Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2022 12:25

“Yaşatmaq yaşamaq deməkdir”

Həkim adı müqəddəs və şərəflidir. Sağlamlığın keşiyində dayanmağı özünə həyat amalı bilən həkimlər şəfa bəxş etdikləri xəstələrinin qəlbində həmişə yaşayırlar.
İbn Sinadan, Eskulapdan, Hippokratdan başlayaraq  müasir dövrümüzədək həkimlər öz xoşbəxtliyini sağaltdığı xəstələrin xoşbəxt təbəssümündə tapıblar. "Başqalarının xoşbəxtliyi ilə xoşbəxt olmaq" fəlsəfəsi özünü bu xeyirxah sənətə həsr edən həkimlərin əxlaqi dəyərlərinə çevrilib. Onlar xəstələrinin müalicəsini vicdanla, ehtiramla, humanizm və mərhəmətlilik prinsipləri əsasında, yüksək peşəkarlıqla həyata keçirirlər. Həkimlik peşəsinin məxsusi cəhətlərini, tələb olunan zəruri etik-əxlaqi xüsusiyyətlərini İbn Sina bu cür ifadə etmişdir: "Həkimdə şahin gözləri, ilan müdrikliyi, zərif qız əlləri və şair ürəyi olmalıdır".
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Tibbi reabilitasiya bölməsinin baş ordinatoru tibb xidməti mayoru Elvin Məmmədlinin də düşüncələrində belə kəlamlar yaşamaqdadır...
Hərbi həkim Elvin Məmmədli 1985-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıq illəri müharibənin ən qızğın dövrünə təsadüf edib. Torpaqlarımızın işğal xəbərləri, şəhid tabutları onun - damarlarında laçınlı qanı dolaşan oğulun psixologiyasına, şüuruna təsirsiz ötüşə bilməzdi.  İnsanlara kömək etməyi və ən çətin anlarında ümid qığılcımına dönərək yenidən həyata tutunmalarında vasitəçi olmağı özünə həyat amalı seçib. Özünün yurd sevgisi, yaxınlarının hərbi mundir daşıması gələcək peşə seçimində rol oynamaya bilməzdi. O, hər iki sevgisini, istəyini bir sahədə birləşdirib. 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirir və ön xətt hərbi hissəsinin tibb məntəqəsində xidmətə başlayır. İlk komandiri Azərbaycanın Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimov olub. Tibb xidməti mayoru deyir ki, general-mayor Polad Həşimov cəsur, mərd zabit idi. "Xidməti, vətənpərvərliyi ilə həm əsgərlərə, həm də zabitlərə nümunə idi. Şəxsi heyət qarşısında çıxış edərkən hər zaman torpaqlarımızın azad olacağını qətiyyətlə ifadə edərdi. Bəli, bu gün artıq onun dediyi ifadələr öz əksini tapdı, torpaqlarımız yağı düşməndən azad oldu. Laçın şəhəri gerçək sahiblərinə qayıtdı".
Zabit Elvin Məmmədli hər zaman ulu öndər Heydər Əliyevin "Səhiyyə sahəsində çalışan, öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli adamlardır. Onların hər biri çalışmalıdır ki, bu şərəfli adı daim yüksəklərə qaldırsın" kəlamlarını özünə şüar hesab edərək xidmət edib. Tibb xidməti mayoru Elvin Məmmədli bilik və bacarığını, həkim peşəkarlığını daha da artırmaq məqsədilə Xorvatiya, Türkiyə, Əfqanıstan, Almaniya və Litva dövlətlərində müxtəlif kurslarda iştirak edib.
Müsahibim deyir ki, keçdiyim kurslar və qazandığım təcrübələr uğurlarımda böyük rol oynayır. Həkim xəstələrə göstərdiyi yardımın keyfiyyətli olması üçün tibb elminin, ixtisasının sirlərinə mükəmməl yiyələnməli, müasir tibbi cihazlarla işləməyi bacarmalı, öyrəndikləriylə kifayətlənməməli, üzərində daim işləməli, müasir səhiyyənin tələblərinə uyğun özü də inkişaf etməlidir. Bütün bunlarla yanaşı, həkimin sənətinə vicdanla yanaşması, diqqətli olması, xeyirxahlığı, xəstəyə fərdi yanaşaraq onun psixoloji xüsusiyyətlərini nəzərə alması, konfidensiallığı müalicənin mühüm şərtlərindəndir.
Xidmətini 2016-cı ildən Baş Klinik Hospitalın Tibbi reabilitasiya bölməsinin baş ordinatoru kimi davam etdirən tibb xidməti mayoru vurğuladı ki, 2020-ci ilin 27 sentyabr tarixi həkimlərin də yaddaşında unudulmaz xatirələrlə yaşayacaq. "Həmin gün Vətən müharibəsi başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm Qələbə qazandı. Vətən müharibəsində Tibb İdarəsinin rəhbərliyi, Hərbi hospitallarımızın həkimləri də  hərbi təbabətin iştirakını müəyyən edən qanunauyğunluğa əsasən işlərini təşkil edir və döyüşlərdə yaralanan şəxsi heyətə qarşı böyük həssaslıqla yanaşırdılar. Döyüşlərin davam etdiyi dövrdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılırdı".
Tibb xidməti mayoru sentyabrın 27-də ön xəttə ezam olunaraq xidmətini orada davam etdirib. Sentyabrın 30-da yaralıların çeşidlənməsi və təxliyəsi, dərmanların və tibbi ləvazimatların çatdırılması ilə bağlı yaradılan komissiyanın tərkibində fəaliyyətə başlayır.
- Oktyabrın 18-də Talış kəndində bir bina seçdik. Tibb xidməti rəhbərliyinin köməkliyi ilə gecəylə oranın tibb məntəqəsi kimi fəaliyyətə başlaması üçün bina bütün lazımi avadanlıqlarla təmin olundu. Burada fəaliyyət göstərən qrupda 4 cərrah, 2 revmatoloq, 2 feldşer, 12 tibb işçisi var idi. Hətta bəzi cərrahi əməliyyatlar da aparılırdı. Yaradılan məntəqədə döyüşlərdən çıxarılan yaralılara ilkin yardım olunduqdan sonra arxadakı tibb müəssisəsinə göndərilirdi. 24 saat yorulmadan yaralılara xidmət edən tibb personalımız çox enerjili idi. Vətən müharibəsi dövründə tibb xidməti general-mayoru Elxan İbrahimov da yaradılan şəraitlə, tibbi təminatla və xəstələrlə yaxından maraqlanırdı. Noyabrın 2-də məntəqəmiz düşmənin ağır artilleriya atəşinə məruz qaldı. Cərrahiyyə otağımız, 2 yardım maşınımız sıradan çıxdı. Lakin bu olanlar bizdə qətiyyən ruh düşkünlüyü yaratmadı. Gətirilən yaralılara elə tibbi yardım maşınlarında köməklik etdik. Həmin gecə çatışmazlıqlar aradan qaldırıldı".
"Kaş ki"lərsiz bir ömür mümkünsüzdür. Elvin həkim deyir ki, yaradılan  tibb məntəqəsinə 49 ağır yaralı qəbul edilmişdi. Bütün səylərimizə baxmayaraq bir nəfəri xilas edə bilmədik. Bu, mənim həkimlik həyatımın ən böyük "kaş ki"si oldu.
Hərəkət etmək qabiliyyətini itirmiş bir insanın yenidən ayağa qalxaraq normal həyata dönməsindəki rolundan söz düşəndə onun çöhrəsində təbəssüm, gözlərində sevinc işartıları görünür.
- Tibbi reabilitasiya keçirilmiş ağır xəstəliklərdən sonra travma zamanı orqanizmin normal psixi və fizioloji funksiyalarının qismən pozulması və ya tam itirilməsinin bərpasına yönəldilmiş bir sıra müalicə metodlarının kompleks tətbiq olunmasıdır. Müalicədən fərqli olaraq reabilitasiya patoloji prosesin kəskin fazası dövründə aparılmır. Bu çoxistiqamətli müalicə yanaşmasıdır. Bizim məqsədimiz xəstəliyə və xəstəyə xüsusi fizioterapiya və reabilitasiya proqramı tərtib edərək müalicəni həyata keçirməkdir. Reabilitasiya proqramının standartı yoxdur, hər xəstəyə fərdi yanaşılır.
Tibb xidməti mayoru Elvin Məmmədli xidməti müddətində "İgidliyə görə", "Hərbi xidmətlərdə fəqlənməyə görə"  I, II, III dərəcəli, Silahlı Qüvvələrin yaranmasının 90, 95, 100 illik, "Qüsursuz xidmətə görə" II, III dərəcəli, US ARMY Commendation, NATO Afqanistan medalları ilə təltif olunub.
Elvin həkimin sözündə də bir şəfqət var. O, xəstələrini, sadəcə, tibbin köməyi ilə deyil, ümidli baxışları, şirin sözləri, xoş davranışı ilə də müalicə edir. Xeyirxah, işgüzar, yaxşı əməl sahibləri, millətinə, xalqına sədaqətlə xidmət edənlər deyir ki, "Yaşatmaq yaşamaq deməkdir". Tibb xidməti mayoru Elvin Məmmədli də bu amalla yaşayır...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR