Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2022 12:25

“Şuşada xidmət etdiyim üçün qürur duyuram”

İşğaldan azad edilmiş doğma torpaqlarımızın hər bir qarışını gəzdikcə Müzəffər Ali Baş Komandanın qətiyyəti və mükəmməl sərkərdəliyi sayəsində ordumuzun xalqımıza qazandırdığı Böyük Qələbədən qürurlanırıq.
Ölkəmizin dilbər güşələrindən olan Şuşa haqqında kitab və jurnallarda oxuyub, əsrarəngiz gözəlliyini video və fotoşəkil vasitəsilə çox seyr etsəm də, canlı görüb bu gözəlliyin şahidi olmaq qismət olmamışdı. Şuşanın hər bir qarışını gəzdikcə onun gözəlliyi bizi heyran edirdi. Azərbaycanın qədim qalası və mədəniyyət məbədi olan bu gözəl şəhər zəngin tarixə malikdir.
Bununla yanaşı, Şuşanın əsrarəngiz təbiəti və coğrafi mövqeyi vardır. Tarixən Şuşa havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da öz səfalı yerləri istirahət guşələrinə görə məşhur idi. Dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən "Xarı bülbül" gülü bitir. Buradakı Turşsu, Səkili, İsa, Şamil bulaqları, Cıdır düzünün heyrətamizliyi hər bir kəsin könlün oxşayır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Ulu Öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla da Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. İşğal olunduqdan sonra Ümummilli Liderin vəsiyyəti doğma Qarabağın, Şuşanın yenidən əzəli sahibinə qaytarılması olmuşdu. Bu tarixi missiyanı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Vətən müharibəsi ilə uğurla həyata keçirdi. Şuşa şəhəri və bütün tarixi torpaqlarımız illərin əsarətindən xilas edilərək, gerçək sahibinə qovuşdu. Dövlət başçısı 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini xalqımıza verərək Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini qürurla qeyd etdi:
"Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
Şuşa azad edildikdən sonra yenidən öz görkəminə qaytarılması, tarixi abidələrin bərpa edilməsi üçün Ali Baş Komandanın tapşırığına əsasən işlər sürətlə davam etdirilir. Qısa müddər ərzində bir çox ev muzeyləri, Vaqif məqbərəsi, məscidlər və s. bərpa edildi.
Uzun-uzadı yolumuzu qət etdikdən sonra 30 ilə yaxın müddətdən sonra öz azadlığına qovuşan Şuşa şəhərinə çatırıq. Sevincimin həddi-hüdudu yoxdur. Şəhərin gözəlliyi və heyrətamizliyi haqqında eşitdiklərim, oxuduqlarım, şəkillərdə gördüklərim çox azdır. Çünki bu gözəlliyi adi sözlərlə izah etmək mümkün deyil. Gözoxşayan mənzərəni seyr edərək hərbi hissəyə çatırıq. Hərbi hissənin zabiti Xəyyam Şükürovla görüşürük. O, Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən söz açır. "Döyüşün ilk günündən etibarən igidlərimizin peşəkarlığı nəticəsində düşmən böyük itkilərə mərzu qaldı. Onların mövqeləri, bölmələri, hərbi hissələri və digər hərbi obyektləri məhv edildi. İllərdir bu günün həsrəti ilə yaşayan Azərbaycan oğulları qorxu bilmədən düşmən üzərinə irəliləyirdilər. Onların qəhrəmanlığı və şücaəti nəticəsində cəmi 44 gün ərzində Ermənistan ordusu yerlə-yeskan edildi. Torpaq uğrunda canını qurban verən bütün soydaşlarımızın qisası haqq savaşımızda alındı. Bu gün hər birimiz regionun ən güclü və qalib Azərbaycan Ordusunun hərbi qulluqçusu olmağımızdan qürur duyuruq".
Zabit X.Şükürov şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının yüksək səviyyədə olduğunu deyərək, söhbətinə davam edir: "Əsgərlərimizin döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, mənəvi-psixoloji cəhətdən hazırlıqlı olmaları da vacib amillərdən biridir. Buna görə komandirlər tərəfindən günün nizam qaydasına uyğun olaraq məşğələ və dərslər keçirilir. Şəxsi heyətin  nəzəri bilikləri ilə yanaşı, praktiki vərdişlərinin təkmilləşdirilməsinə də diqqət ayrılır. Nəticədə onlar irimiqyaslı təlimlərdə heç bir çətinlik çəkmədən döyüş tapşırıqlarını yerinə yetirərək, müvəffəqiyyətlər əldə edirlər. Əminliklə deyə bilərəm ki, hər bir əsgər istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlir".
Söhbətimizi yekunlaşdırdıqdan sonra torpaqlarımızın müdafiəsini təmin edən cəsur əsgərlərimizlə görüşmək üçün səngərə daxil oluruq. Gizir Xəlil Şahbazlı şəxsi heyəti düzərək təlimatlandırırdı. Onlara silahla davranış və təhlükəsizlik qaydalarına düzgün riayət etmələrini, daim ayıq-sayıq olmalarını, qarşı tərəfi daimi müşahidə altında saxlamağı, vəzifə borclarını dəqiq yerinə yetirmələrini, hər hansı bir hadisə baş verərsə, rabitə vasitəsi ilə dərhal məlumat verməyi tapşırırdı.
Təlimatlandırma başa çatdıqdan sonra Lənkəran rayonundan ordu sıralarına qatılan, xidməti ilə komandir və əsgər yoldaşlarının hörmətini qazanan əsgər Rəvan Əzizov ilə tanış oluram. "Uşaq yaşlarımda valideynlərim Qarabağın gözəlliklərindən uzun-uzadı söhbətlər edərdilər. Deyərdilər ki, dünyanın heç bir yeri Laçının, Kəlbəcərin, Şuşanın... yaşıllıqlarını, təmiz havasını və digər gözəlliklərini əvəz edə bilməz. Bir vaxtlar mənə deyilənləri canlı görür və seyr edirəm. Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında azad edilən Şuşada xidmət etdiyim üçün qürur duyuram. Şuşamız artıq gerçək sahibinə qovuşub".
Əsgər Ruslan Hüseynov hərbi xidmətə Goranboy rayonundan çağırılıb. Milli-mənəvi dəyərlərə sahib olan mədəniyyət paytaxtımızda xidmət etməyin qürurundan danışan Ruslan bildirir ki, əcdadlarımızdan əmanət qalan gözəl Şuşamızı haqq savaşımızla azad etdik. Hərbi xidmətdən söz açan həmsöhbətim deyir ki, hər bir vətənpərvər gənc hərbi xidmət keçməlidir. "Hərbi xidmətə gəlmədən öncə hərbinin çətin olduğunu çox eşidərdim. Lakin xidmətə başladığım ilk gündən etibarən bunun tam belə olmadığının əyani şahidi oldum. Peşəkar və qayğıkeş komandirlərin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan əsgəri heç bir çətinliklə üzləşmir. Rəhbərliyin tapşırığına əsasən tam təmin olunmuşuq. Sosial-məişət şəraitimiz olduqca yüksək səviyyədədir. Bu cür şəraitin qarşısında biz də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli, verilən bütün əmr və tapşırıqlara sözsüz tabe olmalıyıq".
Əsgər Vüqar Səfərov deyir ki, hərbi xidmət mənim üçün başqa bir dünyadır. "Burada yaşanan hər bir günüm ömürlük olaraq yaddaşıma həkk olunur. Şuşa şəhərində əsgər yoldaşlarımla birgə xidmət etməyim, asudə vaxtlarımızdakı maraqlı söhbətlərimiz və maraqlı hadisələr hafizəmdə silinməz izlər buraxıb. Burada özümə ömürlük dostlar qazanmışam. Ən əsası isə xidməti müddətimizdə ana Vətənimizi yağılardan qoruyuruq".
Digər əsgərlər də Şuşada xidmət etməyin qürurundan, yaradılan şəraitdən söhbət etdilər. Vaxtımızın az olmasına görə torpaqlarımızı qoruyan cəsur əsgərlərimizlə sağollaşıram. Onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıb, yolumuza davam edirik. Məğrur əsgərlərimizin mətin duruşu bizləri əmin edir ki, Vətənimizin müdafiəsi etibarlı əllərdədir.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"