Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2022 12:44

“Şuşadan gələn addım səsləri”

Şuşanın füsunkar gözəlliyini seyr edən zaman uzaqdan qulağıma nizami addımlarla irəliləyən əsgərlərimizin dediyi "Vətən sənə canım fəda" şüarının səsi gəldi. Ruhumuzun dinclik tapdığı bu yerdə eşitdiyimiz addım səsləri nəğmə kimi insanın cisminə hopurdu. Tez səs gələn tərəfə addımladım. Uzun zaman düşmən işğalında olan, Vətən müharibəsi ilə azad edilən Şuşa şəhərində leytenant Ağarəşid Əliyevin nəzarəti altında sıra hazırlığı məşğələsi keçirilirdi. Gənclərin verilən komandaları cəld yerinə yetirmələri, nizamlı şəkildə sağa-sola, geriyə dönmələri və yerində addımlamaları hər bir kəsə xoş ovqat aşılayırdı. Belə vətənpərvər və igid oğulların sayəsində düşmən məğlub oldu və Qarabağımız gerçək sahibinə qovuşdu.

Məşğələ rəhbərinin dərs prosesində əsgərlərə hərbi bilikləri öyrətməsi, sıra hazırlığının bütün incəliklərini ustalıqla izah etməsi onun bacarıqlı və peşəkar hərbçi olmağından irəli gəlirdi. Bu isə dərsin yüksək səviyyədə keçməsini təmin edən vacib amillərdən biridir. Belə məşğələlərin keçirilməsində əsas məqsəd şəxsi heyətə sıra vərdişlərini aşılamaq və onlarda ruh yüksəkliyi yaratmaqdır. 

Dərsi maraqla izlədik. Leytenant Ağarəşid Əliyevin komandası ilə şəxsi heyət sıra elementlərini öyrənirdilər. Yaranan fasilə zamanı fürsətdən istifadə edərək zabitə yaxınlaşdım. O bildirdi ki, ordu sıralarında əsas amillərdən biri məhz nizam-intizamdır. "Bunun üçün biz təsdiq olunmuş günün nizam qaydasına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələsini keçirik. Əsgərlər verilən komandaları həvəslə yerinə yetirir və nizamnamənin bütün incəliklərini dərindən öyrənirlər".

 Sıranın müqəddəsliyindən danışan məşğələ rəhbəri söhbətinə davam etdi: "Hər gün biz şəxsi heyətə Vətən uğrunda canlarından keçən minlərlə qəhrəman oğullarımızın hər zaman bizim sıralarımızda olduqlarından danışırıq. Çünki onların sayəsində ərazi bütövlüyümüzü bərpa edib, haqq-ədaləti bərqərar etdik. Buna görə də qəhrəman şəhidlərimizi hər zaman yaşadacaq və onların döyüş yollarını özümüzə örnək biləcəyik".

Söhbət zamanı öyrəndim ki, gənc zabitimiz Vətən müharibəsində Füzuli, Qubadlı və Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Hərbi xidmətə Balakən rayonundan çağırılan əsgər Rasim Ağayev Vətəni qorumaq kimi müqəddəs və şərəfli bir vəzifəni yerinə yetirmək üçün bacarıqlı bir əsgər olmağın sirlərindən danışdı. "Qarşıya qoyulan şərəfli vəzifənin öhdəsindən gələ bilmək üçün hərbin bütün sirlərinə dərindən yiyələnib, nizam-intizamlı olmalıyıq. Bunun üçün peşəkar komandirlərimizin nəzarəti altında keçirilən məşğələlərdə fəal iştirak edir, sıra hazırlığının bütün elementlərini öyrənirik. Keçirilən dərslərin nəticəsidir ki, bilik və bacarıqlarımız, döyüş ruhumuz yüksək səviyyədədir".

- Bu gün Azərbaycan Ordusunun əsgəri adını daşımaqdan və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində xidmət etməyimdən qürurverici heç nə ola bilməz, - deyə əsgər Sənan Kərimli söhbətə başladı. - Hər zaman əsgər olmağı və Vətənə olan övladlıq borcumu şərəflə yerinə yetirməyi arzulamışam. Vətən müharibəsində 18 yaşım tamam olmadığı üçün xidmətə gələ bilmədim. Bunun üçün heyfsilənmirəm. Çünki Vətənimizin igid oğulları bütün şəhidlərimizin qisasını almaqla yanaşı, doğma torpaqlarımızı işğalçılardan azad etdilər. O an yaşadığımız hissləri sözlə ifadə edə bilmərəm. Müzəffər Ali Baş Komandan qələbə müjdəsini xalqımıza çatdıranda sevincimizdən gözlərimiz yaşardı, ruhum sanki cismimdən ayrılaraq Qarabağa uçdu. Bu xoşbəxtliyi bizə yaşadan bütün əsgər və zabitlərimizə hər zaman minnətdar olacağıq. Mən də öz növbəmdə söz verirəm ki, xidmətimi düzgün təşkil edəcək, verilən bütün əmr və tapşırıqlara sözsüz tabe olacağam.

Əsgər Ayxan Mahmudov da Qarabağın tacı olan Şuşa şəhərində xidmət etməyin qürurundan danışdı: "Uzun illər bu torpaqlarda ermənilər gəziblər. Artıq işğala son qoyulub. Təkcə Şuşadan yox, Hadrutdan, Füzulidən, Ağdamdan Cəbrayıldan, Kəlbəcərdən, Laçından... Azərbaycan əsgərinin addım səsləri gəlir. Sıra hazırlığı dərslərində hər atdığımız addım Xanın, Bülbülün nəğmələri ilə qarışır. Nə xoş bizə ki, qalib ordunun sıralarında Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xidmət edirik". 

Əsgərlər Fərid Cəfərov, Amil Orucov, İlkin Mehdiyev və başqaları da keçirilən dərslərin mahiyyət və əhəmiyyətindən, Azərbaycan Ordusunda xidmət etməyin qürurundan, sosial-məişət şəraitlərinin yüksək səviyyədə olmağından, Vətənə sədaqətlə xidmət etdiklərindən danışdılar. Burada xidmət edən əsgərlər bir amal uğrunda birləşiblər - ölkəmizin müdafiəsində ayıq-sayıq dayanmaq. 

 

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"