Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2022 13:00

Hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq

Vətən müharibəsi... 27 sentyabr 2020-ci il... 30 illik həsrəti 44 gündə Böyük Qələbə ilə sonlanan əks-hücum əməliyyatlarının başlandığı gün. Hər birimiz bu tarixi səbirsizliklə gözləyirdik. Uşaqdan-böyüyə hamının tək amalı vardı - işğalda olan torpaqlar azad edilsin, ərazi bütövlüyümüz bərpa olunsun. Ölkə hüdudundan kənarda yaşayan azərbaycanlılar da döyüşlərə qatılmaq üçün Vətənə qayıdırlar.
Təsadüfən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yanından keçəndə qapıya yığılmış könüllü gənclərimizi gördükdə bir anlıq ayaq saxladım. Valideynləri ilə sağollaşan, əllərindən öpərək "Başınızı dik tutun. Çünki qalib ordunun əsgərləri kimi qayıdacağıq" deyən Vətən övladlarını qürurla alqışladım.
Bəli, həmin övladlar təkcə valideynlərini yox, bütöv Azərbaycan xalqını Böyük Qələbə ilə sevindirdilər. Xalqımıza bəxş etdikləri bu sevinci  zaman-zaman bizlər də ezamiyyətdə olarkən onlarla bölüşdük. Hər biri ilə söhbətləşərkən gözlərindəki qüruru sezməmək mümkün deyildi.
Yenə də əsgərlərimizlə görüşə gəlmişik. Hərbi hissənin ərazisində asudə vaxtlarını səmərəli keçirən şəxsi heyətə yaxınlaşdıq. Müsahibim Quba rayonundan olan əsgər Tariyel Tahirovdur. O, əyninə geydiyi əsgəri formanın qürurverici hiss olduğunu bildirdi:
- Artıq bir ildən çoxdur ki, hərbi xidmətdəyəm. Əsgər yoldaşlarım kimi mən də xoşbəxtəm ki, Vətənin müdafiəsindəyəm. Gəldiyim gündən komandirlərimizin bizə öyrətdiklərini mənimsəyir, intizamlı əsgər olmağa çalışmışam. Çünki döyüşlər zamanı intizamlı və bacarıqlı Azərbaycan Ordusunun qalib gəldiyinin şahidi olduq. Həmin vaxtı mən könüllü olaraq müraciət etsəm də, iştirak etmək qismət olmadı. Amma nəticədə ordumuz düşmən üzərində Qələbə qazandı. Biz də evimizin eyvanından üçrəngli bayrağımızı qürurla dalğalandırır, Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" kəlamını uca səslə deyirdik. Sanki səsimizi təkcə ətrafdan keçənlərin deyil, bütün dünyanın duymasını istəyirdik.
Əsgər Tariyel Tahirov bundan sonra da xidmətində daha məsuliyyətli olacağını, düşmənin başını lazım gələrsə yenə də əzməyə hazır olacağını dedi.
Təkcə əsgər Tariyel Tahirov yox, bütün Azərbaycan əsgəri bundan sonra düşmənə baş qaldırmağa, hər hansı təxribat törətməyə aman verməyəcək. Çünki onlar üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər ki, bütövləşən Azərbaycan daha da çiçəklənsin.  

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"