Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2022 09:43

Qalib əsgər kimi tərxis edildi

Məktəbdə, universitetdə təhsil alan, cəmiyyətdə formalaşan gənclər yüksək vətənpərvərlik duyğularına malik olurlar. Onlar istər məktəbdə müəllimlərindən, istərsə də evdə valideynlərindən müharibə, döyüşçülər, şəhidlər haqqında eşitdiklərini yaddaşlarına hopdururlar. Bu, onların Vətən sevgisini dönməzləşdirir, orduya məhəbbət hissini də artırır. Hər biri çağırış gününün tez gəlişini bu duyğularla gözləyir.
Təbriz Rəfail oğlu Məmmədov da təhsil illərini belə yaşayıb. Şəmkir rayonunun Dəllər-Cırdaxan kənd orta məktəbirdə oxuyurdu. Müəllimləri onun təhsilə marağından, oxumaq həvəsindən razı idilər. Sinif yoldaşlarından heç bir xüsusiyyəti ilə fərqlənməyən Təbriz yoldaşlarına da, aşağı sinif şagirdlərinə də deyərmiş ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların döyüş yolunu biz davam etdirəcəyik. Hərbi xidmətə də bu amalla getmişdi - 2020-ci ilin yanvarında...
O da hamı kimi komandirlərinin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirir, nizamnamələrin tələblərini hərbi xidmətin meyarı bilirdi. Buna görə hərbi hissədə nümunəvi əsgər kimi tanınırdı...
Vətən müharibəsi zamanı əsgər Təbriz Məmmədovun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb edildi. O da cəsarətlə düşmənə qarşı mübarizə aparır, döyüşlərin tezliklə qələbəylə tamamlanmasını arzulayırdı...
Zəngilan uğrunda döyüş gedirdi. Düşmən müqavimət göstərirdi. Komandirin əmri ilə əsgər Təbriz Məmmədov və digər üç əsgər düşmən mövqeyinin sağ tərəfindən atış aparmağa göndərildi.  Bu atış düşmənin diqqətini yayındırdığından döyüşçülərimiz hücumu sonacan davam etdirmiş, düşmən geri çəkilmişdi. Bu döyüşdə mühüm mövqe qələbəsi qazanılmışdı. Komandir əsgər Təbriz Məmmədova və digər üç döyüşçüyə də təşəkkür elan etmişdi...
Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Cəsur döyüşçü" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilən əsgər Təbriz Məmmədov da qalib əsgər kimi ordu sıralarından tərxis edildi...

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"