Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2022 13:00

“Sürücü gözlənilməz vəziyyətlərdə tez reaksiya verməyi bacarmalıdır”

Hər tərəfində səliqə-sahman hökm sürən nəzarət-buraxılış məntəqəsindən böyük qürurla ərazisinə daxil olduğumuz "N" hərbi hissəsinin şəxsi heyəti də Vətən müharibəsində üzərinə düşən bütün tapşırıqlarının öhdəsindən bacarıqla gəlib. Elə buna görə də qarşılaşdığım bütün hərbçilərin üzündən sevinc və fərəh yağırdı.
İlk həmsöhbətim zabit Aqil İsmayılov da Vətən müharibəsində iştirak edib, yurdumuzun azadlığı uğrunda vuruşub. Xocavənddən başlanan döyüş yolu Şuşada zəfərlə başa çatıb. Söhbət zamanı üz-gözündən igidlik yağan zabit dedi ki, hərbi hissənin şəxsi heyəti Vətən müharibəsində böyük hünər və qəhrəmanlıq göstərib. Döyüşlər zamanı hər kəs üzərinə düşən döyüş tapşırığını cəsarətlə yerinə yetirib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İlqar Əliyevin Vətən müharibəsində keçdiyi həyat və döyüş yoluna qısa nəzər saldıq. Öyrəndik ki, kiçik çavuş İlqar Əliyev Qazax rayonunun cəbhə xəttində yerləşən Fərəhli kəndində anadan olub. O, kiçik yaşlarından güllə səsləri eşidə-eşidə böyüyüb. Orta təhsilini başa vurduqdan sonra Qazax Sosial-İqtisad Kollecinə qəbul olub. 2007-2008-ci illərdə cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində xidmət edib. Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdikdən sonra orduya olan sevgi, istək onu hərbi həyata bağlayıb. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində kursu uğurla bitirən İlqar Əliyev "N" hərbi hissəsində sürücü kimi xidmətə başlayıb. Elə ilk günlərdən komandanlığın verdiyi bütün tapşırıqları peşəkarlıqla yerinə yetirib.
Erməni qəsbkarlarının təxribatı nəticəsində komandanlığın müvafiq döyüş tapşırıqlarını yerinə yetirərək cəbhə bölgəsinə yollanıb. Həmin gərgin günlərdən söz açan kiçik çavuş İlqar Əliyev dedi:
- Yurdumuzun illərdən bəri erməni işğalında qalması bir vətəndaş, bir hərbçi kimi məni çox üzürdü. Amma gələcək günlərin birində doğma ocaqlarımızı qəsbkarlardan azad edəcəymizə əmin idim. Çünki ordumuz gündən-günə güclənirdi, zabit və əsgərlərimizin peşəkarlığı artırdı. Aprel döyüşləri ordumuzun gücünü, qüdrətini bir daha dünyaya göstərdi. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda işğalda qalmış torpaqlarımızın azad olunacağına ümidlərimiz xeyli artdı. Bölüyümüz komandanlıqdan müvafiq tapşırıqlar aldıqdan sonra cəbhə bölgəsinə yola düşdük. Mən də sürücü kimi sükanın arxasındaydım. Təhlükəli yollardan keçərək döyüşən ordu üçün zəruri ləvazimatlar aparırdım. Ertəsi gün artıq ön xətdə - Füzuli bölgəsində idik. Yurdumuzun azadlığı uğrunda gərgin döyüşlər gedirdi. Biz də üzərimizə düşən tapşırıqları yerinə yetirərək, vuruşan ordunu zəruri əşya və avadanlıqlarla vaxtlı-vaxtında təmin edirdik. Sürücü gözlənilməz vəziyyətlərdə tez reaksiya verməyi və qərar qəbul edərək düşdüyü vəziyyətdən çıxmağı bacarmalıdır. Döyüşlər vaxtı Füzuli istiqamətində tapşırığı icra edərkən düşmən atəşinə tuş gəldik. Xoşbəxtlikdən yaxınlığımıza düşən mərmi açılmadı. Nə qədər çətin olsa da, əmri icra edib təhlükəli ərazidən uzaqlaşdıq. Komandanlığın əmrinə əsasən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Laçın rayonlarında oldum. 44 gündən sonra ordumuz düşməni məğlub edərək qələbə çaldı. Buna hamımız sevindik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Laçının azad olunmasına görə" medalına layiq görüldüm. Müharibə veteranıyam.
Qürur duyuram ki, yurdumuzun erməni işğalçılarından azad olunmasında mənim də əməyim var.
Müharibənin ağrı-acılarını görmüş, zəruri tapşırıqları yerinə yetirmiş kiçik çavuş İlqar Əliyevlə yaxınları, doğmaları və ən əsası yeganə övladı Ömər də fəxr edirlər. İnanırıq ki, gələcəkdə Ömər də gələcəkdə atasının qəhrəmanlıq yolunun işıqlarını daha da gur yandıracaq.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"