Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2022 12:25

“Xidmətimi qalib ruhlu əsgər kimi başa vururam”

İkinci Qarabağ müharibəsində qazandığımız tarixi zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdən birindəyik. Uzun yolun sonunda Vətən müdafiəçilərinin yanına çatdıq. Sərhədlərimizin keşiyində inamla dayanan igidlərimizin xidməti şəraiti ilə tanış olub, onların düşüncələrini qeydə aldıq.
Ordu həyatının gənclərə aşıladığı keyfiyyətləri onların öz dilindən öyrənmək üçün bölmənin tərxis olunmağa hazırlaşan əsgərləri ilə maraqlandım. Gizir Elvin Canəliyev nümunəvi əsgərlərindən olan Mehdi Qasımovun bir müddət sonra ordudan tərxis olunacağını bildirdi. "Mehdi xidmətə gəldiyi ilk gündən kollektivin hörmətini qazanıb. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirib. Onun vətənpərvərliyi, xidmətə bağlılığı digər əsgər yoldaşlarına da nümunədir. O, xidməti dövründə həm bacarıqlı əsgər kimi formalaşıb, həm də nümunəvi xidməti ilə bütün komandir heyətinin rəğbətini qazanıb", - gizir E.Canəliyev dedi.
Hərbi xidmətinin son günlərini yaşayan əsgər Mehdi Qasımov haqqında silahdaşları da müsbət fikirlər söylədilər. Onun səmimi, mehriban, müsbət əxlaqi keyfiyyətlərə malik bir insan, sadiq əsgər yoldaşı, yaxşı dost olduğunu bildirdilər.
Əsgər Mehdi Qasımovu yaxından tanıyıb, düşüncələrini öyrəndim. Xidmətə Balakən rayonundan çağırılan əsgərimiz 2 saylı tam orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Vətənə övladlıq borcunu yerinə yetirməyə yollanıb. Artıq Mehdi hərbi xidmətini layiqincə başa vurmağa hazırlaşır. Əsgəri borcunu şərəflə yerinə yetirib, ailəsinin yanına başıuca qayıtmaq hər bir əsgər üçün böyük sevinc və qürurdur. Bu hissləri Mehdinin də gözlərindən oxumaq olurdu.
"Xidmətimi bitirib bölmədən ayrılacağım üçün duyğulanıram. Əsgər yodaşlarım və komandirlərim üçün darıxacağam. Fürsət tapdıqca gəlib onlara baş çəkəcəm. Hərbi xidmət həyat məktəbidir və bu məktəb bizə mərdlik, qorxmazlıq öyrətməklə yanaşı, dostluğa sadiq qalmağı, ən çətin anda belə dostunu tərk etməməyi, Vətənin üçün, silahdaşın üçün sinəni mərminin qabağına vermək cəsarətini formalaşdırdı. Bir sözlə, hərbi xidmət bizə bir çox üstün keyfiyyətlər aşıladı. Bu müqəddəs vəzifələrin öhdəsindən gəlmək hər bir gənc üçün çox vacibdir. Fərəhlənirəm və sevinirəm ki, xidmətimi uğurla başa vurub, elimə, obama alnıaçıq qayıdacam. Bu sevinci yaşamağı bütün silahdaşlarıma da arzu edirəm", - əsgər Qasımov dedi.
Komandirlərinə minnətdarlığını bildirən Mehdi əsgəri xidmətdən hansı təəssüratlarla ayrılacağını da bildirdi: "Döyüş bacarığına malik, təhkim olunmuş silahdan istifadə etməyi bacaran, vətənpərvər əsgər kimi formalaşmağımda əziyyəti keçən bütün komandirlərimə çox sağol deyirəm. Onların tələbkarlığı nəticəsində ixtisasım üzrə bilik və bacarıqlara yiyələnib, silahımın taktiki-texniki xüsusiyyətlərini yaxşı mənimsədim. Hərbi biliklərlə yanaşı, burada fiziki və mənəvi-psixoloji cəhətdən də formalaşıb, həyatın çətinlikləri ilə ayaqlaşmağı, mübarizə aparmağı öyrəndim. Qəhrəman oğulların canı bahasına bizə əmanət etdikləri ərazilərimizin keşiyində dayanmaqdan çox qürurluyam. Xidmətimi qalib ruhlu əsgər kimi başa vururam. Vətən müharibəsində iştirak etmək qismət olmasa da, qalib ordunun əsgəri olmaq şərəfinə nail oldum. Müharibə iştirakçıları ilə bir sırada xidmət etməkdən ruhlanaraq, sərhədlərimizin keşiyində mətin və məğrur dayandım".
Müasir ordumuzun banisi ümummilli lider Heydər Əliyevin dediyi  "Bizim güclü ordumuz olmalıdır, hər bir vətəndaş orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir. Hər bir valideyn də öz oğlunun, övladının orduda xidmət etməsini şərəf bilməlidir" sözlərini xatırlayıram. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin  diqqət və qayğısı nəticəsində formalaşan Azərbaycan Ordusu dünyanın ən güclü ordularındandır. Əsgər Mehdi Qasımov kimi gənclərimiz də rəşadətli ordumuzda xidmət etməyi özlərinə müqəddəs borc bilir, xidmət dövründə döyüş hazırlığını öyrənməklə yanaşı, milli-mənəvi dəyərlərimizə sədaqətli, gələcəyin nümunəvi vətəndaşları kimi formalaşırlar.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"

 


***

Əkiz qardaşım - əsgər yoldaşım



Dünyanın yollarına qoşa çıxdılar - bir yerdə oynadılar, oxudular, uşaqlıqları bir yerdə keçdi, təhsillərini "Zəngi" liseyində bir yerdə davam etdirdilər. Soruşanlara bir-birini "sinif yoldaşımdı, həm də əkiz qadaşımdı", - deyə tanıdırdılar. Bu tanıtmada qürur da vardı, sevgi də.
Orta təhsili başa vuranda Orxan İdman Akademiyasının, Kamran Bakı Dövlət Universitetinin tələbəsi olmaq istəmişdi. Arzularına çatdılar və yolları 4 illik ayrıldı...
Əkiz oğullarının uğurları ataları Nəsimi Kərimlinin qəlbini dağa döndərmişdi; bu sevincli hal ömrünü elə gözəl nurlandırırdı ki!..
Orxan da, Kamran da atalarının sevincini ömrün sabahlarına düşən ay işığı bildilər. Bu işığın zəmanətiylə təhsil illərində digərləri kimi arzuladıqları günə birlikdə yol gedirdilər. Bu yol Vətənə xidmətə aparan yoluydu...
Hər ikisini də hərbi xidmətə çağırdılar; gözlənilən günün sevinci həmişə misilsiz olur. Elə bu sevinclə də hərbi xidmətə getdilər. Eyni gündə, eyni niyyətlə və məsuliyyətlə. Ata-ananın eyni tövsiyələriylə...
Təhsil illərində "sinif yoldaşım - əkiz qardaşım" deyən qardaşlar indi "Əkiz qardaşım - əsgər yoldaşım" - deyirlər. Amma daha qürurla, daha böyük sevgilərlə. Bu qürurda, bu sevgidə məsuliyyət var, həm də vətəndaşlıq sevinci.
Əsgər Orxan Kərimli də, əsgər Kamran Kərimli də nümunəvi əsgərdirlər. Hər ikisi zabitlərin əmr və göstərişlərini böyük məsuliyyətlə, vaxtında yerinə yetirirlər. Heç biri heç zaman, heç yerdə kiməsə örnək olmaq istəməyib. Belə xidmət edirdilər; örnək olmaq istəməyə-istəməyə xidmət yoldaşlarına örnək olmuşdular...
Nümunəvi xidmətlərinə görə Nəsimi Kərimlinin ünvanına təşəkkür məktubu göndərilmişdi. Ailə bu məktuba şükranlıq demişdi; yaxşı şagird, yaxşı tələbə olmuş övladları, həm də nümunəvi əsgər idilər! Eyni sevinci özləri də yaşamışdılar...
Hərbi hissədə atış üzrə keçirilən yarışda fərqləndiklərinə görə əsgər Orxan Kərimliyə də, Kamran Kərimliyə də məzuniyyət verildi. Sevinirdilər - ailələrinə gedirdilər, müəllimləri onları hərbi mundirdə görəcəkdi. Universitetə də gedəcəkdilər - dekanlarına nümunəvi xidmət edəcəklərinə söz vermişdilər. "Bu da vədimizin nəticəsi, professor!" - deyəcəkdilər...
Əkiz qardaşların hərbi xidməti başa vurmaqlarına az qalır. Onlar da tərxis olunacaqlar, mülki həyatda əsgəri məsuliyyətlə işləyəcəklər - Vətənə layiqli vətəndaş olacaqlar...
...Zamanında sinif yoldaşı olmuşdular...

 

...Zamanında əsgər yoldaşı olmuşdular...
Əkiz qardaşlar ömür payını da Vətən üçün qoşa yaşayacaqlar...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"