Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2022 12:44

“Göstərilən diqqətdən ruhlanaraq nümunəvi xidmət etməyə can atırıq”

Əsgərlərin mənəvi-psixoloji durumu döyüş hazırlığını şərtləndirən ən mühüm amillərdəndir. Belə ki, yüksək əhval-ruhiyyədə xidmət edən şəxsi heyət keçirilən dərslərdə, təlim-məşqlərdə həvəslə iştirak edir, hərbi bilikləri daha yaxşı mənimsəyir. Müasir dövrdə də Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti onların  ruh yüksəkliyi ilə xidmət etmələrinə zəmin yaradır. Danılmaz faktdır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı hər an əsgərlərin üzərindədir.  Nəticədə onların məişət şəraiti yüksək səviyyəyə çatdırılıb, hərbi hissələrimizdə yeni yeməkxanalar, yataqxanalar, hamam-camaşırxanalar şəxsi heyətin istifadəsinə verilib. Onu da vurğulayım ki, artıq işğaldan azad olunmuş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdə də ürəkaçan şərait qurulub. Bir neçə yeni hərbi hissə, hospital, xidməti binalar istifadəyə verilib. Hazırda sərhədlərimizin keşiyində dayanan igidlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər səngimədən davam edir. 

Deyilən faktların hər addımda şahidi olduq. Bu yaxınlarda hərbi hissələrimizdən birində olarkən, onun ərazisi, xidməti binaları ilə tanışlığın son ünvanı əsgər yataqxanası oldu. 

Əsgərlər burada asudə vaxtlarında sinif otağında qəzet və jurnal oxuyur, məişət otağında sabahkı günə hazırlaşırdılar. Söhbətləşdiyim əsgərlər isə yataq otağının səliqə-sahmanı ilə məşğul olurdular. Otaqdakı birmərtəbəli çarpayılar, pambıq yataq dəstləri, yaylı döşəklər, tərtəmiz dəsmallar və digər lazımi əşyalar onların sosial-məişət şəraitinin və təminatlarının yüksək olduğunu göstərirdi. 

Əsgərlər Rövşən Həsənov və Elnur Ağayevlə salamlaşdım.  Rövşən dedi ki, belə yüksək şəraitdə xidmət etmək döyüş qabiliyyətimizə müsbət təsir edir. "Göstərilən diqqətdən ruhlanaraq  nümunəvi xidmət etməyə can atırıq. Hər birimiz hərbi hissədə yaradılan şəraitdən çox razıyıq. Bütün təminatlarımız qaydasındadır. Bizə göstərilən yüksək qayğıya görə Ali Baş Komandanımıza, ordumuzun rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk". 

Əsgər Elnur Ağayev isə düşüncələrini belə ifadə etdi. "Təminatımızın yüksək olması bütün çətinlikləri bizdən uzaq tutur. Qidalanmağımız, geyimimiz, istirahətimiz, asudə vaxtlarımızın təşkili yüksək səviyyədədir. Üzərimizə təkcə bir vəzifə düşür - nümunəvi xidmət etmək, komandirlərimizin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək, Azərbaycan Ordusuna layiqli əsgər olmaq".

Əsgərlərə xidmətlərində uğurlar arzulayıb yataqxanadan ayrıldım. Bölüyün baş çavuşu baş gizir Asəf Həsənovla birlikdə yataqxananın digər otaqları ilə tanış oldum. İçəridə yataq otaqları ilə yanaşı, müasir avadanlıqlarla təchiz olunmuş trenajor otağının, ideoloji sinifin, məişət otağının, saxlancın və digər otaqların da olduğunu gördük. Asəf yüksək şəraitlə bərabər şəxsi heyətin əşya-əmlakla da tam şəkildə təmin olunduğunu bildirdi. "Burada hər bir əsgər bütün lazımi ləvazimatlarla təmin olunub və qayğı ilə əhatələnib. Yataq camaşırları, əl-ayaq dəsmalları, paltarları vaxtı-vaxtında yuyulur. Həftəlik olaraq bütün camaşırlar saxlancda yığılan təmizləri ilə əvəz olunur. Təmizliyə, səliqə-sahmana, şəxsi heyətin gigiyenasına ciddi nəzarət edilir. Bundan başqa hərbi hissəmizdə müasir avadanlıqlarla təchiz olunan yeməkxana, camaşırxana, qazanxana, tibb məntəqəsi də fəaliyyət göstərir ki, bu da şəxsi heyətin sosial-məişət şəraitinin yüksək olmasının bariz nümunəsidir. Yaxşı şəraitlə, diqqət və qayğıyla əhatə olunan gənclər də yüksək əhval-ruhiyyədə xidmət edir, bacarıqlı əsgərlər kimi formalaşırlar", - baş gizir Asəf Həsənov dedi.  

Bu gün bir daha şahidi oldum ki, əsgərlərimizin sosial-məişət şəraitinin, təminatlarının ən yüksək səviyyəyə çatdırılması işi dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Yaradılan belə ürəkaçan şərait isə əsgərlərə sağlam mənəvi-psixoloji ruh aşılayaraq, onların döyüş əzmini daha da artırır. 

 

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"