Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2022 11:20

Vətən ən böyük dəyərdir, onu qorumaq gərək

Babalarımızdan miras qalan əmanətin, Vətənimizin bugünkü müdafiəçisi olan oğullarımız xalqımızın, dövlətimizin firavanlığının əsas təminatçılarıdır. Məlumdur ki, övlad ailənin, əsgər isə komandirinin güzgüsüdür. Bu gün xidmətdə olan gənc əsgərlərimizin əsl döyüşçü, layiqli vətəndaş kimi yetişməsində gənc zabitlərimiz əsas pay sahibidirlər. Vətənpərvər əsgərin formalaşmasında komandirin rolunun nədən ibarət olması ilə bağlı mövzunun hər kəs üçün maraqlı olacağını düşünüb gənc zabitimiz kapitan Səhman Əliyev ilə həmsöhbət olduq və onun fikirlərini qələmə aldıq.
- Ümummilli lider Heydər Əliyev gələcəyimizin memarları olan gənclərin vətənpərvər ruhda tərbiyə olunmasını, milli mənlik şüurunun təkmilləşdirilməsini dövlət səviyyəsində prioritet hesab edirdi. Bilirik ki, Vətəninə, xalqına məhəbbət hissi yüksək olan kəsi irəlilədiyi yolda heç kim və heç nə məğlub edə bilməz. Necə ki, qəhrəman oğullarımız tarixboyu Vətənimizin var olması, onun ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalıb,  adlarını qəhrəmanlıq tariximizə ömürlük həkk ediblər. Tarix yazan hər bir qəhrəman bugünkü Vətən müdafiəçisi əsgərlərimiz üçün əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsidir. Biz də öz növbəmizdə şəxsi heyətə Vətənə sevgi, xalqa, elə-obaya sədaqət, dilinə, mədəniyyətinə və adət-ənənələrinə hörmət hissini aşılamaq üçün müxtəlif tədbirlər həyata keçiririk. İctimai-siyasi hazırlıq məşğələlərində keçirilən dərslər, bayram günlərində viktorinalarda verilən sual-cavablar əsgərlərin vətənpərvərlik tərbiyəsinə mühüm təkan verir. Onlara vətənpərvər Azərbaycan gənci olaraq, hər birimiz illərdir ata-babalarımızın bizlərə əmanət etdiyi mənəvi zənginlikləri layiqincə qoruyub saxlamağı izah edirik. Çünki vətənpərvərlik hissi döyüş ruhuna mühüm təsir edən amillərdəndir. Həmçinin aparılan hər mübarizədə, döyüşdə fərdin özünə olan inam hissini artırır. Bir insan öz məmləkəti ilə bağlı nə qədər çox məlumata sahib olarsa, Vətənini dərindən sevər, onu qorumağı özünə müqəddəs amal bilər. Vətənimizin müdafiəsinə və onun uğrunda döyüşə hər birimiz istənilən an hazır olmalıyıq. Onun varlığı, firavanlığı və inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik. Çünki Vətən ən böyük dəyərdir, onu qorumaq gərək.
Zabit, həmçinin qeyd edir ki, şəxsi heyətə qəhrəman oğullarımızı tanıtma və onların göstərdikləri şücaət haqqında danışmaq da çox vacib nüansdır. "Ölkəmizin, torpaqlarımızın bütövlüyü uğrunda vuruşan, millətimizin rifahı üçün canından keçən şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutmağa borcluyuq. İnsan var ki, uzun ömür yaşasa da, həyatda heç nəyə nail olmur, yalnız qəhrəman oğullar yaşadığı qısa ömrü ilə adını tarixdə əbədiləşdirməyi bacarır. Tarixini bilməyən şəxs yaxşı vətəndaş, əsl vətəndaş olmayan kəs isə əsl döyüşçü ola bilməz. Biz bu gün gənclərimizi maarifləndirməli, xalqımız, dövlətimiz haqqında tarixi həqiqətlərlə onları tanış etməli, igid oğullarımızı onlara tanıtmalıyıq. Bu gün üzərində gəzdiyimiz torpaq o igidlərin qanı ilə Vətənləşib. Bu torpağın hər qarışını layiqincə müdafiə etməliyik", - deyən zabit S.Əliyev söhbətini başa çatdırdı.
Gənc əsgərlərə Azərbaycan Ordusu haqqında məlumatların, hərbi nizamnamələrin öyrədilməsini, müddətli həqiqi hərbi xidmətə fiziki, psixoloji cəhətdən hazır olmasını, Vətənə xidmətin övladlıq və şərəf borcu bilməsini təmin edən şəxslər məhz komandirlərdir. Biz də öz növbəmizdə ordumuzun təməl sütunlarından olan əsgərlərimizin əsl döyüşçü, layiqli vətəndaş kimi formalaşmasında əməyi olan hər bir kəsə minnətdarlığımızı bildirir, müsahibimiz Səhman Əliyevin timsalında bütün gənc komandirlərə bu müqəddəs missiyada uğurlar arzulayırıq.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"