Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2022 11:20

Asudə vaxt hərbi xidmətin vacib hissəsidir

Günün nizam qaydalarına nəzər salsaq, görürük ki, səhər "Qalx" komandasından tutmuş axşam "Yat" komandasına kimi bütün fəaliyyətlər - məşğələlər, qida rasionu, yuxu rejimi, eləcə də asudə vaxt müəyyənləşdirilib və nizama salınıb. Gördüyümüz kimi asudə vaxt da hərbi xidmətimizin vacib bir hissələrindəndir.
Hərbi xidmət əsgərin xarakterini möhkəmləndirir, dünyagörüşünü genişləndirir, Vətən sevgisini dönməzləşdirməklə yanaşı, həm də insanlar arasında ünsiyyət yaratma, yaranmış ünsiyyəti yaşatma qabiliyyətini də formalaşdırır.
Xidmət dövründə yaranan münasibətlərin əksəriyyəti əsgər dostluğu kimi davam etdirilir. Hərbi xidmətdə belə münasibətlər, əsasən, asudə vaxtlarda yaranır. Əsgərlər bir-birilərinin maraq dünyasıyla tanış olur, ədəbiyyata, incəsənətə meylini öyrənir, fərdi qabiliyyətləri haqqında ilkin təəssüratları olur. Beləliklə, bu cür söhbətlər xidmət illərinin unudulmaz xatirələrinə, təəssüratlarına çevrilir və ən xoş anlar kimi daim səninlə yaşayır.
"N" hərbi hissəsinin əsgərləri də asudə vaxtlarını maraqlı keçirirlər. Əsgər Asiman Sərdarov Gəncə şəhərindəndir. Asudə vaxtda əsgər yoldaşlarına Gəncənin tarixindən, gəncəli mütəfəkkirlərin - Nizaminin, Məhsətinin şeirlərindən söyləyir, Mirzə Şəfi Vazeh, Cavad xan və başqalarının həyatından maraqlı söhbətlər edir.
Əsgər yoldaşı Ramiz Abdullayev də Asiman kimi 14 aydır hərbi xidmətdədi. O da asudə vaxtlarının səmərəli keçdiyini, yeni-yeni dostlar qazandığını və bu günləri unutmayacağını deyir.
Əsgər Rauf Sultanov Ağstafadan, Rəşad Cəfərov Biləsuvardan, Mirnəsib Abdullazadə İmişlidəndi. Bu hərbi hissədə Azərbaycanın əksər rayonları təmsil olunur. Ona görə asudə vaxtlarda bu əsgərlərin söhbətlərini həm də Azərbaycanı tanıtma və tanıma vasitəsi hesab edə bilərik.
Onlar deyirlər ki, hərbi xidmətdən tərxis edildikdən sonra bir-biriləri ilə  müntəzəm əlaqə saxlayacaq, haqqında danışdıqları gözəllikləri, tarixi abidələri canlı görəcəklər.
Həmçinin əsgərlər asudə vaxtlarında Vətəndən, Vətən müharibəsindən, Vətən müharibəsində qazandığımız tarixi qələbədən də danışırlar ki, bu da özlüyündə vətənpərvərlik duyğularının möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir...
Hərbi hissələrdə asudə vaxt hərbi xidmətin tərkib hissəsi kimi təşkil edilir.

Rəşid HÜSEYNOV  "Azərbaycan Ordusu"