Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2022 12:25

Mən də ölkəmizin müdafiəsində dayanıram

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə işğaldan azad olunmuş doğma Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə ayaq basmaq sevinci bizə nəsib oldu. Burada Vətənin müdafiəsində məğrur dayanan igid oğullarımızla görüşdük. Leytenant Taleh Hacıyev söhbət zamanı bildirdi ki, rəhbərliyin göstərdiyi diqqət və qayğısı nəticəsində sosial-məişətimiz və maddi-texniki təminatımız yüksək səviyyədədir. Bu cür şəraitin qarşısında isə bütün şəxsi heyət nümunəvi xidmət edir, qarşıya qoyulan bütün əmr və tapşırıqların öhdəsindən asanlıqla gəlir. Zabit əlavə etdi ki, nümunəvi xidməti ilə seçilənlərdən biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qoşqar Babayevdir. "Qoşqar vətənpərvər, qorxmaz və nizam-intizamlı bir hərbi qulluqçudur. Verilən bütün tapşırıqları həvəs və bacarıqla yerinə yetirir. Şəxsi heyət ilə rəftarında da mənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənir".
Kiçik çavuş Q.Babayev haqqında eşitdiklərimizdən yaranan ilkin təəssürat onunla səmimi söhbətimizdən sonra öz təsdiqini tapdı. - Könlündə Vətən sevgisi varsa, yaşamağa səbəbin də var, - deyən Qoşqar söhbətə başladı.
- Hər bir azərbaycanlı dövlətinə və xalqına xidmət etməlidir. Təbii ki, bu xidmət həkim, müəllim, yazıçı və başqa peşə sahibi kimi də ola bilər. Mən hərbi peşəni seçdim. Düzgün qərar verdiyim və bu gün rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət etdiyim üçün qürur duyuram. Çünki hərbi xidmət Vətəni sevmək və onun uğrunda istənilən an canından keçməyə hazır olmaq deməkdir.
Hər kəsə bəllidir ki, Azərbaycan tarixində düşməni bir tək adı ilə qorxudan minlərlə qəhrəman igidlərimiz var. Qəhrəmanlıqla dolu tarixində yeni zəfər səhifəsi yazan Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzü bərpa etmək, düşmənin xain əməllərinə son qoymaq üçün Vətən müharibəsinə başladı. Erməni silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq əks-hücuma keçən ordumuz qısa bir zamanda düşmənin bütün istehkamını dağıtdı. Çox keçmədi ki, Azərbaycan Respublikasının Prezidenti xalqa müraciətində "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur..." - dedi. Nəticədə Azərbaycan layiq olduğu haqlı Qələbəni qazandı.
Söhbət zamanı öyrəndim ki, kiçik çavuş Qoşqar Babayev ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
"Vətən müharibəsi əbədi, unudulmaz və qızıl hərflərlə yazılan tarixi səhifəmizdir. Çox qürurluyam ki, qalib ordunun sıralarında vuruşanlardan biri də mən oldum. Haqq savaşımızda şəhidlərimizin qisasını alaraq, əcdadlarımızdan bizlərə əmanət qalan doğma torpaqlarımızı azad etdik. Yurdumuza əl uzadan mənfur düşmənin belini qırdıq. Fəxr edirəm ki, mən də ölkəmizin müdafiəsində dayanıram", - Q.Babayev dedi.
Daha sonra Qoşqar bildirdi ki, şəxsi heyətimiz torpaqlarımızın keşiyində hər zaman ayıq-sayıq dayanır. Bütün dünya artıq ordumuzun gücünü, qüdrətini gördü. Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi bir daha təsdiqlədi ki, yenilməz ordumuz ölkəmizin ərazi bütövlüyünü qorumağa tam qadirdir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qoşqar Babayev ilə tanışlığımızdan xoş təəssüratlar aldıq. Vətənin keşiyində bu cür oğulların durduğunun şahidi olaraq fəxr hissi duyuruq.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"