Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2022 12:25

Kiçik ürəklərdə böyük arzular

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin "Əsgərə məktub" layihəsi çərçivəsində Nizami rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 3-cü "D" sinif şagirdləri hərbi xidmətdə olan əsgər qardaşlarına xoş arzularla, fərəhlə dolu 24 ədəd məktub göndəriblər. Məktəblilər yazdıqları məktublarda xoş arzularından danışıb, əsgərlərimizin haqq savaşında Azərbaycan bayrağına sahib çıxdıqları üçün sevinclərinin hüdudsuzluğundan bəhs ediblər. Kiçik qəlblərin bəhrəsi olan və uşaq səmimiyyəti ilə yazılan hər bir cümlə onların Vətənə bağlılığından, ordumuza böyük sevgilərindən xəbər verir. Uşaqlar məktublarda əsgərlərimizə torpaqlarımızı işğaldan azad edərək, 30 ilə yaxın sürən yurd həsrətinə son qoyduqlarından, əsgərlərimizin fədakarlığından, xalqımıza yaşatdıqları xoşbəxtlikdən iftixar hissi ilə bəhs edir, yazdıqlarını bayraq şəkilləri ilə bəzəyərək tamamlayırlar. Bir çoxları isə böyüdükdə əsgər olmaq istəyindən danışıb. "Mən də əsgər olub Vətənə övladlıq borcumu ödəyəcəyəm. O günü səbirsizliklə gözləyirəm", - deyərək arzularını dilə gətiriblər.
Şagirdlərimizin yazdığı məktubların bir neçəsinin qısa məzmununu oxucularımızla bölüşürük.
Fatimə İsmayılbəyli:
"Salam, Vətənin qüruru olan əsgər! Vətən müharibəsində qazandığınız qələbə hər bir azərbaycanlını qürurlandırdı. Bizlərdən nigaran qalmayın. Bu gün rəşadətli ordumuzun cəsur döyüşçüləri sayəsində rahat yaşayırıq. Sizlərlə qürur duyuruq, Vətəni, torpağı, bizi qoruyan əsgərlərim! Mənim adım Fatimədir. 3-cü sinifdə oxuyuram. Müəllimim tez-tez bizlərə qəhrəmanlığınızdan danışır, video görüntülər göstərir. Mən də böyüdükdə Vətənə borcumu ödəmək istəyirəm. Bunun üçün dərslərimi yaxşı oxuyur, əla qiymətlər alıram. Hər birinizə xidmətdə ayıq-sayıq olmağı və cansağlığı arzulayıram. Bu qələbəni bizlərə yaşatdığınız üçün Sizlərə təşəkkürlərimiz sonsuzdur".
Amin Səfərov:
"Ailəmlə birgə döyüş bölgəsindən uzaqda yaşasaq da, ürəyimiz sizinlədir. Vətənin səngərini də Vətən bilən, qoruyan Azərbaycan əsgəri, sizə eşq olsun. 44 günlük Zəfər savaşında gücümüzü dünyaya duyurdunuz. Bunun üçün sizlərə minnətdarıq".
Leyla Orucəliyeva:
"Siz torpaqlarımızın keşiyində durur, xidmət edirsiz. Bizlər rahat yaşayaq deyə düşünmədən sizlər gecə-gündüz, isti-soyuq demədən səngərdə dayanır, yurdumuzu qoruyursunuz. Bunun üçün sizi böyüdən ana-atalarınıza təşəkkür edirəm. Bilirəm ki, bütün Azərbaycan güclü ordumuzla fəxr edir. Sizlərə xidmətinizdə uğurlar arzu edirəm".
"Əziz əsgər, siz hər birimiz üçün qəhrəmansınız", - deyə bütün uşaqlar məktublarında səmimi hisslərini əsgərlərimizlə bölüşüblər.
Məktəblilərin yazdığı məktublar əsgərlərimiz tərəfindən maraqla və minnətdarlıq hissləri ilə qarşılanıb.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"