Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2022 12:44

“Döyüşlərdə sıradan çıxmış texnikalar qısa müddət ərzində təmir olunurdu”

Vətən müharibəsində qələbənin qazanılmasında gənc zabitlərimizin də göstərdikləri igidlik və qəhrəmanlıq nümunələri danılmazdır. Bu oğullar döyüşlərdən doğmalarının yanına qələbə ilə qayıtdılar. Belə zabitlərdən biri də bu gün xidmətini uğurla davam etdirən baş leytenant Elmar Cəlilovdur. Gənc zabit Vətən müharibəsinin ilk günlərindən sonadək döyüşlərdə iştirak edib. Yurdumuzun azadlığı naminə hərbçi kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib.

Baş leytenant Elmar Cəlilov haqqında hərbi hissədə xoş sözlər eşitdik. Zabit Aqil İsmayılov onun xidmətindən söz açaraq bacarıqlı, peşəkar hərbçilərdən biri olduğunu dedi. Hər zaman ona verilən əmr və tapşırıqları bacarıqla yerinə yetirdiyini və texnikaların daim işlək vəziyyətdə olmasını diqqət mərkəzində saxladığını bildirdi. 

Gənc zabitimiz Elmar Cəlilov Masallı rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra övladlıq borcunu yerinə yetirmək üçün ordu sıralarına yollanıb. Xidmət müddətində hərbi sirləri dərindən öyrənib, hərbi bilikləri mənimsədikcə ordu həyatına sevgi və məhəbbəti daha da artıb. Müddətli xidmətini uğurla başa vurub və 2016-cı ildə ömrünü hərbiyə bağlamaq məqsədilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı kursu"nu uğurla bitirərək, "N" hərbi hissəsində xidmətə başlayıb. Vətən müharibəsi başlayanda o da komandanlığın əmri ilə üzərinə düşən tapşırıqları yerinə yetirmək üçün döyüşlər gedən əraziyə ezam olunur.

Həmin gərgin və şərəfli günləri xatırlayan baş leytenant Elmar Cəlilov dedi: 

- Hərbçi kimi üzərimizə düşən ən başlıca vəzifə yurdumuzu qəsbkarlardan azad etmək idi. Biz buna həmişə hazır idik. Atəşkəs rejiminin tez-tez pozulması günlərin birində torpaqlarımızın azadlığı uğrunda döyüşlərin başlayacağından xəbər verirdi. Həmin gün yetişmişdi. Torpaqlarımızın azadlığı uğrunda mübarizə - Vətən müharibəsi başladı. Döyüşlərin elə ilk anlarından komandanlıq bizə ordunu zəruri əşya və avadanlıqlarla, texnika ilə təmin etmək tapşırığını verdi. Əmri yerinə yetirmək üçün vaxt itirmədən cəbhə xəttinə yola düşdük. Döyüş yolumuz Cəbrayıl və Füzuli istiqamətindən başladı. Olduqca gərgin döyüşlər gedirdi. Atəş səslərindən yer-göy lərzəyə gəlmişdi. İlk dəfə idi ki, belə səhnələr görürdüm. Ordumuz düşmənin istehkamını dağıtmış və əks-hücum əməliyyatlarına başlamışdı. Biz də üzərimizə düşən tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni əsirgəmirdik. Mütəxəssislərin köməkliyi ilə sıradan çıxan texnikaları qısa müddət ərzində təmir edib hərbçilərimizin istifadəsinə verirdik. Ordumuzun ilk uğurları, zəfərləri yurdumuzun işğaldan azad olunacağına inamımızı daha da artırırdı. Füzuli və Cəbrayıl istiqamətindən başlanan döyüş yolumuzu Qubadlı və Xocavənd rayonlarında da uğurla davam etdirdik. Hadrut qəsəbəsinin azad olunması uğrunda aparılan hərbi əməliyyatlar ən gərgin döyüşlərdən biri kimi yaddaşımdan silinməyəcək. Biz bu istiqamətdə də təkcə öz texnikalarımızla deyil, ermənilərdən qənimət kimi götürülmüş texnikaları da cəlb edərək daim irəli gedirdik. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində qarşımıza qoyulan bütün döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldik. İkinci Qarabağ müharibəsindən zəfərlə qayıtdığımıza görə hamımız qürurluyuq. Bu gün də hərbi xidmətimizi uğurla davam etdirir, müstəqilliyimizin, ərazi bütövlüyümüzün əbədi-əzəli olması üçün üzərimizə düşən bütün döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirməyə çalışırıq.

 

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"