Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2022 12:25

Şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə hüquqi maarifləndirici görüş keçirildi

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı ilə birgə şəhid ailələrinin və Vətən müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq hüquqi maarifləndirmə istiqamətində görüş keçirdi.
Respublika Veteranlar Təşkilatında keçirilən görüşdə Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının nümayəndələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, hüquqşünaslar, vəkillər və başqa qonaqlar iştirak etdilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirildi.
Şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə keçirilən görüşdə hüquqi maarifləndirmə istiqamətində diskussiyalar, müzakirələr aparıldı, çıxışlar dinlənildi.
Tədbiri açıq elan edən Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov şəhid ailələri və Vətən müharibəsi əlillərinin hüquqlarının tənzimlənməsi istiqamətində keçirilən belə görüşlərin davamlı olacağını bildirdi. Həmçinin C.Xəlilov qeyd etdi ki, Azərbaycan dövlətinin şəhid ailələrinə, Vətən, torpaq uğrunda sağlamlığını itirən qazilərimizə diqqət və qayğısı hər zaman yüksək olub. "Hamımız siz qazilərin, şəhidlərimizin və ordumuzun digər mənsublarının sayəsində üstündə başıuca gəzdiyimiz bu torpağın övladlarıyıq. Qədirbilən xalqımız 30 illik yurd həsrətinə son qoyan şəhidlərimizin xatirəsini daima əziz tutur, qazilərimizin göstərdikləri fədakarlıqları unutmur. Müharibənin ağrı-acısını talelərində yaşadan qazilərimiz cəmiyyətdə fəal, gələcək nəsillərə örnək olmalıdırlar. Onların döyüş xatirələri əsasında kitablar, bədii və sənədli əsərlər yazılacaq, filmlər çəkiləcək".
Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Şöhrət Əhmədov Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının dövlət siyasətində əsas vəzifələrdən biri olduğunu qeyd edərək bu istiqamətə yönələn yüksək diqqət və qayğıdan danışdı: "Bu gün cəmiyyətimizdə sağlam ruhlu, düşüncəli gənc nəsil yetişir və yetişəcəkdir. Həmin gənc nəsil ki, bir an belə düşünmədən canlarını fəda etdi, sağlamlıqlarını Vətənə qurban verdi. Bu gün dövlətimizin prioritet məsələlərindən biri şəhid ailələri və qazilərimizə yüksək diqqət və qayğının göstərilməsidir”.
Vətən müharibəsi qaziləri və iştirakçıları Vüqar Məmmədov, ehtiyatda olan gizir Samir Hüseynov, Nicat Eyvazlı, Natiq Qracov və başqalarının müxtəlif mövzularla bağlı suallarını görüşdə iştirak edən aidiyyəti qurumların məsul işçiləri hüquqi əsaslarla geniş və ətraflı şəkildə cavablandırdılar.
"Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının icraçı direktoru Zamin Zeynal belə görüşlərin tez-tez təşkil olunmasının vacibliyini qeyd etdi. O, şəhid ailələri və qazilərlə bağlı xoşagəlməz hadisələrin baş verməməsi, vaxtında qarşısının alınması üçün vətəndaş cəmiyyəti olaraq dövlətə dəstək yönümündə dinləmələr həyata keçirməyi, onların qayğı və problemlərinin aidiyyəti dövlət qurumları üzrə həllində hüquqi maarifləndirməni məqsədəuyğun hesab etdiyini dedi.
"SOS" Məhdud Məsuliyyətli Cəmiyyətin (mühafizə şirkəti) ictimaiyyətlə əlaqələr üzrə müşaviri Almaz Əhmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Qəhrəmanlarımıza dəstək olaq" layihəsinə qoşulduqlarını vurğulayaraq, indiyədək 160 nəfər Vətən müharibəsi iştirakçısı və qazisinin, şəhid ailəsinin işə qəbul olunmasından, şirkətin bu istiqamətdə apardığı işlərin davamlı olacağından danışdı.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının bir qrup üzvü - vəkillər və hüquqşünaslar hüquqi dinləmədə fəal iştirak edərək, Vətən müharibəsi iştirakçılarının maariflənməsinə daima dəstək olacaqlarını bildirdilər.
Tədbir təşkilatçılarının birgə əməkdaşlıq çərçivəsində belə bir hüquqi maarifləndirici görüşü keçirməkdə əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi uğurlu sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhfə verməkdir.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"