Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2022 12:25

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi hissələrdə oldular

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi hissələrdə şəxsi heyətlə görüşüb, müxtəlif mövzularda söhbətlər etdilər.
Tədbirlərdə Müdafiə Nazirliyi, DQİDK-nın əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak etdilər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Müdafiə Nazirliyinin nümayəndələri bildirdilər ki, ordu rəhbərliyi rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə müntəzəm olaraq məqsədyönlü işlər aparır. Hər bir zabit yaxşı bilir ki, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan əsl vətəndaş, əsl döyüşçü yetişdirmək mümkün deyil. Dünya ölkələrinin və xalqlarının tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək yaxşıdır. Ancaq mənsub olduğun xalqın soykökünə, milli-mənəvi dəyərlərinə biganə yanaşdınsa, bu, əsl fəlakətdir. Çünki bu dəyərlər hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının milli kimliyidir.
Bu gün beynəlxalq, regional və ölkələr səviyyəsində ən çox müzakirə olunan məsələlərdən biri tolerantlıqdır. Dövlət başçımızın da dəfərlərlə qeyd etdiyi kimi tolerantlıq bizim həyat tərzimizdir, Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışdılar. Bildirdilər ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Həmçinin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verildi. Onu da əlavə etdilər ki, Azərbaycan müxtəlif  sivilizasiyaların və mədəniyyətlərin  qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm  və tolerantlıq milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq illər boyu, eləcə də bu gün də azərbaycanlıların gündəlik həyat tərzinə çevrilib.
Tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdikləri ardıcıl siyasətdən danışdılar. Bildirdilər ki, aparılan siyasətin nəticəsidir ki, ölkəmiz artıq dünyada tolerantlığı dəstəkləyən dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrilib.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"