Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2022 12:44

Qürurlanıram ki, Vətən müharibəsi iştirakçısıyam

Yeniyetmə Həzi Aslanovun tam artilleriya generalı Səməd ağa Mehmandarova cavabı mənim də düşüncələrimin səmtini müəyyənləşdirib. Orta məktəbi bitirəndə hərbçi olmağı, həm də on illərdən sonra Həzi Aslanovun davamçılarından olmağı qərara almışdım. Ailəmiz fikrimi bəyəndi...

Hərbi təhsilimi Rusiya Federasiyasının Omsk şəhərindəki hərbi məktəbdə almışam. Kursant olduğum illərdə zabitlərdən biri Azərbaycandan olduğumu biləndə səmimiyyətlə, hiss edilməsi çətin olmayan sevgi ilə əlini çiynimə qoyub dedi:

- Babam Həzi Aslanovun diviziyasında xidmət edib. Atam babamla söhbətlərindən sonra tankçı olmağı qərara alıbmış, mən atamın söhbətlərindən sonra. Yəni, mən özümü iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun davamçısı hesab edirəm...

Qürurlanmışdım. O qüruru indi də yaşayıram. Tankçı kimi, tank mütəxəssisi kimi yaşayıram.

Vətən müharibəsində döyüşçülərimiz düşmənin yüzlərlə döyüş texnikasını, tankını vurmuşdu. Vurulan tankların döyüşdən çıxardılması əsasən bizə tapşırılırdı. Tanklar çıxarıldıqdan sonra texniki kəşfiyyat qrupu onun istismara yararlı olub-olmadığını, təmirə hansı səviyyədə ehtiyacı olduğunu müəyyənləşdirirdi.

Vurulmuş tankı döyüş meydanında  işə salmaq, hərəkətə gətirmək çətin və riskli işdir. Müharibə şəraitinə uyğun olaraq biz bu riskləri minuma endirərək əmrləri məsuliyyətlə, ehtimal olunan müddətdə yerinə yetirirdik. 

Bir epizod heç yadımdan çıxmaz. Yenə vurulmuş düşmən tankını çıxarmaq əmri verilmişdi. Əmri özüm yerinə yetirməyi qərara aldım. Çətinliklə də olsa tanka yaxınlaşıb onu işə saldım. Tank təzə idi və ermənilər yenə də qorxaq kimi texnikanı atıb qaçıbmış. Bir saatdan sonra həmin tank düşmənin özünün qəniminə çevrildi. Necə sevinirdim! Həm düşmənə vurulan zərbələrə, həm də zərbənin düşmənin öz tankı ilə vurulduğuna görə!

Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Vətən müharibəsi noyabrın 10-da başa çatdı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişəm.

Qürurlanıram ki, mən də həm Həzi Aslanovun davamçılarından biri, həm də Vətən müharibəsi iştirakçısıyam...

 

Kərim MƏMMƏDOV “N” hərbi hissəsi