Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2022 13:00

Uğur fədakarlıq və peşəkarlıq olan yerdə qazanılır

Vətən müharibəsi başa çatdıqdan sonra ordumuzun igid, vətənpərvər oğulları sayəsində işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Yollar çəkilir, körpülər salınır, yeni yaşayış məntəqələri, məktəblər, xəstəxanalar tikilir, həmçinin digər zəruri işlər görülür. Ata-baba yurdlarından illərdi ayrı düşən məcburi köçkünlərimizin qayıdışı başladı. İlk mərhələdə Zəngilan rayonunun Ağalı kəndinin sakinləri öz evlərinə qayıtdılar. Məlumdur ki, bütün məcburi köçkünlərin geri qayıtması üçün ilk növbədə erməni işğalçılarından azad olunmuş ərazilər minalardan və partlamamış silah-sursatlardan təmizlənməlidir. Bu istiqamətdə dövlətimiz çoxlu işlər aparır - Ermənistan rəhbərliyindən minalanmış ərazilərin xəritələrinin bir qisminin bizə verilməsi, qardaş Türkiyə Respublikasından ən müasir minatəmizləyən qurğuların ölkəmizə gətirilməsi və s.
ANAMA Minatəmizləmə Agentliyinin əməkdaşları ilə yanaşı, Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının şəxsi heyəti də minaların təmizlənməsi istiqamətində çox mühüm işlər görür. Zabit və əsgərlərimiz bu çətin və şərəfli vəzifənin öhdəsindən bacarıqla gəlir, xidməti vəzifələrinə məsuliyyət və diqqətlə yanaşırlar. Tələb olunan təhlükəsizlik qaydalarına ciddi əməl edərək ərazilərimizi minalardan və partlamamış döyüş sursatlarından təmizləyirlər. Bu günlərdə Ağdam rayonunun ərazilərini minalardan təmizləyən istehkamçıların yanında olduq, onların həm təlim-məşqlərini izlədik, həm də dərslərdə öyrəndikləri bacarıqlarının praktikada canlı şahidi olduq.
İşğaldan azad olunandan sonra Ağdam rayonuna üçüncü gəlişim idi. İlk dəfə bu gözəl bölgəyə gəlişim 2021-ci ilin martına təsadüf etmişdi. Həmin çağlarda rayonda quruculuq işləri yenicə başlayırdı. Çəkilməsi nəzərdə tutulan yolların ərazisini minalardan təmizləyirdilər. İkinci səfərim isə bu ilin mayına təsadüf etdi. Aradan iki ay keçməsinə baxmayaraq, xeyli quruculuq işləri aparılmışdı. Avtomobil yollarıyla bərabər qatar yolu da şəhərin mərkəzinə doğru xeyli "irəliləmişdi". Üçüncü səfərimdə isə yol boyu gördüyüm mənzərədən ürəyim xeyli açıldı. Torpaq yollara asfalt döşənmiş, geniş yol bu istiqamətlərdə istər hərbi, istərsə də mülki maşınların yolda rahat hərəkətinə şərait yaratmışdır. Dəmir yol xətti də xeyli qabağa çəkilmiş, hazırda isə bu istiqamətdə işlər davam etdirilirdi.
Yeni çəkilmiş rahat yolla Ağdam rayonunun mərkəzinə doğru irəlilədikdən sonra sağ tərəfə - işğaldan azad edilmiş, hazırda istehkamçıların ərazilərini təmizlədiyi Kosalar və Cəvahirli kəndlərinə tərəf döndük. Uzun illər erməni qəsbkarlarının işğalında qalmış başqa yaşayış məntəqələri kimi, bu kəndlər də dağıdılmışdı, demək olar ki, daş-daş üstə qalmamışdı. Çox üzücü və ürəkdağlayan mənzərələr idi. Amma artıq işğaldan azad olunmuş ərazilərdəki böyük quruculuq işlərinin dalğası bu kəndlərdə də hiss olunur. Kəndlərin ərazisi minalardan və partlamamış döyüş sursatlarından təmizlənir, yollarda tikinti işləri aparılırdı. İnsan hənirtisi eşitdikcə yavaş-yavaş sanki kəndlərin üzü gülür, dağıdılmış daşların çöhrəsinə sevinc ələnir. Ətrafda gördüyümüz bu mənzərələri seyr edə-edə istehkamçıların mina təmizlədikləri əraziyə gəlib çatırıq. Şəxsi heyət öz işiylə məşğuldur. Yaxınlıqda bir neçə texnika dayanıb.
İlk olaraq bölmənin komandiri Şakir Zeynalovla görüşüb söhbət etdik. Zabit dedi ki, şəxsi heyət üzərinə düşən tapşırıqları böyük məsuliyyətlə və peşəkarlıqla yerinə yetirir. Ərazilər mərhələ-mərhələ təmizlənir. Aşkar olunan partlamamış döyüş sursatları və minalar yerində işarələnir, müvafiq partlayış üsulu ilə məhv edilir. Ötən altı ay ərzində 800 hektar ərazi - əkin sahələri minalardan təmizlənib. Günlər arxada qaldıqca biz daha da irəli gedirik. Erməni qəsbkarlarının illər öncə bu ərazilərdə basdırdıqları minaları biz istehkamçılar vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün aşkarlayıb zərərsizləşdiririk. Apardığımız təmizləmə işləri ilə bərabər, həm də şəxsi heyətin peşəkarlığını artırmaq məqsədi ilə müntəzəm olaraq çöl məşğələləri keçiririk. Hərbi qulluqçularımız təcrübə və peşəkarlıqlarını nəzəri və praktiki məşğələlər zamanı daha da zənginləşdirirlər. Dərslərin səmərəliliyinin artırılması məqsədilə komandanlıq həm tədris otaqlarında, həm də səhra şəraitində imkanlar yaradıb. Şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Amma buna baxmayaraq bu gün yenə də çöl məşğələsindəyik.
Zabitlə söhbətimiz yekunlaşdıqdan sonra əsgərlər ərazidə öz yerlərini tutdular və məşğələ başlandı. Əvvəlcə kapitan Şakir Zeynalov şəxsi heyətə təhlükəsizlik qaydaları haqqında geniş məlumat verdikdən sonra dərsin mövzusunu və məqsədini izah etdi. Məşğələni leytenant Natiq Həmidov davam etdirirdi. Əsgərlər mövzunu diqqətlə dinləyir, yeni bilikləri həvəslə mənimsəyirdilər. Məşğələnin nəzəri hissəsi başa çatdıqdan sonra gizir Dilsuz Nağıyevin əmri ilə əsgərlər xüsusi formalarını geyindilər. Tələb olunan vaxt çərçivəsində minaaxtaran cihazını işə saldıqdan sonra şəxsi heyət onlar üçün ayrılmış sahədə partlamamış döyüş sursatları və minaları axtarmağa başladılar. Zabitlər əsgərlərin hərəkərlərini daim diqqətdə saxlayır, zəruri məsləhət və tövsiyələr verirdilər. Çöl məşğələsi keçən istehkamçıların hərəkətlərini yaxından izlədikcə bir daha şahidi olduq ki, ərazilərin minalardan təmizlənməsi zamanı bu ixtisas sahiblərinin üzərinə məsuliyyətli vəzifələr düşür. Onlar növbəli şəkildə ərazidə axtarış işləri aparır, beləcə, çöl məşğələsi öz axarı ilə davam edirdi.
Məşğələdə fasilə elan olunanda leytenant Natiq Həmidovla da söhbət etmək fürsəti tapdıq. Gənc zabit dedi ki, əsgərlərimizin hazırlığı yüksək səviyyədədir. Onlar üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Təlim-məşq prosesində fəal iştirak edir, zəruri vərdişləri dərindən mənimsəyirlər. Buna görə də işğaldan azad olunmuş ərazilərin partlamamış döyüş sursatlarından və minalardan təmizlənməsi işlərində heç bir qüsura yol vermədən işlərini görürlər.
- Rəşadətli ordumuz Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümayiş etdirdi. Onlar torpaqlarımızı erməni işğalçılarından azad edərək bizlərə Böyük Qələbə sevincini yaşatdılar. Həmin döyüşlər zamanı iştirak edə bilməsək də, bu gün üzərimizə düşən erməni qəsbkarlarının ərazilərə basdırdıqları minaları  təmizləmək, bərəkətli torpaqlara həyat vermək kimi məsuliyyətli vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq, - deyə əsgər Kənan Məmmədli söhbətimizə qoşuldu. - Yaxşı bilirik ki, ərazilər minalardan təmizləndikdən sonra illərcə məcburi köçkün kimi digər şəhər və rayonlarımızda yaşayan soydaşlarımızın doğma ocaqlarına qayıdışı mümkün olacaq. Bunun üçün daim prosesi daha da sürətləndirməyə çalışırıq.
Məşğələdə fəal iştirak edən əsgərlərdən Daşqın Kərimov, Aşırlı Məmmədli, Əmrah Şabıyev, Yamil Rəşidli, Dağıstan Həkimov, Sahil Həsənov, Elcan Osmanov, Teyyub Təhməzov və başqaları ilə də söhbət etdik. Əmin olduq ki, təlimlərdə mənimsədikləri bilik və vərdişlər sayəsində qarşılarında dayanan vəzifələrin öhdəsindən bacarıqla gələcəklər.
Fasilə bitdikdən sonra şəxsi heyət yenə öz işinə davam etməyə başladı. Beləcə, addım-addım torpaqlarımız təmizlənir, bacarıqlı istehamçılar işğaldan azad olunmuş ərazilərə ikinci həyat verirlər. Əmin olduq ki, zabit və əsgərlərimizin peşəkarlığı, fədakarlığı və bacarığı sayəsində erməni işğalçılarından azad olunmuş ərazilərimiz yaxın zamanlarda partlamamış döyüş sursatlarından və minalardan tam təmizlənəcək.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"