Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2022 13:00

Peşəkarlığa hədd, mükəmməlliyə sərhəd olmur

Nizam-intizam ordu üçün ən vacib amillərdən biridir. Nizami ordu hərbi nailiyyətləri daha inamla, az itki ilə qazanmağa qadirdir. İntizamsız orduda döyüş hazırlığından, hər hansı bir uğurlu döyüş əməliyyatından söz gedə bilməz.
Müasir Azərbaycan Ordusunun yaradıcısı ulu öndər Heydər Əliyev "Nizami ordunun döyüş qabiliyyəti günü-gündən yüksəlməlidir. Azərbaycanın nizami ordusu, milli ordusu respublikamızın ərazi bütövlüyünün, torpaqlarının müdafiəsinin və dövlətimizin müstəqilliyinin tam qarantı olmalıdır" demişdir. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatların nəticəsində bu gün müasir Azərbaycan Ordusu regionun ən güclü ordusu kimi formalaşıb. Dəmir intizama və vahid komandanlığa malik olan ordumuz artıq dünyanın ən güclü orduları srasında da layiqli yer tutmuşdur. Xalqımıza tarixi qələbə sevinci yaşadan ordumuzun yüksək döyüş hazırlığının və qələbələrinin əsasında məhz dəmir intizam dayanır. Nizam-intizam isə sıradan başlanır.
Bu gün Azərbaycan Ordusunun bütün bölmələrində şəxsi heyətin nizam-intizamına xüsusi diqqət ayrılır. Yüksək nizam-intizama nail olmaq üçün vacib şərtlərdən biri sıra hazırlığıdır. Çünki hərbi xidmətə gələn gənclərin hərbi intizamla ilk tanışlıqları sıradan başlayır. Bütün hərəkətlər sıra ilə həyata keçirilir, əmr və tapşırıqlar sırada çatdırılır. Odur ki, sıranın müqəddəsliyi hər bir hərbi qulluqçuya ilk gündən izah olunur.
Sıra - hərbi qulluqçuların, bölmələrin və hissələrin piyada və maşınlarda birgə hərəkəti üçün Nizamnamə ilə müəyyən edilmiş düzülüşüdür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsində "sıra" sözünün tərifi bu cür verilir. Bu nizamnamə əsasında bölmələrdə hərbi qulluqçular ilə mütəmadi olaraq sıra hazırlığından məşğələlər keçirilir, sıra hərəkətlərinin yerinə yetirilməsi üsulları, vərdişləri mükəmməlləşdirilir. Sıra hazırlığı komandir heyətinin diqqətində olan əsas məsələlərdən biridir. "N" hərbi hissəsində bir daha bunun şahidi olduq.
Hərbi qulluqçular üçün yaradılan sosial-məişət şərait ilə tanış olarkən, sıra meydanında bir qrup əsgərin məşğələ rəhbərinin nəzarəti altında məşq etdiklərini gördüm. Manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Pərvin Quliyevin "Düzül!" komandasından sonra hər kəs sırada təyin olunan yerini tutdu. Hiss olunurdu ki, əsgərlərimiz hərbi intizama dərindən yiyələniblər. Növbəti komandalar ilə şəxsi heyət silahsız sıra hərəkətləri, əsgəri salamlaşma qaydalarını, sıradan çıxma və sıraya durma, yuxarı rəislərə yaxınlaşma və digər çalışmaları icra edirdilər. Daha sonra əsgərlər asfalt üzərində çəkilən ağ xətlərdə sıra addımları hərəkətlərini məşq edirdilər.
Məşğələ sona çatdıqdan sonra hərbçilərimizlə həmsöhbət oldum. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Pərvin Quliyev 1999-cu ildə Samux şəhərində anadan olub. Müddətli həqiqi xidmətini başa vurduqdan sonra həyatını hərbi xidmətə bağlamaq fikrinə gələn gəncin ən böyük arzusu torpaqlarımızı azad görmək idi. Bu amala çatmaq məqsədilə o, 2020-ci ilin martından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən hərbi xidmətə qayıdır. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Pərvin də iştirak etdi. Döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə əsgər Quliyev Pərvin Əhliyyat oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Pərvin söhbətə "Hərbi qulluqçu bilikli və bacarıqlı olmalıdır. Bunun üçün orduda istər əsgər, istərsə də zabit və gizirlər ilə mütəmadi olaraq dərslər keçirilir" deyərək başladı. "Sıra hazırlığı da nizam-intizamın aşılanması istiqamətində keçirilən önəmli məşğələlərdəndir. Əsgərlərə Sıra Nizamnaməsini mənimsədir, praktiki olaraq silahsız və silahla hərəkət üsullarını məşq etdiririk. Digər fəaliyyətlərdə olduğu kimi, sıra hazırlığı məşğələsinin səmərəli təşkili üçün də şəraitimiz yüksəkdir. Geniş sıra meydanımız var. Bu cür məşğələlər keçirmək əsgərlərimizə xoş, bizə qürurvericidir, kənardan müşayiət edənlər üçün isə gözoxşayan mənzərədir".
Əsgərlər Elvin Ələkbərov, Orxan Abdullayev, Fərid Nəsibov, Talıb Nağıyev, Mehman Abbasov, Kamran Nəzərov, Hüseyn Yusifov və digərləri də yüksək sıra hazırlığının vacibliyini qeyd etdilər. Hərbi xidmətə çağırıldıqları gündən digər biliklərlə yanaşı, nizam-intizamı da mənimsədiklərini bildirdilər. "Peşəkarlığa hədd, mükəmməlliyə sərhəd olmur. Azərbaycan əsgəri hər zaman öz üzərində çalışır. Çünki bizlər rəşadətli, qalib ordunun əsgərləriyik. Bu ada layiq olduğumuzu sübut etmək üçün əlimizdən gələni edir, ruhumuzu Vətən eşqi ilə qidalandırırıq. Fəxr edirik ki, azərbaycanlıyıq və Azərbaycan Ordusunun sıralarında xidmət edirik", - dedilər.
 
İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"