Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2022 11:20

“Hər gün irəli gedir, hər gün uğur qazanırıq”

Kapitan Şakir Zeynalov Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub. 2005-2008-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə oxuyub. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. Bu ali təhsil ocağında mühəndis-istehkamçı ixtisasına yiyələnib. 2012-ci ildə hərbi təhsilini, 2013-də isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabitlərin ixtisasartırma kursunu bitirib və "N" hərbi hissəsində xidmətə başlayıb. Xalqımız və ordumuz üçün uğurla başa çatan Vətən müharibəsində iştirak edən təcrübəli zabit əks-hücum əməliyyatları zamanı istehkamçı kimi üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlib. Qoşunlarımızın düşmən üzərinə irəliləməsi üçün cığır və yolların açılmasında igidlik və cəsarət göstərib. İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medallarına layiq görülüb. Gənc zabit bu gün də ordumuzun sıralarında xidmətini uğurla davam etdirir. Hazırda onun komandiri olduğu bölmənin şəxsi heyəti Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərini mina və partlamamış döyüş sursatlarından təmizləyir. Bu günlərdə onların xidmət etdiyi bölgədə olduq, apardıqları təmizləmə işlərini yaxından izlədik. Kapitan Ş.Zeynalovla söhbətləşdik. Həmin söhbəti oxucularımıza təqdim edirik.
- Cənab kapitan, hazırda işğaldan azad olunmuş ərazilərimizi mina və partlamamış döyüş sursatlarından təmizləyirsiniz. Bu istiqamətdə işləriniz necə gedir?
- Hərbi hissəmizin şəxsi heyəti düşməndən azad olunmuş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işində böyük fədakarlıq göstərir. İşlərimiz əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun gedir. Əsgərlər növbəli şəkildə təmizləmə işlərini uğurla davam etdirirlər. Yaxşı bilirik ki, düşməndən azad olunmuş ərazilərdə quruculuq işləri yalnız istehkamçılar işlərini tam bitirəndən sonra başlayacaq. Deməli, bizim üzərimizə böyük və məsuliyyətli vəzifələr düşür. Çalışırıq ki, üzərimizə düşən tapşırıqları həm tez, həm də keyfiyyətlə yerinə yetirək.
- Ötən müddət ərzində neçə hektar ərazini mina və partlamamış döyüş sursatlarından təmizləmisiniz?
- Altı aydan çoxdur ki, Ağdam rayonunun ərazilərində təmizləmə işləri aparırıq. Nə qədər təhlükəli və riskli olsa da, zabit və əsgərlərimiz komandanlığın qarşımızda qoyduğu tapşırıqların öhdəsindən bacarıqla və vaxtında gəlirlər. Addım-addım torpaqlarımız mina və partlamamış döyüş sursatlarından təmizlənir. Hər gün irəli gedir, hər gün uğur qazanırıq. Fakt olaraq bildirim ki, altı ay ərzində 800 hektar ərazi tam təmizlənib. Artıq bu yerlər quruculuq işlərinin aparılması üçün təhlükəsizdir. İndi torpaq rahat nəfəs alır. Təmizlənmiş ərazilərdə quruculuq və əkin-biçin işlərinin aparıldığını görəndə ürəyimizə sevinc dolur, fərəh hissləri keçiririk.
- Xidməti vəzifələrini layiqincə yerinə yetirən zabit və əsgərlərdən kimlərin adlarını çəkmək istərdiniz?
- Şəxsi heyətin hamısı üzərlərinə düşən vəzifənin öhdəsindən peşəkarlıqla gəlirlər. Bacarığına, işgüzarlığına görə biri o birindən fərqlənmir. Hamımızın məqsəd və məramı işğalçılardan azad olunmuş ərazilərimizi tez bir zamanda mina və partlamamış döyüş sursatlarından təmizləməkdir. Bölmədə xidmət edənlərin hər birinin zəhməti danılmazdır, onlar bacarıq və çalışqanlıqları ilə komandanlığın rəğbətini qazanıblar.
- Yolboyu erməni qəsbkarlarının Ağdam rayonunun ərazisində törətdiyi dəhşətli dağıntıları gördük. Kəndlər min illərin xarabalığını xatırladırdı. Siz bu ağrılı səhnələri hər gün görürsünüz. Mənə elə gəlir ki, dünyanın heç bir yerində bu cür vəhşilik, barbarlıq törədilməyib. Bunu yalnız ermənilər ediblər.
- Çox haqlısınız. Doğrudan da, ermənilər uzun illər işğalda saxladıqları ərazilərimizdə insanlıq adına ləkə olan vəhşiliklər törədiblər. Bütün bunlar bir daha onların vəhşi, barbar olduqlarından xəbər verir. Dediyiniz kimi, bu ürəkdağlayan səhnələr düşmənə olan nifrətimizi daha da artırır. Məlumdur ki, ermənilərin dağıdıb yerlə-yeksan etdikləri kənd və şəhərlərimizin bərpasına xeyli vaxt lazım olacaq. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Ağdamda da quruculuq işlərinə başlanılıb. Artıq qısa müddət ərzində xeyli iş görülüb.
- Yəqin ki, sizinlə növbəti görüşlərimiz xeyli irəlilərdə olacaq.
- Təbiidir ki, bu cür olacaq. Çünki biz ərazilərimizi mina və partlamamış döyüş sursatlarından təmizləyə-təmizləyə irəli gedirik. Başlıca məqsədimiz və istəyimiz yurd-yuvasından didərgin düşmüş insanların yaxın vaxtlarda doğma ocaqlarına qayıtmasıdır.
- Bu məsuliyyətli işlərinizdə sizə uğurlar arzulayırıq.
- Çox sağ olun!

Söhbəti apardı: Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"