühəndis işləri gördü və görməkdə davam edir.
Azərbaycan Ordusunun apardığı "Qisas" cavab əməliyyatı məğlub Ermənistana üçtərəfli bəyanata tam əməl etməyin, sözsüz yerinə yetirilməsinin gərəkliyini bir daha xatırlatdı. Bu xatırlatmanın mahiyyətinin Azərbaycanın hüdudlarından kənarda da istər siyasi, istər hüquqi, istərsə də hərbi baxımdan dərk ediləcəyinə siz də zərrəcə şübhə etmirsiniz.
Avqustun 3-dən üzü bu yana qisas məfhumu Azərbaycan ictimaiyyətinin heysiyyətini ifadə edir. İctimaiyyət 2020-ci il noyabrın 10-da qazanılan Zəfəri istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində düşmən tərəfindən törədilənlərin məntiqi davamı və hərbi qisası bilir. "Qisas" əməliyyatı isə avqustun 3-də törədilən terror-təxribatın qisası oldu. Siz də deyirsiniz ki, son qisas qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsi, sabitliyin bərpası tam təmin ediləndə olacaq. İkinci Qarabağ müharibəsindən əvvəl əsgərlər döyüşlərin iştirakçısı olmaq istəyiylə xidmət edirdi, siz son qisasın iştirakçısı olmaq niyyətiylə. Niyyətiniz gözəl niyyətdi, Azərbaycan əsgəri, həm də müqəddəs niyyətdi. Onda yerinə yetirəcəyiniz döyüş tapşırıqları Azərbaycan Ordusunun qisasının carçısı olacaq.
10 noyabr bəyanatına zidd olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı dəstələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu istər başa çatmış müharibənin nəticələrinə, istərsə də sülhə, əmin-amanlığa və sabitliyə təhlükə mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti bunu dəfələrlə açıq şəkildə bütün dünyaya bəyan edib. Bu təhlükə mənbəyi sizi ciddi narahat etsə də, siz Vətənə gərəkli xidmətinizi böyük sədaqətlə, əzmlə davam etdirirsiniz. Siz də əminsiniz ki, bu ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsi yaxın vaxtlarda başa çatdırılacaqdır...
Şuşa uğrunda döyüşlər, eləcə də döyüşçülərimizin qəhrəmanlığı dünyanı heyrətləndirirdi. Onların şücaəti, qorxmazlığı, rəşadəti sənin də, həmyaşıdlarının da ürəyini dağa döndərirdi. Hərbi xidmətdən qabaq siz də əsgərləşmişdiniz. O əsgərlərin mənəvi davamçısı kimi hərbi xidmətdə olmaq, onları döyüş növbətçiliyində əvəzləmək, döyüş tapşırığını yerinə yetirmək üçün zamanın tezləşməsini arzulayırdınız. İndi hərbi xidmətdəsiniz və bəziləriniz düşmənə son zərbə olan "Qisas" əməliyyatında qürurla iştirak etdiniz. "Qisas" əməliyyatı İkinci Qarabağ müharibəsindən sonrakı dövr üçün sizin döyüş hazırlığınızın da təsdiqi oldu, mənəvi-psixoloji hazırlığınızın da.
Sizin Vətənə sevginiz düşmənin silahlarından da, atdığı güllələrdən də qüdrətlidir. Kəlbəcər də, Laçın da dağlıq ərazilərdir. Bu yerlərin çətin relyefdə, iqlimin həddən artıq sərt olması da sizin hərbi xidmətinizin üstündən yel əsdirə bilmir - xidmətinizi Hərbi Anda, dövlətə, dövlətçiliyə sədaqətlə davam etdirirsiniz. Bu, mənəvi kamillikdir. Sizin mənəvi kamilliyiniz də qüdrətinizdi, Azərbaycan əsgəri!
Siz də bilirsiniz ki, düşmən bütün beynəlxalq konvensiyalara zidd olaraq işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırıb. Bu minalar intensiv səviyyədə təmizlənməkdədir. Bu minalar da sizi zərrəcə qorxutmur; minalar axtarılır, zərərsizləşdirilir. Sizin üçün təhlükəsiz xidmət şəraiti yaradılır.
Azərbaycanı sevməyən qüvvələr, sevməyən qurumlar, sevməyən təşkilatlar da var. Ermənilərin avqustun 3-də ordumuzun bölmələrinə qarşı terror-təxribat törətməsinə qarşı Azərbaycan Ordusu "Qisas" əməliyyatı keçirdi. Bu hadisədən sonra Londonda Azərbaycan səfirliyinə hücum arasında hansısa bağlılığın olub-olmaması sizi də, bizi də, ümumiyyətlə, xalqımızı da narahat edir. Hücum edənlərin Azərbaycan Bayrağını endirmək niyyəti baş tutmadı. Uzaq Londonda da təsdiqləndi ki, bir kərə yüksələn bayraq bir daha enməz! Siz həm də Vətən naminə bu şüarı yaşada-yaşada xidmət edirsiniz...
Bütün şəhidlərimiz kimi, əsgər Anar Kərimovu da əbədiyyətə Azərbaycanın Dövlət Bayrağı uğurladı...
Bütün bu baş verən hadisələr bir daha təsdiqləyir ki, düşmən Azərbaycan əsgəri ilə üzbəüz vuruşmaqdan həmişə çəkinib və çəkinəcək də. Nə qədər başqa niyyətlə də ordumuza, Azərbaycan əsgərinə üstün gəlmək istəsə belə, onun arzusu ürəyində qalacaq, çünki Azərbaycan əsgəri dövlətə, dövlətçiliyə sədaqətin əsgəridir!

"Azərbaycan Ordusu"