Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2022 12:44

Yüksək döyüş hazırlığı ilə Vətən sevgisinin vəhdəti hər zaman qələbəyə aparır

İstər pre-konflikt, konflikt, istərsə də post-konflikt dövründə istehkamçıların üzərinə böyük və məsuliyyətli vəzifə düşür. Təbiidir ki, məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyi bacarmaq üçün yüksək döyüş hazırlığı, polad iradə tələb olunur. Çünki burada insan amili, ölüm riski olduğunu nəzərə alaraq, mühəndis istehkamçının səhvə yol vermə şansı yoxdur. Bunun üçün də peşəkarlıq ən vacib amilə çevrilir.

Ordu rəhbərliyinin qarşıya qoyduğu tapşırıqlara əsasən, istehkamçılarımızın öz ixtisasının və müasir tələblərin incəliklərinə dərindən yiyələnməsi üçün mühəndis hissə və bölmələrində arzuolunan şərait yaradılır. Mühəndis şəhərcikləri salınır, şəxsi heyət modern standartlara cavab verən mühəndis təchizatı alətləri ilə təmin edilir. Günümüzün tələblərinə uyğun qurulan mühəndis bölmələrində xidmət edən, dərslərdə, məşğələlərdə yetişən, təlimlərdə bərkiyən istehkamçılarımız bu gün də müqəddəs amala xidmət edərək, tarixi ərazilərimizi mənfur düşmənin basdırdığı saysız-hesabsız minalardan təmizləyirlər. Bu gün mühəndis-istehkamçılarımız şərəfli xidmətləri ilə ata-baba yurdumuzda həyatın yenidən canlanması, firavanlığın təmin edilməsi üçün böyük səylə çalışır, Vətənə övladlıq borcunu layiqincə yerinə yetirirlər.

"N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şərif Şəriflinin rəhbərliyi altında şəxsi heyətə döyüş hazırlığı üzrə praktiki çöl məşğələsi keçirilirdi. Dərsin rəhbəri mövzunu şəxsi heyətin diqqətinə çatdırır, tapşırıqları gənc istehkamçılarımıza izah edirdi. Bölmənin şəxsi heyətinə təminatda olan və müasir tələblərə cavab verən istehkam alətlərindən istifadə etmə, tapşırığı yerinə yetirmə üsullarını  öyrədən dərs rəhbəri ilə fasilə zamanı tanış olduq. 

44 günlük Vətən müharibəsində iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şərif Şərifli Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Məşğələ rəhbəri gənc istehkamçıların müasir tələblərə cavab verən mühəndis alətləri vasitəsilə qarşıya qoyulmuş tapşırıqları qısa və təhlükəsiz şəkildə yerinə yetirdiklərini qeyd etdi. "Nəzərə alsaq ki, mənfur düşmən illərdir işğalda saxladığı ərazilərə çoxlu sayda mina döşəyib, bu bizim işimizin müddətini bir az uzadır. Həmçinin ərazidə çoxlu partlamamış sursatlara da rast gəlinir. Dərslər zamanı şəxsi heyətə mühəndis təminatı tapşırıqların praktiki icrasını başa salırıq. Əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədə olduğu üçün tələb olunan işin öhdəsindən layiqincə gəlirlər. Çünki onlar bu ixtisasın məsuliyyətini və incəliklərini başa düşür, ani səhv və ya məsuliyyətsizliyin uğursuz sonluqla bitəcəyini bilirlər. Belə hadisələrin baş verməməsi üçün müharibənin canlı şahidi olmuş, real şəraitdə yaşadığı təcrübəni komandir heyəti dərslərdə şəxsən iştirak edərək, öz əsgərləri ilə bölüşürlər. Hərbi peşəkarlığın yüksəldilməsinə yönəlik keçirilən məşğələlərdə mənimsənilən bilik və bacarıqlar, təlimlərdə sınaqdan keçirilir. Həyata keçirilən tədbirlər nəticəsində hərbi qulluqçular böyük təcrübə qazanır və verilən tapşırığın yerinə yetirilməsində zəruri şərtlərdən olan operativlik və dəqiqlik təmin olunur. Dərslərin necə mənimsənilməsini öyrənməkdən ötrü tapşırıqlar təyin olunmuş normativlər əsasında yerinə yetirilir. Biz də öz növbəmizdə Vətən müdafiəçisi olan oğulların yüksək hərbi biliyə malik əsgər kimi formalaşması üçün komandirlərimizlə birlikdə əlimizdən gələni əsirgəmirik".

Gənc istehkamçı əsgər Rəşad Məmmədovdan yerinə yetirilən fəaliyyətlər barədə söhbət edərkən onun verdiyi cavablar bölmədə döyüş hazırlığının həm praktiki, həm də nəzəri qaydada aparıldığının göstəricisi idi. Qısa müddətdir xidmət etməsinə baxmayaraq artıq ixtisasının və üzərinə düşən əsas vəzifədən məlumatlı olan Rəşad bizə istifadə etdikləri cihaz və avadanlıqlarla bağlı informasiya verir. "Əlimizdəki müasir minaaxtaran cihaz Türkiyə istehsalıdır. Bu cihazlardan istifadə etməklə basdırılmış müxtəlif təyinatlı (piyada və tank əleyhinə) minaları aşkar etmək mümkündür. İstehkamçı tərəfindən tapılmış minanın yaxınına mina lövhəli bayraqlar basdırıldıqdan sonra digər heyət üzvü tərəfindən minanın yerində zərərsizləşdirilməsi və ya təhlükəsiz əraziyə aparılması fəaliyyətləri icra edilir. Real ərazilərdə mühəndis təminatı tapşırıqlarını icra edən əsgər yoldaşlarım minaaxtarma prosesində zolaq və nişanların da önəmini xüsusi qeyd edirlər. Zolaq şəxsi heyətin təhlükəsiz ərazidə irəliləməsi, nişanlar isə texnika və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün istifadə edilir. Mən də növbəti tapşırıqlarda iştirak edəcəyim üçün sevincliyəm və o günləri səbirsizliklə gözləyirəm. İstəyirəm ki, işğaldan azad edilmiş ərazilərimizdə həyatın yenidən canlanmasında mənim də payım olsun". 

Əsgər Rəşad Məmmədovla söhbət zamanı onu da öyrənirəm ki, dayısı Siyavuş Qasımov Birinci Qarabağ müharibəsində şəhid olub.

- Komandirlərimizin sayəsində bilik və təcrübələrimizi artırır, özümüzü təkmilləşdirməyə çalışırıq, - deyə əsgər İlyas Zahirov söhbətə başlayır. "Hər birimiz təlim-məşqlərdə fəallıq göstərir, dərs rəhbərlərinin bizə öyrətdiklərini dərindən mənimsəyirik. Qarşımıza qoyulan tapşırıqları həvəslə və məsuliyyətlə yerinə yetiririk. Komandirlərimizlə birlikdə işğaldan azad olunan ərazilərdə mühəndis təminatı tapşırıqlarında iştirak edirik. O torpaqlara getmək, oraları görmək çox gözəl hissdir. Lakin o torpaqlara yeni nəfəs, firavanlıq gətirmək amalı ilə xidmət etmək mənim qürurumu daha da artırır. Düşünəndə ki, qarşıdakı illərdə doğma torpaqlarımızın həqiqi sakinlərinin öz doğma yurdlarına Böyük Qayıdışı başa çatacaq və o yerlərdə yenə toy-bayram sədaları eşidiləcək, onda bu tarixi uğurda pay sahibi olaraq mən də sevinəcəm".

Növbəti müsahibim əsgər Rəhman Pirverdiyevdir. Xidmətini başa vurmağına sayılı günlər qalan təcrübəli əsgər vurğulayır ki, peşəkarlıqdan əlavə, səbir və intizam da bu ixtisasın vacib şərtlərindəndir. "Real mühitə uyğun olaraq hazırlanmış mühəndis şəhərciyində praktiki vərdişlərin təkmilləşdirilməsi və tapşırıqların icrasının məşq edilməsi üçün hər cür şərait yaradılıb. Bölməmizə yeni gələn hərbi qulluqçuların peşəkarlaşması üçün təşkil olunan praktiki məşğələlər burada keçirilir. Mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində tələskənliyə yol vermək olmaz. Fəaliyyətin səmərəliliyinin təşkili üçün komandirlərimizin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə müxtəlif minalardan təmizlənmə, partlamamış döyüş sursatlarının tapılma və zərərsizləşdirilməsi tapşırıqları icra edilir. Təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilir. Relyef şərtləri və hava şəraiti nəzərə alınmaqla təminatımızda olan müasir texnikalar vasitəsilə ərazilərin təmizlənməsi işləri görülür ki, bu da bizim minaaxtarma fəaliyyətimizi xeyli yüngülləşdirir".

Digər əsgər Ramil Həsənov da bildirdi ki, qələbənin əldə olunmasında vətənpərvərlik hissinin və yüksək döyüş hazırlığının rolu çox böyükdür. Məhz bu vəhdətin təzahürü idi ki, 44 günlük haqq savaşımızda tarixi torpaqlarımıza və Böyük Qələbəyə aparan yolları təmizləyən qəhrəman istehkamçılarımızın sayəsində o torpağın əsl sahibləri bu gün orada addımlayır. "Komandirlərimiz döyüşün canlı şahidi olmuş təcrübəli hərbçilərdir. Dərs və məşğələlərin səmərəli keçirilməsi üçün hərbi hissəmizdə hər cür şərait yaradılıb. Biz də öz növbəmizdə təlim-məşqlərdə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirib onlara başucalığı gətirmək üçün daim çalışırıq. Gənc əsgər olaraq ordu sıralarında xidmət etməkdən hər birimiz sevinc və qürur hissi keçiririk. Qalib ordunun əsgəri adını daşıyırıq və bu adı layiqincə doğrultmalıyıq. Artıq torpaqlarımız işğaldan azad olunub və həmin torpaqlarımıza yeni həyat vermək üçün mühəndis təminatını təşkil edir, Vətənə övladlıq borcumuzu ödəyirik".

Əsgərlərin qarşıya qoyulmuş tapşırıqları, normativə uyğun olaraq vaxtlı-vaxtında dəqiqliklə yerinə yetirməsi buradakı mənəvi-psixoloji və döyüş hazırlığın yüksək olmasından xəbər verirdi. Gənc istehkamçılarımızla birlikdə olduğumuz müddət ərzində onların hər birinin fikirlərini öyrəndim və bir daha əmin oldum ki, yüksək döyüş hazırlığı ilə Vətən sevgisinin vəhdəti hər zaman qələbəyə aparır.

 

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"