Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2022 12:44

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Hərbi etikanın əsasları. Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər, bölmədə sağlam əhval-ruhiyyənin yaranmasında kollektivin rolu.

 

Suallar:

1. Hərbi etikanın əsasları.

2. Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər və yüksək davranış qaydaları.

 

Hərbi etikanın əsasları

 

Etika qədim yunan dilində "şəxsin əxlaqi baxımdan adət və xasiyyəti" mənasını ifadə edən "etnos" kəlməsindən törəmişdir. Etikanın əsas mövzusu əxlaq anlayışıdır. Etika insanların həm ayrı-ayrı fərdlərlə, həm də ictimaiyyətlə münasibətlərin təməlini təşkil edən dəyərlər, normalar, qaydalar, səhv-düz və ya yaxşı-pis kimi xüsusiyyətləri əxlaqi baxımdan öyrənən fəlsəfi nizamdır. Etika faydalı, yaxşı, pis, doğru və yanlış kimi məfhumları tətbiq edən fərdi və ya qrup davranış və münasibətlərində nəyin məqbul, nəyin qeyri-məqbul olduğunu müəyyən edən əxlaqi tezislər, dəyərlər və standartlar sistemidir. 

Əxlaqi münasibətlər ictimai münasibətlər sistemində mühüm yer tutur ki, bunlar da əxlaq haqqında elm olan "etika" tərəfindən öyrənilir. Əxlaqın məkanı - insanlar arasındakı münasibətlərdir. İnsanın güclü və ağıllı olmasını müəyyən etmək üçün onu digər insanlarla müqayisə etmək vacib deyil, çünki bu, fərdin özünəxas xüsusiyyətləridir. Lakin insanın nə dərəcədə xeyirxah, əliaçıq, mehriban olmasını və bu kimi digər xüsusiyyətlərinin şahidi olmaq üçün onu məhz başqaları ilə ünsiyyət prosesində görmək zəruridir. 

İnsani əxlaq şüurla birgə doğulmur. O, əxlaq normalarını və davranış qaydalarını tədricən mənimsəyir. Bu normalar və qaydalar müəyyən vaxtdan sonra onun fərdi şüurunda özünə yer tapır ki, bu da "yaxşını pisdən" ayırmağa kömək edir. İnsan çox vaxt hətta öz istəyinin əksinə gedərək, ictimai rəyi nəzərə alıb, hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına uyğun hərəkət etməli olur. Çünki cəmiyyətdə yaşayan insan ondan təcrid oluna bilməz. O, bu və ya digər mənada cəmiyyət qanunlarına tabe olmaq məcburiyyətində qalır. Çox vaxt, əsasən, "öz ürəyinin hökmü ilə" hərəkət edən insan cəmiyyət və ayrı-ayrı şəxslər qarşısındakı borc və vicdan hisslərinin təhriki ilə hər hansı addımı atır və bu zaman özü də hiss etmədən ictimai mənafe şəxsi mənafedən üstün tutulur. Belə olmasaydı, nə maddi-mənəvi nemətlər istehsal oluna bilər, nə də insan cəmiyyəti mövcud ola bilərdi.

Peşə etikası insanların peşə fəaliyyəti ilə əlaqədar aralarındakı münasibətlərin mənəvi xarakterini təmin edən davranış kodeksidir. Bir çox əxlaq normalarının ümumbəşəri xarakter daşımasına baxmayaraq müxtəlif peşələrlə əlaqədar fəaliyyət növlərinin də özünəməxsus davranış normaları var. Etikanın əlaqədar fəaliyyət növlərindən biri də hərbi etikadır (hərbi-etik normalar). 

Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış qaydaları" haqqında Əsasnamədə hərbi qulluqçular üçün etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər müəyyən edilmişdir.

Hərbi xidmət - insanlardan yüksək intizam, icraçılıq, dəqiqlik, təmkinlilik, dözümlülük və çeviklik tələb edən fəaliyyət sahəsidir. Hərbi qulluqçuların xidməti fəaliyyət və ondan kənar vəziyyət şəraitində davranış, müvafiq hərəkət və hadisələrə düzgün reaksiya vermə qabiliyyətini formalaşdıran əxlaqi normalar öz əksini hüquqi sənədlərdə, qanunlarda, nizamnamələrdə, təlimatlarda, komandirlərin əmrlərində tapır. Buna görə əxlaqi tələblər qanun  qüvvəsinə minir. Məsələn, qorxaqlıq cəmiyyətdə insanın psixoloji durumunun keyfiyyət göstəricisi kimi yalnız mənəvi baxımdan pislənirsə, hərbi kollektivdə aşkar edilən qorxaqlıq isə çətin məqamda döyüş tapşırığının uğurla yerinə yetirilməsinə mane olan zərərli və təhlükəli bir amil kimi aradan qaldırılmalıdır.

Odur ki, hərbi qulluqçuların qarşısında həmişə hərbi-etik normalardan irəli gələn yüksək tələblər qoyulur. Bununla belə, əxlaq qanunlara, nizamnamələrə kor-koranə tabe etdirilmir. Əksinə, Azərbaycan Ordusunda hərbi xidməti tənzimləyən bütün hüquqi sənədlər, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət, İntizam, Qarnizon və Qarovul Xidmətləri və Sıra nizamnamələri Vətən qarşısında borcun yerinə yetirilməsində könüllülüyün, şüurluluğun, təşəbbüskarlığın vacibliyini vurğulayır. Hərbi xidmətə çağırılan hər kəs Vətənimiz Azərbaycana sadiq olacağına, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirəcəyinə, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağına təntənəli surətdə and içir.

Hərbi borcunu daim nümunəvi yerinə yetirən hər bir bacarıqlı döyüşçü yüksək mənəviyyata malikdir. Hərbi borcu həm də ləyaqətlə yerinə yetirmək hərbçinin şərəf işidir. Öz vəzifəsinə layiqincə yanaşmaq hərbi qulluqçulardan bəzən böyük çətinlikləri dəf etməyi tələb edir. Hərbi kollektivin uğuru onun hər bir üzvünün fəaliyyətindən asılıdır. Əgər hamı  öz vəzifəsinə Hərbi andın, nizamnamələrin tələblərinə uyğun yanaşırsa, deməli nailiyyət labüddür.

Hərbi etikanın vacib normalarından biri hərbi kollektivdə böyüyə hörmət etmək, subardinasiya qaydalarına riayət etməkdir. Vəzifəcə və rütbəcə kiçik olanlar rəisləri nizamnaməyə uyğun olaraq əsgəri qaydada birinci salamlayır və onlara rütbələri ilə müraciət edirlər.

Hərbi qulluqçu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Hərbi qulluqçular öz aralarında da nəzakətli olmalı, bir-birinə "siz" deyə müraciət etməlidirlər. Bu qayda rəislərə də, onların tabeliyində olanlara da eyni dərəcədə şamil edilir. Hərbi qulluqçu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı komandiri (rəisi) ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.  

Hərbi qulluqçu xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə hərbi xidmətin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O,  Azərbaycan Respublikasının, hərbi xidmətin və hərbi qulluqçunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

Azərbaycan zabiti və əsgəri adını daşıyan hər kəs öz yüksək mədəniyyəti, nəzakəti, təvazökarlığı ilə nümunə olmalıdır. İctimai yerlərdə, nəqliyyatda hərbi qulluqçu rütbəcə böyük olan zabiti, rəisi salamlamalı və ona hörmət etməlidir.

Hərbçilər mülki əhaliyə qarşı da nəzakətli davranmalı, Azərbaycan zabiti və ya əsgəri adını uca tutmalı, bu şərəfli ada ləkə gətirməməlidirlər. Bədbəxt hadisələr zamanı biganə qalmamalı və bacardıqları köməyi göstərməlidirlər. Hər bir döyüşçü səliqəli geyinməli, əlini cibində saxlamamalı, rəisinin və ya komandirinin yanında qeyri-etik hərəkətlərə yol verməməlidir.

Hərbi qulluqçunun mənəvi simasını göstərən cəhətlərdən biri də onun danışığıdır. Ünsiyyət zamanı aydın, səlis və inandırıcı sözlərə üstünlük vermək lazımdır.

 

Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər və yüksək davranış qaydaları

 

Kollektiv insanların şüurlu şəkildə toplanmış birliyi və ictimai fəaliyyətin yerinə yetirilməsi üçün birgə fəaliyyətidir. Kollektiv insanlar arasında münasibət formalarına və fəaliyyətin xarakterinə görə fərqlənir. Bu birgə insan fəaliyyəti içərisində hərbi kollektiv xüsusi yer tutur.

Hərbi kollektiv - ölkənin və onun sərhədlərini xarici təcavüzdən silahli müdafiəsini təmin etmək üçün vahid komandanlıq prinsipi əsasında toplanmış hərbçilərin sarsılmaz birliyidir. Azərbaycan Ordusu, qoşun birləşmələri - korpus, briqada, tabor, bölük, taqım hərbi kollektivlərdir. Azərbaycan Ordusunda ilk kollektivlər taqım və bölüklərdir. Burada hərbçilər bir-biri ilə fasiləsiz iş, məişət və digər əlaqədədirlər. Hərbi kollektivdə şəxslərarası münasibətlər mühüm rol oynayır. Şəxslərarası münasibətlər dedikdə, gündəlik ünsiyyət prosesində, müxtəlif tapşırıqların yerinə yetirilməsi gedişində, xidmət və istirahət vaxtı kollektivin üzvləri arasında yaranan münasibətlərin müxtəlif forma və növləri nəzərdə tutulur.

Hərbi kollektivdə mövcud olan qarşılıqlı münasibətlər - hərbi qulluqçuların həyatında, hərbi xidmətində ünsiyyət zamanı yaranan münasibətlər sistemidir. Onlar arasındakı münasibətlər həm cəmiyyətdə işləyən qanunlar, həm də qanun qüvvəsində olan hərbi nizamnamələr vasitəsilə tənzimlənir. Hərbi xidmətə çağırılan hər bir kəs ordu kollektivinin bir üzvünə çevrilir və silahdaşları ilə nizamnamələrin tənzimlədiyi ictimai və qarşılıqlı münasibətlərə girir. Hərbi nizamnamələr ordunun xüsusiyyətini və qarşısında duran vəzifələri nəzərə almaqla hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin prinsiplərini müəyyən edir və onlarda döyüş yoldaşlığını uca tutmağı, sözdə və əməldə silahdaşlarına kömək etməyi, onları nalayiq hərəkətlərdən çəkindirməyi tərbiyə edir.

Qanunlarda qarşılıqlı münasibətlərin əsas prinsipləri belə ifadə olunur: vahid komandanlıq; subardinasiya münasibətləri (kiçik vəzifəlinin böyük vəzifəliyə tabe olması); hərbi yoldaşlıq, dostluq və kollektivçilik münasibətləri; hərbi nəzakət, şərəf və ləyaqət prinsipləri; ədalətlilik prinsipi; humanistlik (insansevərlik) prinsipi və digərləri. 

Bu prinsiplər həm xidməti (rəsmi), həm də qeyri-xidməti (qeyri-formal) qarşılıqlı münasibətlərin hüquqi və mənəvi-əxlaqı əsasını təşkil edir. Xidməti münasibətlər, hərbi qulluqçular funksional vəzifələrini, yəni döyüş növbətçiliyi, qarovul və daxili xidmət, təlim-döyüş və digər xidməti tapşırıqları yerinə yetirərkən özünü büruzə verir. Qeyri-formal münasibətlər isə hərbi qulluqçuların şəxsi əlaqələrində, ilk növbədə məişət mühitində, istirahət və asudə vaxtı qurularaq inkişaf edir. Burada hər bir hərbçinin fərdi-psixoloji xüsusiyyətləri mühüm rol oynayır. 

Qarşılıqlı münasibətlərin ən geniş yayılmış növü yoldaşlıq münasibətləridir. Onlar bir qayda olaraq xidməti - işgüzar əlaqələr üzərində qurulur. Burada birgə fəaliyyətin və ünsiyyətin məqsəd, vasitə və nəticələri əlaqələrin inkişafını müəyyən edir və ümumi funksiyaları bölüşdürür. Buna görə də hərbi qulluqçular arasında bir-birlərinə yoldaş deyərək müraciət edirlər. 

Hərbi qulluqçular arasındakı münasibətlərin daha bir növü qarşılıqlı anlaşma və kömək üzərində qurulan dostluqdur. O başqa bir insana olan xoş münasibətdən (rəğbətdən), ona olan hörmətdən başlayır. Əgər rəğbət bir qayda olaraq emosiyalara və hissiyyata əsaslanırsa, onda hörmət digər şəxsin yüksək mənəvi keyfiyyətlərinin tanınması deməkdir. Döyüş yoldaşlığı münasibətləri isə xüsusilə dəyərlidir. Onu əsgəri qardaşlıq da adlandırırlar. Döyüşlərdə iştirak etmiş hərbi qulluqçular arasında döyüş yoldaşlığı, "qardaşlığı" xüsusilə aydın görünür. Birinci Qarabağ, Vətən müharibəsi iştirakçıları döyüş yoldaşlarının, bir yerdə döyüşlərdə iştirak etdikləri, demək olar ki, doğmalaşdıqları xidmət yoldaşlarının xatirəsinə böyük hörmətlə yanaşırlar.  

Hərbi kollektivdə həmrəylik xeyli dərəcədə həm də kollektiv əhval-ruhiyyədən asılıdır. O, hansısa bir hadisə ilə əlaqədar ümumi sevinc hissi, inam və nikbinlik, bəzən əksinə ruh düşgünlüyü, pessimizm, inamsızlıq,  müharibə vaxtı isə - təşviş formasında təzahur edir. Kollektivdə  ən arzuolunan əhval-ruhiyyə həyatsevərlik və nikbinlikdir.

Hərbi kollektivdəki mənəvi-psixoloji mühitin köməyi ilə bütün kollektivin fəaliyyəti realizə olunur. Mənəvi-psixoloji mühitin xarakterindən asılı olaraq onun kollektivin üzvlərinə təsir qüvvəsi də müxtəlif cür olacaqdır. Yüksək mənəvi-psixoloji mühit kollektiv üzvlərinin əhval-ruhiyyəsinin yüksəldilməsinə kömək edir, gümrahlığını, inamını, təşəbbüskarlğını artırır.

Hərbi-etik davranış xüsusiyyətləri hərbi xidmət nizamnamələrində öz əksini geniş şəkildə tapmışdır və həmin normalar zabitlərimiz üçün qarşılıqlı münasibətlərin tənzimlənməsinə, ordu kollektivində möhkəm hərbi intizamın təşəkkül tapmasına xidmət edən yararlı istifadə mənbəyidir.

Azərbaycanda ordu quruculuğu dövlət səviyyəsində, dövlətin yaxından iştirakı və qayğısı ilə aparılmaqdadır. Bu iş şəxsən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirərək yüksək mənəviyyata malik olması, Hərbi andın, nizamnamələrin tələblərinə uyğun yanaşmaqla bölmədə sağlam əhval-ruhiyyəni yaradaraq Azərbaycan Ordusunun inkişafının yeni bir səviyyəsinə yüksəldəcək. 

 

İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi